ABŞ ilə İran arasında məlum razılaşma imzalandı. Atəşkəs yaransa da, hələlik bu, tam sülh də deyil. Danışıqlar gedir, razılaşdırılmalı olan məqamlar var. Xüsusilə də İranın nüvə proqramı məsələsi danışılır. Bundan əlavə və ən başlıcası isə, ABŞ prezidenti məsələ ilə bağlı hər yerdə amiranə danışır, sanki mütləq qalibdir. Ancaq bu da bir həqiqətdir ki, İsrail əhalisinin böyük hissəsi də daxil olmaqla, dünya ictimaiyyəti əslində İranın qalib tərəf olduğuna inanır. Ümumiyyətlə, danışıqların gedişi, əldə olunan razılaşmalar İran üçün məqbuldurmu?
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Hafta.az-a müsahibəsində bəzi məqamlara aydınlıq gətirməyə çalışdı:
- İlkin memoranduma əsasən, Amerika dəniz blokadasını aradan qaldırıb, İran da gəmilərin sərbəst yük daşımalarına icazə verib. Əlbəttə, ancaq yük gəmiləri, yanacaq daşıyan tankerlərin hərəkətinə icazə verilir. Yəni silah-sursat daşıyan gəmilər istisnadır. Bu iki ay ərzində İran gəmilərdən heç bir rüsum almayacaq. Amma danışıqlar gedir, iki ayın sonunadək yekun qərar verilməlidir. Amerikaya bildirilir ki, siz qarışmayın, məsələni Körfəz ölkələri özləri həll etsinlər.
Hörmüz boğazı İranla Oman arasında qalan su keçidi bölgəsidir və bura yeni status verilməlidir. Gəmilərin sərbəst hərəkətini, təhlükəsizliyini təmin etmək məsuliyyəti İranın üzərinə düşür və bu mənada rüsum alına bilər. Hər halda, İran bildirir ki, Hörmüz boğazında vəziyyət müharibədən əvvəlki kimi olmayacaq.
- İsrail narahatdır ki, İranın nüvə proqramı tam aradan qaldırılmayıb, amma bildiyimizə görə, Tehran MAQATE ilə sıx əməkdaşlıq edəcəyini bəyan edib. Bir məsələ də var ki, İran tərəfi bütün səviyyələrdə nüvə proqramının müzakirə mövzusu olmayacağını açıqlamışdı. Bu məsələyə siz necə münasibət bildirərdiniz?
- İranın nüvə proqramı məsələsi memorandumda nəzərdə tutulmayıb, bu, danışıqların mövzusudur. Nüvə proqramı, 300 milyard dollarlıq ziyan və sair kimi məsələlərlə bağlı bir neçə komitə təsis edilib və onlar müzakirə edirlər ki, bu iki ay ərzində hansı nəticəyə varacaqlar. MAQATE nümayəndələri ancaq tam razılıq əldə olunandan sonra İrana gələ biləcəklər. O da ki, əlbəttə Amerikanın istədiyi şəkildə yox, tam beynəlxalq hüquq və normalar əsasında. Saziş imzalanarkən bilinəcək ki, İran uranı neçə faiz zənginləşdirə bilər.
- Bu arada, danışıqlarda güzəştlər, ancaq İrandan tələb olunur, bəs İran da tələb etdimi ki, məsələn, İsrailin nüvə proqramı beynəlxalq səviyyədə təftiş olunsun?
- Atəşkəs razılaşması olsa da, vəziyyət gərgin olaraq qalır. Məsələn, elə dünən dedilər yenə hücum olub. Amerika sözünün üstündə möhkəm dayansa, İsraili də dayandıra bilər. Düzdür, İsrail hələ də Livanın cənubundan çıxmayıb, bütün hallarda hələlik nisbi sakitlikdir deyə bilərik. Əslində, İsrail ilk başdan çalışır ki, atəşkəs razılaşması pozulsun. İsrail heç memorandumun imzalanmasını da istəmirdi. Bunu bütün dünya bilir. Hətta Türkiyə tərəfi açıq bəyan etmişdi ki, İsrail razılaşmanın pozulmasına çalışır. Hesab edirəm ki, bu məsələlər kökündən həll olunanadək davam edəcək. İsrail Livana müdaxilə edir, Suriyada da istədiyini etməyə çalışır. İsrail-Fələstin məsələsi də olduğu kimi qalır. Yəni bütünlüklə Yaxın Şərq məsələləri dünya səviyyəsində konkret həll olunmasa, belə də qalacaq. BMT də heç nə edə bilmir, bizdə bir məsəl var – “Elə bil qız imamzadəsidir, nə öldürür, nə də şəfa verir”. Yəni bir çözüm yolu tapılmalıdır ki, münaqişələr həll olunsun. Bu da bir həqiqətdir ki, Netanyahu hakimiyyətdə qalmaq üçün müharibələrin dayandırılmasını istəmir. Çünki hazırda onun məhkəməsi gedir. Oktyabrda seçkilər keçirilməlidir İsraildə və xalq da onun siyasətindən narazı olduğu üçün ola bilər seçilməsin. Düzdür, yerinə başqası seçilsə də, İsrailin siyasətində elə ciddi dəyişiklik baş verməyəcək, amma hər halda, gözləyək.
İsrailin nüvə silahına gəldikdə, bu məsələ konkret olaraq memorandumda olmasa da, danışıqlarda qeyd edilməsi mümkündür. İsrail rəsmən etiraf etməsə də, dəfələrlə nüvə silahına sahib olduğuna işarə edib və bunu bütün dünya bilir. Hətta bəzi ölkələr, Amerikanın özündə bir sıra siyasi şəxslər bu məsələni ayrıca qeyd ediblər. İran İsrailin nüvə potensialı ilə bağlı təftiş tələb etməsə də, hər zaman bəyanatlarında bu məsələyə toxunub.
- Müharibə dövründə İranın hava hücumu etdiyi ərəb ölkələri ilə münasibətlərini necə görürsünüz yaxın aylar ərzində? Bir ara xəbər yayıldı ki, ABŞ İranın dondurulmuş pullarının bir hissəsini həmin ölkələrə təzminat olaraq verəcək...
- Amerika İranın dondurulmuş vəsaitini Körfəzsahili ərəb ölkələrinə təzminat şəklində verəcəyini dedi, amma söz olaraq qaldı. Hər halda bu haqda nə memorandumda yazılıb, nə də danışıqlar mövzusudur. Əksinə, qərara alınıb ki, İranın dondurulmuş 12 milyard dollar həcmində vəsaitin əvvəl 6 milyard dollarını, sonra da qalan hissəsi geri qaytarılsın. Amma söhbət var: Amerika şərtlər qoyur ki, bəzi mallar ondan alınmalıdır və ya bu pullardan nəzarətli formada istifadə edilsin və sair. İran əslində o pullarla xalq üçün zəruri olan məhsulları almaq istəyir. Xüsusilə də un, yağ, düyü və sair kimi ərzaq məhsullarının, eləcə də dərmanların alınmasına ehtiyac var. Onu da qeyd edim ki, İran bu məhsulları istədiyi ölkədən ala bilər.
- Danışıqların gedişatına, əldə olunan razılaşmalara nəzər saldıqda, prosesi İranın maraqları baxımından qənaətbəxş hesab etmək olar?
- Bilirsiniz, müharibə aparan ölkələr arasında bir razılaşma və ya memorandum imzalanarsa, xüsusilə də bir tərəfdə ABŞ varsa, nəticələr ürəyincə olmayacaq. Sadəcə imkanlar daxilində vəziyyətə baxılır və danışıqlar İranı qane etməsə belə, hər halda, proses Amerikanın istədiyi kimi getməyəcək. Yəni Amerikanın timsalında Tramp çox deyirdi ki, İranda rejim dəyişsin, uranın zənginləşdirilməsi sıfır olsun, İran sivilizasiyasını məhv edəcəm, nə bilim o olsun, bu olsun, amma dediklərinin heç biri baş vermədi. Ona görə də danışıqlar iki ay ərzində sülh sazişi ilə tamamlanmasa bəzi problemlərin yaranması mümkün ola bilər. Əslində Trampa inam yoxdur və İran da ona güvənmir. Danışıqlar getdiyi bir vaxtda dünən yenə bəzi narahatedici açıqlamalar vermişdi, hansı ki, diplomatik danışıqlar prosesinin getdiyi bir vaxtda belə şeylər yolverilməzdir. Bəzi şeylər var, məsələn, ABŞ-nin 250-ci ildönümüdür, dünya bazarında neftin halaşması, qarşıdan gələn seçkilər və sair Trampa təzyiqləri artırır, həm də, bəzi imkanları tükəndiyi üçün onları bərpa etməyə vaxt qazanmaq üçün danışıqlarla baş aldatmağa çalışması mümkündür. Əsas odur memorandum imzalanıb və buna əsasən artıq Hörmüz boğazı açılıb, gəmilər sərbəst hərəkət edir, İrana iki ay ərzində neftini sərbəst satmağa imkan verilib.
- İran bundan sonra qonşu ölkələrlə münasibətini necə qurmalıdır? Axı müharibə dövründə hansı qonşunun necə davrandığını gördü...
- İran hər zaman bəyan edib ki, qonşu dövlətlərlə dostluq və qardaşlıq münasibətlərinə malikdir. Amma həm də tələb edib ki, qonşular da başqa ölkələrlə əlaqələrini İranın əleyhinə qurmamalıdır. Məsələn, müharibə zamanı yaxşı münasibətimiz olan Oman icazə vermədi öz ərazisindən İrana hücum edilsin. Amma bəzi Körfəz ölkələri əksini etdi. Hər halda müharibə zamanı başa düşdülər ki, Amerika hərbi bazaları onların heç də təhlükəsizliyini təmin etmir. Ona görə də İranla əlaqələrini gücləndirmələri daha yaxşı olardı. İranın qonşuları ilə münasibətləri yaxşıdır. Məsələn, Pakistan müharibənin başa çatması vasitəçilik missiyasını öz üzərinə götürdü, Qətər də öz töhfəsini verdi, baxmayaraq ki, müharibə zamanı bu ölkə ilə də problemlər yaşanmışdı. Digər qonşulara gəldikdə, İraq, Azərbaycan, Türkiyə, Türkmənistan, hətta Xəzərin o başında yerləşən Rusiya ilə yaxşı münasibətlərimiz var. Əsas odur təhlükəsizlik yaransın, ölkələrin bir-birinə inamı, etibarı olsun. Amerika bazalarını regiona gətirmək lazım deyil. İndi İranın bir planı var ki, Körfəz ölkələri ilə birlikdə bölgədə hansısa formada bir iş görsünlər.
Amerika nəinki bölgəmizə, öz müttəfiqlərinə də xeyir gətirmir. Tramp gələndən sonra Amerikanın etibarını dünyada sarsıdıb. Noyabrda Konqresə keçiriləcək seçkilərində çox güman ki, Respublikaçılar uduzacaq və Prezident seçkilərini də qazanmayacaqları aydındır. Trampın adı Amerika tarixində qara səhifəyə düşüb, sorğulara əsasən reytinqi 27 faizə enib. Dünyanın heç bir ölkəsində onu istəmirlər. Təsəvvür edin, Tramp öz müttəfiqlərini bir kənara qoyaraq Ukraynanın torpaqlarını işğal edən Rusiyaya dəstək verirdi. İndi Çin də güclənir, yəni gələcəkdə çox gözlənilməz hadisələr baş verəcək. Ona görə də region ölkələri öz aralarında iqtisadi-siyasi-ticari əlaqələri gücləndirməlidirlər. Yalnız bu vəziyyətdə ölkələrimiz inkişaf edə və təhlükəsiz ola bilərlər.