Təxminən 2000 il əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində tamamilə kömürə çevrilmiş qədim perqament süni intellekt texnologiyası sayəsində deşifrə edilib və rəqəmsal şəkildə oxunub. Perqament Vezuvi vulkanının püskürməsindən sonra lava və kül altında qalmış Herkulanum şəhərində dəbdəbəli Roma malikanəsindən tapılıb.
Hafta.az xəbər verir ki, alimlər tamamilə qaralmış bükülünün daxili təbəqələrində gizli mürəkkəb və uzunluğu bir metrdən çox olan və 20 sütundan ibarət qədim mətn aşkar ediblər. Papiroloq Federika Nikolardi və Neapol Universitetinin Federiko II komandasının ilkin təhlilləri göstərir ki, mətn məzmun və üslub baxımından Stoik fəlsəfəsinə aid mühüm bir traktatdır.
Mütəxəssislər əsərin Stoik məktəbinin üçüncü lideri, məşhur yunan filosofu Xrisipp tərəfindən yazıldığını ehtimal edirlər. Mətndə onun qardaşıoğlu və tələbəsi Aristokreona istinadlar da bu ehtimalı dəstəkləyir.
Bu qlobal nailiyyət 2023-cü ildən başladılan “Vezuviu çağırışı” çərçivəsində əldə edilib. Kentukki Universitetinin kompüter alimi professor Brent Seals tərəfindən idarə olunan layihə süni intellekt alqoritmlərini rentgen görüntülərində papirus lifləri və mürəkkəb arasındakı kiçik tekstura fərqlərini ayırd etmək qabiliyyəti ilə təchiz edir.
Nikolardi bu kitabların kənardan ölü kimi göründüyünü, lakin süni intellekt sayəsində yenidən danışmağa başladığını söyləyib.
Layihənin memarı professor Seals bildirib ki, texniki çətinliklər əsasən aradan qaldırılıb və indi onlar mətnlərin dərin fəlsəfi mənalarını deşifrə etmək mərhələsinə keçiblər./“TRTHaber”/