Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələr ölkənin dayanıqlı inkişaf strategiyasının, uğurlu makroiqtisadi idarəetmənin və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin real nəticəsi kimi qiymətləndirilir. Qlobal iqtisadi çağırışların artdığı, beynəlxalq bazarlarda dəyişkənliyin davam etdiyi bir dövrdə Azərbaycanın əsas iqtisadi göstəricilər üzrə sabitliyini qoruması həyata keçirilən siyasətin effektivliyini nümayiş etdirir.
Hafta.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. A.Hüseynov qeyd edib ki, ölkənin iqtisadi inkişaf konsepsiyasının əsas məqsədi yalnız artım tempinin qorunması deyil, həm də uzunmüddətli sabitliyin, sosial rifahın və iqtisadi təhlükəsizliyin təmin edilməsidir.
Deputatın sözlərinə görə, Azərbaycanın iqtisadi modelinin əsas xüsusiyyətlərindən biri neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsi və bunun nəticəsində qeyri-neft sektorunun aparıcı mövqeyə yüksəlməsidir:
“Bu gün qeyri-neft sektorunun ümumi daxili məhsulda payının 70 faizdən çox olması Azərbaycanın iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Bu göstərici onu deməyə əsas verir ki, ölkədə formalaşdırılan iqtisadi sistem təkcə enerji resurslarına əsaslanmır, eyni zamanda istehsal, xidmət, logistika, kənd təsərrüfatı, sənaye və innovasiya potensialına söykənir. Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində yaradılan yeni sənaye məhəllələri, aqroparklar, nəqliyyat-kommunikasiya infrastrukturu və sahibkarlığın dəstəklənməsi mexanizmləri qeyri-neft iqtisadiyyatının genişlənməsinə ciddi təkan verib. Ölkənin iqtisadi dayanıqlığını təmin edən əsas göstəricilərdən biri də xarici dövlət borcunun aşağı səviyyədə saxlanılmasıdır”.
Deputat bildirib ki, xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etməsi Azərbaycanın maliyyə müstəqilliyinin və məsuliyyətli büdcə idarəçiliyinin göstəricisidir:
“Bir çox ölkələr artan borc yükü ilə üzləşdiyi halda, Azərbaycanda həyata keçirilən fiskal intizam və strateji maliyyə idarəetməsi nəticəsində dövlətin iqtisadi manevr imkanları qorunub saxlanılıb. Bu yanaşma həm investor etimadını artırır, həm də gələcək inkişaf layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradır”.
Deputat diqqətə çatdırıb ki, ölkəyə indiyədək 350 milyard dollara yaxın birbaşa investisiyanın cəlb olunması Azərbaycanın beynəlxalq iqtisadi sistemdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən mühüm amillərdən biridir. Onun sözlərinə görə, investisiyaların əhəmiyyətli hissəsi iqtisadiyyatın müxtəlif sahələrinin modernləşdirilməsinə, yeni istehsal güclərinin yaradılmasına, texnoloji yenilənməyə və rəqabət qabiliyyətinin artırılmasına xidmət edib.
Aydın Hüseynov bildirib ki, xarici sərmayələrin cəlbi ilə yanaşı, daxili investisiyaların təşviqi də iqtisadi inkişafın mühüm istiqamətlərindən biri kimi diqqətdə saxlanılır.
Deputat sosial göstəricilərin iqtisadi inkişafın əsas nəticələrindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 faiz olması ölkədə iqtisadi artımın sosial rifaha çevrilməsinin göstəricisidir:
“Yeni iş yerlərinin yaradılması, əmək bazarının genişləndirilməsi, sosial müdafiə proqramlarının gücləndirilməsi və sahibkarlıq fəaliyyətinin təşviqi nəticəsində əhalinin rifah göstəricilərində müsbət dinamika müşahidə olunur”.
Aydın Hüseynov hesab edir ki, əldə olunan nəticələr gələcək mərhələdə iqtisadiyyatın rəqəmsallaşdırılması, innovativ texnologiyaların tətbiqi, yaşıl enerji keçidi və ixrac potensialının artırılması istiqamətində yeni imkanlar yaradacaq.
Deputat əlavə edib ki, iqtisadi siyasətin əsas prioritetləri sırasında özəl sektorun gücləndirilməsi, rəqabət mühitinin inkişafı, insan kapitalına investisiyaların artırılması və regionların balanslı inkişafının təmin edilməsi xüsusi yer tutur. Onun fikrincə, bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın gələcək illərdə də regionun iqtisadi cəhətdən ən dayanıqlı və rəqabətqabiliyyətli ölkələrindən biri kimi mövqeyini daha da gücləndirəcək./azertag/