“Bu gün Azərbaycanla Çin arasında münasibətləri qarşılıqlı hörmət, etimad və praqmatizmə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın nümunəsi kimi xarakterizə etmək olar”.
Hafta.az yazır ki, bu barədə SİNXUA-ya müsahibəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İdxal və İxrac Nəzarəti şöbəsinin müdiri Əkbər Əliyev bildirib.
Onun sözlərinə görə, Çin Azərbaycanın Asiyadakı ən vacib iqtisadi tərəfdaşlarından biridir, Çin üçün isə Azərbaycan Cənubi Qafqazda etibarlı tərəfdaş və Şərqlə Qərb arasında nəqliyyat marşrutlarında əsas əlaqədir.
"Bir kəmər, bir yol" Təşəbbüsündə iştirak Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Coğrafi mövqeyinə görə, Azərbaycan Orta Dəhlizdə mühüm nəqliyyat və logistika mərkəzi kimi xidmət edir və Çini Xəzər regionu vasitəsilə Avropa ilə birləşdirir", - deyə Əliyev bildirib.
Müsahib bildirib ki, Azərbaycan-Çin münasibətləri və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq son illərdə ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Əvvəllər əməkdaşlıq əsasən ticarət və iqtisadi məsələlərə yönəlmişdisə, indi strateji ölçü qazanıb və nəqliyyat, investisiya, enerji, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrini əhatə edir.
Ə.Əliyev qeyd edib ki, nəqliyyat infrastrukturunun inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi və yük axınlarının artması qarşılıqlı ticarətin artmasına və iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə kömək edir.
"Azərbaycanla Çin arasında qida təhlükəsizliyi və kənd təsərrüfatı ticarəti sahəsində əməkdaşlığın intensivləşməsi xüsusilə diqqətəlayiqdir. 2026-cı ilin iyun ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Çin Baş Gömrük İdarəsi ilə danışıqlar aparıb və nəticədə Azərbaycan məhsullarının Çin bazarına ixracını tənzimləyən mühüm protokollar imzalanıb. Bu, quş əti, akvakultura məhsulları və digər su bioresurslarının ixracına aiddir. Bu sənədlər baytarlıq, sanitariya, karantin və qida tələblərini müəyyən edir və Azərbaycan istehsalçılarının dünyanın ən böyük bazarlarından birinə daxil olması üçün zəruri hüquqi baza yaradır", - deyə Ə.Əliyev bildirib.
O qeyd edib ki, əldə edilən razılaşmaların vacib aspekti təkcə ixrac imkanlarının genişləndirilməsi deyil, həm də nəzarətin rəqəmsallaşdırılması, sertifikatlaşdırma sistemlərinin qarşılıqlı tanınması, yoxlama mexanizmlərinin təkmilləşdirilməsi və qida təhlükəsizliyinə dövlət nəzarəti sahəsində təcrübə mübadiləsinin dərinləşdirilməsidir. Azərbaycan rəsmisi əlavə edib ki, bu, Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artmasına və beynəlxalq tələblərə uyğunluğuna töhfə verir.
Onun sözlərinə görə, Azərbaycan və Çin əvvəllər Azərbaycan fındığı və badamının Çinə ixracı, eləcə də qida təhlükəsizliyi və fitosanitar nəzarət sahələrində əməkdaşlıq mexanizmlərinin yaradılması barədə razılaşmalar əldə ediblər. Ə.Əliyev qeyd edib ki, bu, Azərbaycan kənd təsərrüfatı məhsullarının Çin bazarına çıxışının ardıcıl olaraq genişləndiyini göstərir.
Sonda o, iki ölkə arasında əməkdaşlığın, o cümlədən qida təhlükəsizliyi, kənd təsərrüfatı, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və logistika kimi perspektivli sahələrdə genişlənəcəyinə əminliyini bildirib.