Qədim meteorit "qızıl yağışı" gətirdi

10:26 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

100 milyon ildən əvvəl Avstraliya ərazisinə düşmüş qədim meteorit özü ilə "qızıl yağışı" gətirib.

Hafta.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Kosmik cismin toqquşma izləri diametri dörd kilometrdən çox olan və əvvəllər məlum olmayan kraterdə aşkar edilib. Bu ərazi Kalqurli şəhərindən 50 kilometr şimalda, qızıl yataqları ilə zəngin bölgədə yerləşir. Qızıl yataqları axtaran geoloq Rayza Kinteronun rəhbərlik etdiyi ekspertlər qrupu dairəvi zonada Yerin qravitasiya sahəsində anomaliyalar qeydə alıb.

Qazıntılar zamanı alimlər zərbənin süxurları əridəcək və kristalları deformasiyaya uğradacaq qədər güclü olduğunu sübut edən dəlillər tapıblar. Tədqiqatçıların sözlərinə görə, toqquşma nəticəsində havaya qızıl tərkibli qırıntılar atılıb. Yeni tapılan kraterə müvəqqəti olaraq "Ora-Banda" adı verilib.

Yer üzündə bu cür meteorit kraterlərinə çox nadir hallarda rast gəlinir. Bu kəşf nəzərə alınmaqla, Avstraliyada təsdiqlənmiş meteorit kraterlərinin ümumi sayı 34-ə çatıb. Onların yaşı bir neçə min ildən 2.2 milyard ilə qədər dəyişir.