Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun səlahiyyət müddəti başa çatıb. Ankaradakı vəzifəsi ilə vidalaşan səfir bundan sonra diplomatik karyerasını səfir olaraq Özbəkistanın paytaxtı Daşkənddə davam etdirəcək.
Hafta.az yazır ki, səfir Məmmədov Ankaradakı səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Prezident Sarayına vida səfəri edib.
Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın rəsmi sosial media hesabında dərc olunan açıqlamada deyilir: "Biz Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovu səlahiyyət müddətinin başa çatması münasibətilə Prezident Sarayında vida səfəri üçün qəbul etdik. Ona Ankarada olduğu müddətdə Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin və strateji əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələrə görə təşəkkür edir, gələcək işlərində uğurlar arzulayırıq".
Digər tərəfdən, Yılmaz Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlığa və güclü əməkdaşlığa diqqət çəkərək, münasibətlərin "Bir millət, iki dövlət" anlayışına əsaslanan müttəfiqlik səviyyəsinə çatdığını bildirdi. Sonda Yılmaz səfir Memmedovun Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına töhfə verməyə davam edəcəyinə inandığını bildirib.