Bu gün atılan bütün addımlar Cənubi Qafqazda qalıcı sülhün və tam nəqliyyat inteqrasiyasının təmin edilməsinə hesablanıb"
44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqların ən mühüm elementlərindən biri Zəngəzur dəhlizi layihəsidir. Son illərdə müxtəlif siyasi maneələrə və beynəlxalq təzyiqlərə baxmayaraq, bu layihə regional nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində strateji təşəbbüs kimi gündəmdə qalmaqdadır. Azərbaycan Zəngəzur dəhlizini regional əməkdaşlıq və iqtisadi inteqrasiya layihəsi kimi təqdim etsə də, bəzi xarici güclər prosesə fərqli prizmadan yanaşırlar. Xüsusilə Rusiya və İranın məsələyə münasibəti, onların regiondakı maraqları və təsir imkanları dəhlizin reallaşması ətrafında müzakirələri daha da aktuallaşdırır. Bu şəraitdə əsas sual ondan ibarətdir ki, Zəngəzur dəhlizi artıq geridönməz xarakter alıbmı və layihənin tam reallaşmasına mane ola biləcək amillər nə dərəcədə effektivdir?
Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Sadiq Qurbanovdur:
- Son prosesləri nəzərə alsaq, Zəngəzur dəhlizinin açılmasının artıq geridönməz xarakter aldığını söyləmək olarmı?
- Bəli, bu prosesin geridönməz xarakter aldığını qətiyyətlə demək olar. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda tamamilə yeni reallıqlar yaradıb və Zəngəzur dəhlizi bu reallığın ən mühüm elementlərindən biridir. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Ermənistan bunu istəsə də, istəməsə də, Zəngəzur dəhlizi mütləq açılacaq. Çünki bu, sadəcə Azərbaycanın istəyi deyil, qlobal miqyasda nəqliyyat-logistika xəritəsinin dəyişməsi və şaxələndirməyə olan ehtiyacla bağlıdır. Azərbaycan öz ərazisində bu dəhlizə inteqrasiya olunacaq dəmir yolu və avtomobil yolu infrastrukturunu demək olar ki, tamamlayıb. Siyasi maneələr prosesi yalnız bir qədər gecikdirə bilər, onun qarşısını almaq qeyri-mümkündür.
- Zəngəzur dəhlizinin reallaşması Azərbaycan, Ermənistan və bütövlükdə region üçün hansı siyasi və iqtisadi üstünlüklər vəd edir?
- Bu layihə bütövlükdə regionun mənzərəsini dəyişəcək bir iqtisadi və siyasi inteqrasiya modelidir. Buna üç istiqamətdə baxmaq olar. Azərbaycan üçün - Naxçıvanla birbaşa və maneəsiz quru əlaqəsi təmin olunur, ölkəmizin beynəlxalq logistik qovşaq statusu möhkəmlənir.
Ermənistan üçün - İrəvan rəhbərliyi bunu düzgün dəyərləndirsə, ölkə uzun illərdir davam edən iqtisadi blokadadan xilas ola bilər. Ermənistan həm Rusiya, həm də İranla dəmir yolu əlaqəsi qazanmaq imkanı əldə edir.
Region üçün - Cənubi Qafqazda sülh və sabitlik platforması yaranır, regional ticarət dövriyyəsi kəskin şəkildə artır. Deməli, hər dövlətin iqtisadi və siyasi marağı təmin olunur.
- Rusiya Zəngəzur dəhlizi məsələsində hansı maraqlardan çıxış edir? Moskvanın layihənin icrasına təsir etmək imkanları nə dərəcədədir?
- Rusiya 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın (xüsusilə 9-cu bəndin) imzalanmasında tərəf kimi iştirak edib və həmin sənədə əsasən regional kommunikasiyaların, o cümlədən bu xəttin təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları nəzarət etməli idi. Moskva bu layihə vasitəsilə Cənubi Qafqazdakı logistik üstünlüyünü qorumağa və Şimal–Cənub, Şərq–Qərb marşrutlarının kəsişməsində öz iştirakını təmin etməyə çalışırdı.
Zəngəzur dəhlizi Rusiya üçün də yeni imkanlar təqdim edir. Moskva, düşünürəm, yeni reallıqları nəzərə almaya bilməz. Hazırda Zəngəzur dəhlizi ilə əlaqədar proseslər 6 il əvvəlkindən fərqli geosiyasi koordinatlarda aparılır və bu artıq regional konfiqurasiyanın ayrılmaz elementidir. Ölkəmiz də digər dövlətlər kimi Moskvanın nəqliyyat-logistika ehtiyaclarına anlayışla yanaşır və Zəngəzur dəhlizi ilə bağlı əməkdaşlıq bütün tərəflərə yalnız fayda verə bilər. Azərbaycan Rusiya ilə münasibətlərdə hər zaman konstruktiv olub və Moskvanın regiondakı real çəkisini nəzərə alır, lakin son qərarlar həm də Ermənistanın öz öhdəliklərinə sadiqliyindən asılıdır.
- İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlarının əsas səbəbləri nədən ibarətdir? Tehran bu prosesə real şəkildə mane ola bilərmi?
- İranın narahatlığı əsasən regiondakı geosiyasi konfiqurasiyanın dəyişməsi və Ermənistanla olan qısa sərhədinin (“qırmızı xətt” kimi qəbul etdikləri xəttin) kəsilməsidir. Lakin Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, bu layihə heç bir ölkənin sərhədlərini dəyişmir və heç bir ölkəyə qarşı yönəlməyib. Əksinə, rəsmi Bakı gərginliyi azaltmaq üçün alternativ variant kimi İran ərazisindən keçən və Araz çayı üzərindən Naxçıvana uzanan (“Araz dəhlizi”) marşrutu da işə salıb.
Bu addım sübut etdi ki, ölkəmiz region dövlətlərinin maraqlarını nəzərə alır və onları tarazlaşdırır. Əgər kimsə Zəngəzurdan keçən yolu süni şəkildə bloklamaq istəsə, Azərbaycan öz maraqlarını təmin etmək üçün alternativlərə sahibdir və hazırkı şəraitdə Tehranın bu prosesə tam mane olmaq imkanları məhduddur.
- Son illərdə bölgədə dəyişən geosiyasi vəziyyət Rusiya və İranın regional təsir imkanlarına necə təsir edib?
- 2020-ci il müharibəsindən və xüsusilə 2023-cü ilin antiterror tədbirlərindən sonra regionun əsas güc mərkəzi və gündəliyi müəyyən edən tərəfi Azərbaycan olub. Rusiya Ukrayna müharibəsi fonunda regiona diqqətini müəyyən dərəcədə diversifikasiya etmək məcburiyyətində qalıb, Ermənistanın indiki hakimiyyəti isə Qərbə meyillənməklə Rusiyanın regiondakı varlığını zəiflətməyə çalışır. İran isə regionda yaranan yeni türk birliyi coğrafiyasından və Qərbin bölgəyə möhkəmlənmək cəhdlərindən ehtiyat edir. Ölkə başçımızın da qeyd etdiyi kimi, artıq kənar qüvvələrin bu regionda öz diktələrini yürütmək dövrü geridə qalıb. Bu gün regionun taleyini region ölkələri həll edir.
- Ermənistanın dəhliz məsələsinə yanaşmasında hansı dəyişikliklər müşahidə olunur? Rəsmi İrəvanın mövqeyi layihənin gələcəyinə necə təsir göstərə bilər?
- Ermənistanın mövqeyi uzun müddət qeyri-stabil və ziddiyyətli olub. Onlar “dəhliz” sözünün suverenliklərinə təhlükə yaratdığını bəhanə edərək prosesi ləngidirdilər, hətta buna alternativ olaraq “Sülh kəsişməsi” kimi utopik layihələr irəli sürürdülər. Lakin Azərbaycanın qətiyyətli mövqeyi və İran marşrutunu aktivləşdirməsi İrəvanı reallıqla barışmağa məcbur edir. Azərbaycan Ermənistanın daxili qanunvericiliyinə və suverenliyinə hörmətlə yanaşdığını, lakin keçidin asanlaşdırılmış və maneəsiz, gömrük və rüsum asılılığı olmadan açılmasını əsas tələb kimi qarşıya qoyub.
Hazırda proseslər bu çərçivədə gedir və əsas tərəfdaşlar da bu yanaşmanı nəzərə alır. Ermənistan dərk etməlidir ki, bu layihədən imtina etmək bütöv bir regionun deyil, məhz Ermənistanın özünün gələcəyini bloklamaq deməkdir.
- Zəngəzur dəhlizinin açılması Türk dünyasının inteqrasiyası və Orta Dəhlizin inkişafı baxımından hansı strateji əhəmiyyət daşıyır?
- Bu, layihənin ən strateji və tarixi tərəfidir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Zəngəzur dəhlizi təkcə iqtisadi yox, həm də böyük coğrafi və tarixi əhəmiyyətə malikdir. Bu dəhliz vaxtilə Türk dünyasını parçalamaq üçün Ermənistana verilmiş Zəngəzur mahalından keçərək indi Türk dünyasını yenidən coğrafi cəhətdən birləşdirəcək.
Şərqi Zəngəzuru Qərbi Zəngəzurla və oradan Türkiyə, eləcə də Mərkəzi Asiya ilə birləşdirən bu xətt qlobal “Orta Dəhliz”in ən qısa, təhlükəsiz və səmərəli hissəsinə çevriləcək. Çindən Avropaya qədər uzanan yüklərin daşınmasında Azərbaycanın əvəzedilməz rolu bir daha təsdiqlənəcək.
- Sizcə, yaxın perspektivdə Zəngəzur dəhlizinin reallaşması istiqamətində hansı konkret addımların atılması gözlənilir və proses hansı mərhələyə keçə bilər?
- Yaxın perspektivdə Azərbaycan tərəfi öz ərazisindəki tikinti-bərpa işlərini tamamilə yekunlaşdıracaq. Horadiz-Ağbənd dəmir və avtomobil yollarını nəzərdə tuturam. Növbəti mərhələ sülh müqaviləsi və ya sərhədlərin delimitasiyası prosesi çərçivəsində Ermənistanın öz üzərinə düşən 43 kilometrlik Zəngəzur sahəsində tikintiyə başlaması olmalıdır.
Hər bir halda, Azərbaycan öz hədəfinə nail olacaq. Bu gün atılan bütün addımlar Cənubi Qafqazda qalıcı sülhün və tam nəqliyyat inteqrasiyasının təmin edilməsinə hesablanıb. Dünyanın buna ehtiyacı var.