Macarıstanın Baş naziri Peter Magyar Budapeştdə Macarıstan Milli Assambleyasında hökumətin konstitusiya dəyişiklikləri planı ilə bağlı açıqlamalar verib. O, 12 aprel seçkilərində qələbə qazandıqdan sonra dəfələrlə istefa vermək çağırışlarına baxmayaraq istefa verməkdən imtina edən Prezident Sulyokun vəzifədən uzaqlaşdırılması prosesinə başlamaq üçün konstitusiyaya düzəliş edəcəklərini açıqlayıb.
Hafta.az yazır ki, Magyar payızda daha əhatəli konstitusiya islahatına başlanacağını bildirib.
O, yeni konstitusiyanın da ictimai referenduma çıxarılacağını və Konstitusiya Məhkəməsi hakimləri üçün 70 yaş həddi müəyyən edəcəklərini bildirib.
Magyar həmçinin yeni konstitusiyaya əsasən, parlament üzvlərinin səlahiyyət müddətini 12 illə məhdudlaşdıracaqlarını açıqlayıb.
Baş nazir Magyar korrupsiyanın qarşısını almaq və ictimai aktivləri qorumaq üçün "Milli Aktivlərin Qorunması və Bərpası Ofisi" adlı yeni bir qurumun yaradılacağı barədə məlumat paylaşıb.
Sulyoku "Viktor Orbanın kuklası" adlandıran Magyar, istefa verməsə, konstitusiya dəyişiklikləri də daxil olmaqla müxtəlif addımlar atacaqlarını bildirərək, ona istefa vermək üçün 31 maya qədər vaxt verdi. Prezident Sulyok istefa verməkdən imtina etdi və bunun üçün heç bir səbəb olmadığını bildirib.
12 apreldə Macarıstanda keçirilən ümumi seçkilərdə Peter Magyarın Hörmət və Azadlıq Partiyası (Tisza) böyük fərqlə qalib gəlib.
Tisza 199 üzvlük parlamentdə 141 yer qazanıb və konstitusiya dəyişikliklərinə imkan verən çoxluğa nail olub.
Macarıstan Milli Assambleyasının 9 mayda açılış iclasında Magyar and içərək rəsmən ölkənin baş naziri olub və Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyub.