İyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu tarix yalnız Milli Ordunun yaradılmasının ildönümü deyil, həm də ölkənin hərbi gücünün, müdafiə potensialının və təhlükəsizlik strategiyasının inkişaf yoluna nəzər salmaq üçün mühüm fürsətdir. Son illər regionda baş verən geosiyasi dəyişikliklər, yeni təhlükəsizlik çağırışları və hərbi-siyasi reallıqlar fonunda Azərbaycan Ordusunun modernləşdirilməsi və döyüş qabiliyyətinin artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır.
Müstəqilliyin ilk illərində mürəkkəb sınaqlarla üzləşən Azərbaycan Silahlı Qüvvələri Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə peşəkar ordu quruculuğu mərhələsinə qədəm qoydu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl islahatlar nəticəsində isə Ordunun maddi-texniki bazası gücləndirildi, müasir silah və texnologiyalarla təchizatı təmin olundu, şəxsi heyətin peşəkarlığı və döyüş hazırlığı əhəmiyyətli dərəcədə yüksəldi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, eləcə də 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycan Ordusunun müasir döyüş imkanlarını, peşəkarlığını və yüksək hazırlıq səviyyəsini bütün dünyaya nümayiş etdirdi. Bu uğurlar uzun illər davam edən məqsədyönlü ordu quruculuğu siyasətinin real nəticəsi kimi dəyərləndirilir.
Azərbaycan Silahlı Qüvvələri təkcə ölkənin ərazi bütövlüyünün və suverenliyinin etibarlı təminatçısı deyil, həm də regionun hərbi güc balansına təsir göstərən əsas faktorlardan biridir.
Bəs Ordumuzun bugünkü gücünü formalaşdıran əsas amillər hansılardır? Müasir silah və texnologiyaların, peşəkar hərbi kadrların və döyüş təcrübəsinin bu prosesdə rolu nədən ibarətdir?
“Bu gün də ordumuzun müasir tələblərə cavab verməsi üçün dövlət tərəfindən çox ciddi və ardıcıl siyasət həyata keçirilir”
Milli Məclisin deputatı Aydın Mirzəzadə ilk növbədə, müasir ordumuzun Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra real şəkildə qurulmağa başladığını önə çəkib.

Deputat müstəqilliyimizin ilk illərinə dönüş edərək, xatırladıb ki, 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etsək də və dövlət qurumlarının formalaşdırılmasına başlanılsa da, faktiki olaraq 1991-1993-cü illər arasında bu istiqamətdə çox zəif iş aparılıb.
Onun sözlərinə görə, məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra nizami ordunun əsasının qoyulmasına imkan verildi:
“Sonradan bu xətt Prezident İlham Əliyev tərəfindən davam etdirildi. Onun 2005-ci ildə səsləndirdiyi “Vaxt gələcək, qısa bir zamandan sonra Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabər olacaq” bəyanatı reallığa çevrildi”.
O, qeyd edib ki, həm Ulu Öndərin, həm də cənab Prezidentin apardığı siyasət dünyanın ən güclü ordularından birinin qurulmasına, onun ən müasir silahlarla təchiz edilməsinə və şəxsi heyətin peşə hazırlığının yüksək səviyyəyə çatdırılmasına imkan verdi:
“Bu gün də ordumuzun müasir tələblərə cavab verməsi üçün dövlət tərəfindən çox ciddi və ardıcıl siyasət həyata keçirilir. Ordu dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması üçün mühüm əhəmiyyət daşıyır. Hər bir gəncin Silahlı Qüvvələrdə qulluq etməsi, döyüş vəzifələrinə yiyələnməsi həm konstitusion, həm də həyati bir tələbdir. Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik istiqamətində tərbiyəsi sahəsində güclü iş aparılır. Bunun nəticəsidir ki, ölkəmizdə fərarilik halları demək olar ki, yoxdur. Hər bir gənc orduda xidmət etməyi özü üçün böyük şərəf hesab edir. Hərbçi peşəsi yüksək nüfuza malikdir və hərbi təhsil müəssisələrinə qəbul olunmaq istəyənlərin sayı durmadan artır.
Ordu, cəmiyyət və xalq birliyi möhkəmdir. Ordumuzun yeni silahlarla təchizatı, maddi-texniki təminatı və hərbi qulluqçuların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması üçün nə tələb olunursa, dövlət tərəfindən müvafiq büdcə vəsaiti ayrılır. Silahlar daim yenilənir. Azərbaycan Ordusu üçün ən müasir silahlar alınır, peşə hazırlığının və texniki hazırlığın artırılması istiqamətində müvafiq işlər görülür və bundan sonra da görüləcəkdir”.
“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ordusunun regiondakı mövqeyi və çəkisi əhəmiyyətli dərəcədə artıb”
Politoloq Rəşad Bayramov qeyd edir ki, Azərbaycan Ordusunun son illərdə keçdiyi inkişaf yolunu ölkəmizin təhlükəsizlik strategiyasının əsas istiqamətlərindən biri kimi qiymətləndirmək daha düzgün olar.

Onun sözlərinə görə, müstəqillik dövründə ordu quruculuğu prosesi mərhələli şəkildə həyata keçirilib və xüsusilə son onillikdə Silahlı Qüvvələrin texniki imkanları, döyüş hazırlığı, idarəetmə sistemi və peşəkarlıq səviyyəsində ciddi dəyişikliklər müşahidə olunub. Azərbaycan Ordusunun inkişafı yalnız silah və texnika ilə deyil, eyni zamanda müasir döyüş konsepsiyalarının mənimsənilməsi, hərbi kadrların hazırlanması və yeni əməliyyat yanaşmalarının tətbiqi ilə xarakterizə olunur. 44 günlük Vətən müharibəsi də faktiki olaraq bu inkişafın real sınağı oldu və ordunun hazırlıq səviyyəsini nümayiş etdirdi.
R.Bayramov qeyd edir ki, Ordunun güclənməsində bir neçə əsas amil xüsusi rol oynayıb:
“İlk növbədə, uzunmüddətli və məqsədyönlü hərbi modernləşmə siyasəti, müdafiə büdcəsinin imkanları və müasir texnologiyalara çıxış mühüm əhəmiyyət daşıyır. Digər vacib faktor isə şəxsi heyətin hazırlığıdır. Məlumdur ki, müasir müharibələr artıq təkcə canlı qüvvənin sayına deyil, texnologiya, kəşfiyyat, dəqiq zərbə imkanları, çevik idarəetmə və peşəkar heyətə əsaslanır. Azərbaycan Ordusu da bu istiqamətlər üzrə inkişaf edərək yeni nəsil hərbi yanaşmalara uyğunlaşmağa nail olub.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin regiondakı mövqeyi və çəkisi əhəmiyyətli dərəcədə artıb. Müharibə göstərdi ki, müasir hərbi imkanlar, düzgün planlaşdırma və əməliyyat çevikliyi nəticəyə birbaşa təsir edən amillərdir. Bu baxımdan Azərbaycanın əldə etdiyi hərbi nəticə Cənubi Qafqazda təhlükəsizlik balansına təsir edən əsas hadisələrdən biri kimi qiymətləndirilə bilər. Bununla yanaşı, postmüharibə dövründə ordunun qarşısında duran əsas vəzifələrdən biri əldə olunan təcrübəni qorumaq, yeni çağırışlara uyğunlaşmaq və müdafiə imkanlarını davamlı şəkildə inkişaf etdirməkdir.
Müasir geosiyasi şəraitdə güclü ordu dövlətin yalnız hərbi təhlükəsizliyinin deyil, həm də xarici siyasət imkanlarının mühüm elementidir. Güclü müdafiə qabiliyyəti ölkəyə regional proseslərdə daha inamlı mövqe tutmağa, milli maraqlarını qorumağa və mümkün təhdidlər qarşısında daha dayanıqlı olmağa imkan verir. Bu baxımdan ordu həm də siyasi çəkini artıran amillərdən biridir. Belə ki, dövlətlərin beynəlxalq münasibətlərdə mövqeyi yalnız diplomatik imkanlarla deyil, eyni zamanda təhlükəsizlik potensialı ilə də müəyyən olunur”.
R.Bayramov ordumuzun inkişafında mühüm istiqamətlərdən biri kimi Azərbaycanın Türkiyə hərbi əməkdaşlığını önə çəkib. Bildirib ki, iki ölkə arasında keçirilən birgə təlimlər, təcrübə mübadiləsi və hərbi hazırlıq proqramları Azərbaycan hərbçilərinin peşəkarlığının artırılmasına çox böyük təkan verib.
“Azərbaycan Ordusu imtahandan ən yüksək səviyyədə keçərək işğal altında olan ərazilərini azad etməyi bacardı”
Hərbi ekspert Ramil Məmmədli vurğulayır ki, ordu, silahlı qüvvələrin döyüş hazırlığı və peşəkarlığı barədə danışarkən onun keçdiyi yol və verdiyi imtahanlar əsas götürülür.

Onun fikrincə, Azərbaycan Ordusunun 1991–1992-ci illərdən bu günə qədər keçdiyi mərhələli yola və həmçinin Silahlı Qüvvələrimizin 2020-ci ildə Vətən müharibəsində verdiyi “imtahanı” gözdən keçirərkən, ordunun bugünkü durumu müsbət qiymətləndirilməlidir:
“Azərbaycan Ordusu imtahandan ən yüksək səviyyədə keçərək işğal altında olan ərazilərini azad etməyi bacardı. Bu, Azərbaycan Ordusunun hazırlığından, onun peşəkarlığından və döyüş bacarığından irəli gəlir. Mən bunu hər zaman qeyd edirəm. Silah və texnika bir çox ordularda var və müharibələrdə silah-texnika üstünlük qazanmaq üçün əsas amillərdən, meyarlardan biri deyil. Döyüşçü hərbçinin, hərbi mütəxəssisin bilik və bacarığı, onun texnikanı müharibədə istifadə etmək qabiliyyəti burada əsas məqamlardan biridir”.
R.Məmmədli ordumuzun arsenalına daxil edilən müasir silah və texnologiyaların hərbi üstünlüyümüzə hansı imkanlar qazandırması məsələsinə diqqət çəkib və qeyd edib ki, ordunun üstünlük əldə etməsində bu amil inkar oluna bilməz:
“Əlbəttə ki, müharibələrdə müasir texnikaların və texnologiyaların istifadəsi uğur qazanmaqda əhəmiyyətli yerlərdən birini tutur. Burada artıq döyüşçünün, hərbçinin, hərbi mütəxəssisin bilik və bacarığı, peşəkarlığı müasir silah və texnologiyaya bərabərdir. Bu baxımdan Ordumuz müharibə dövründə və müharibədən sonrakı dövrdə müasir texnologiyaları, yəni dronların və pilotsuz uçuş aparatlarının inteqrasiyasını mənimsəməsi prosesini yüksək səviyyədə həyata keçirdi və müharibədən sonrakı dövrdə isə bunun yenilənməsi istiqamətində də mühüm addımlar atıldı. Azərbaycan Ordusunun arsenalında, həm müşahidə-kəşfiyyat, həm zərbə, yəni kamikadze, həmçinin silahlı pilotsuz uçuş aparatları var ki, bu da ordumuza mühüm üstünlüklər qazandırır. Digər amil isə təbii ki, raket artilleriya sistemləri ilə bağlıdır. Ordumuz həm vətən müharibəsindən əvvəl, həm də sonrakı dövrlərdə yeni raketlərin satın alınması və bunlardan istifadənin mənimsənilməsi istiqamətində də addımlar atıb. Silahlı Qüvvələrimizin arsenalında hədəflərə dəqiq zərbə endirmək imkanına malik raket və artilleriya sistemləri mövcuddur. Xüsusi təyinatlı qüvvələrin və komando birləşmələrinin inkişafına gəldikdə isə qeyd etmək lazımdır ki, Silahlı Qüvvələrimizin yenilənməsi istiqamətində atılan addımlar sırasında bu sahə də xüsusi yer tutur.
Məsələn, müharibədən əvvəl xüsusi təyinatlı qüvvələrin şəxsi heyətinin sayı ilə sonrakı dövrdəki şəxsi heyətin sayı arasında ciddi fərq var. Hazırda onların sayı artırılıb. Bundan əlavə, qoşunların tərkibində komando hərbi birləşmələri yaradılıb ki, bu da xüsusi əməliyyatların həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yəni həm xüsusi təyinatlı qüvvələr, həm də komando birləşmələri Ordumuzun yerüstü əməliyyatlarının həyata keçirilməsində mühüm rol oynayan hərbi strukturlardan biridir. Onların istifadəsində olan müasir silah və texnikalar da bu istiqamətdə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan yaradır.
Təbii ki, bütün bunlar Azərbaycan Ordusunun güclənməsinə, nəticə etibarilə isə Azərbaycan dövlətinin mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bu amillər ölkəmizin beynəlxalq danışıqlarda və diplomatik müstəvidə daha güclü mövqedən çıxış etməsinə şərait yaradır”.
R.Məmmədli bildirir ki, gələcəkdə Ordunun daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar da bu siyasətin davamı kimi qiymətləndirilməlidir:
“Məsələn, yerli müdafiə sənayesi kompleksinin inkişafı və stimullaşdırılması məqsədilə dövlət tərəfindən dəstək göstərilir, bu sahəyə vəsait ayrılır. Eyni zamanda, inkişaf etmiş ölkələrin ordularının istifadə etdiyi müasir silah və texnikaların satın alınması, onların mənimsənilməsi və tətbiqi istiqamətində işlər davam etdirilir. Görünən odur ki, Azərbaycan Ordusunun əsas prioritet istiqamətlərindən biri ölkənin hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi, raket sistemləri arsenalının genişləndirilməsi və daha müasir texnologiyalarla təchizatın gücləndirilməsidir.
Bununla yanaşı, peşəkar ordu modelinin inkişafı istiqamətində də müəyyən addımlar atılır. Əlbəttə ki, Azərbaycan tam şəkildə peşəkar ordu modelinə keçə bilməz, çünki regiondakı təhlükəsizlik şəraiti və geosiyasi reallıqlar bunu tam şəkildə mümkün etmir. Lakin peşəkar hərbi qulluqçuların sayının artırılması bu istiqamətdə vacib məsələlərdən biridir”.