Arxeoloqlardan maraqlı kəşf: Vikinq məskəni tapıldı

08:30 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Arxeoloqlar Danimarkanın Seften yaşayış məntəqəsində, Orhus şəhərindən 10 kilometr şimalda yerləşən və 100 min kvadratmetr sahəni əhatə edən böyük vikinq yaşayış məskəni aşkar ediblər.

Hafta.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Mösqard Muzeyinə istinadən məlumat yayıb.

Eramızın 600-950-ci illərinə aid edilən abidə ərazisində 80-dən çox yarımqazma daxma aşkar olunub. Bu tikililər həm yaşayış yeri, həm də emalatxana kimi istifadə edilib. Ərazidə kətanın emalı üçün xüsusi zona, ip əyirmək üçün istifadə olunan əyirici daşlar, əksağırlıqlı toxuculuq dəzgahları, gümüş sikkələr, şüşə muncuqlar və keramika nümunələri də tapılıb.

Mütəxəssislər yaşayış məskənində istehsal və sənətkarlıq fəaliyyəti üçün ayrıca sahələrin, eləcə də yalnız bir yaşayış evinin olduğunu müəyyən ediblər. Bu isə məskənin resurslara və istehsal prosesinə nəzarət edən nüfuzlu bir şəxs tərəfindən idarə olunduğunu ehtimal etməyə əsas verir.

Alimlərin fikrincə, tapıntı Seftendə istehsal olunan toxuculuq məhsullarının yalnız yerli bazarda deyil, daha geniş ticarət şəbəkələrində də dövriyyədə olduğunu göstərir.

Qeyd olunur ki, vikinqlər dövründə (793-1066-cı illər) həmin vaxt Aros adlanan Orhus şəhəri kral hakimiyyətinin və beynəlxalq ticarətin mühüm mərkəzlərindən biri olub.