ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilən DÇ-2026 digər mundiallardan bir sıra texnoloji yenilikləri ilə fərqlənir.
Hafta.az xəbər verir ki, çempionat müasir texnologiyaların imkanlarını nümayiş etdirən qlobal bir platformaya çevrilib. Turnirdə butslardan tutmuş rəsmi toplara, hakim qərarlarının dəqiqliyini artıran rəqəmsal sistemlərdən azarkeş təcrübəsini zənginləşdirən innovasiyalara qədər bir çox yenilik tətbiq edilir.
Bu texnologiyaların futbola gətirilməsi prosesi əsasən elmi tədqiqat mərkəzlərində və universitetlərdə başlayır. Hazırda oyunçuların avtomatik izlənilməsi və matç boyu baş verən epizodların süni intellekt vasitəsilə təhlili ön plandadır. FIFA-nın 2023-2027-ci illəri əhatə edən strateji planında da "rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə azarkeş cəlbediciliyini artırmaq" əsas hədəflərdən biri kimi müəyyən edilib.
DÇ-2026-da tətbiq edilən əsas yeniliklər:
- Hakim bədən kameraları: Bu kamerasistemləri, xüsusilə qol və ya mübahisəli qərar anlarında hakimlərin gördüyü mənzərəni azarkeşlərə nümayiş etdirərək fərqli bir perspektiv yaradır.
- Üçölçülü ofsayt animasiyaları: VAR yoxlamalarından sonra ofsayt vəziyyətlərinin izahında istifadə edilən 3D animasiyalar epizodları müxtəlif bucaqlardan - məsələn, qapıçının gözü ilə - yenidən yaratmağa imkan verir.
- Kənar xətt texnologiyası: İlk dəfə tətbiq olunan bu sistem, topun meydançanı nə vaxt tərk etdiyini dəqiq müəyyən edərək, aut və künc zərbəsi qərarlarının verilməsində köməklik göstərir.
- "AI Pro" analiz sistemi: Turnirdə iştirak edən 48 komandanın hamısı süni intellekt əsaslı bu sistemdən istifadə edərək taktik qiymətləndirmələr, performans analizi və strateji məsləhətlər ala bilir.
- "Adidas Trion" topu: Tarixdə ən az panelə (cəmi dörd) sahib olan bu top, saniyədə 500 dəfə hərəkət məlumatı ötürə bilən daxili sensorla təchiz olunub. Bu məlumatlar real vaxt rejimində hakimlərə ötürülərək qərarvermə prosesini sürətləndirir.
- Metamaterial butslar: Üçölçülü printerlərlə hazırlanan və qeyri-adi süni materiallardan istifadə edilən bu butslar, ayağa mükəmməl uyğunlaşma və yüksək rahatlıq təmin edir. Hazırda məhdud sayda oyunçu tərəfindən istifadə edilsə də, gələcək turnirlərdə bu texnologiyanın daha geniş yayılacağı proqnozlaşdırılır./"Haber Global"/