Müdafiə naziri: “Avropalılar güclərini birləşdirməlidirlər”

09:18 24.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Berlində keçirilən tədbirdə çıxış edən Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, "Avropa yalnız birlikdə hərəkət edərsə, təhlükəsizlik, iqtisadiyyat və xarici siyasət sahələrində üzləşdiyi risklərin öhdəsindən gələ bilər".

Hafta.az yazır ki, Avropanın üzləşdiyi problemlərin milli səviyyədə həll edilə bilməyəcəyini vurğulayan Pistorius deyib: "Avropalılar olaraq, güclü tərəflərimizi birləşdirməliyik. Biz hələ bunu kifayət qədər etmirik".

Bu kontekstdə Pistorius təchizat zəncirlərinin təhlükəsizliyi, vacib xammallara çıxış və ortaq xarici siyasətlə bağlı daha güclü bir Avropa yanaşmasına ehtiyac olduğunu bildirib.

Pistorius deyib ki, Ukraynada müharibə başlayana qədər Almaniyada və bir çox Avropa ölkəsində müdafiə, iqtisadiyyat və siyasət sahələrində "dayanıqlılıq" anlayışına kifayət qədər əhəmiyyət verilməyib və ölkəsi də bu məsələdə gecikib.

Almaniyanın son dörd ildə dayanıqlılıq qabiliyyətini artırmaqda əhəmiyyətli irəliləyişlər əldə etdiyini bildirən Pistorius, "Biz ciddi böhran dövründə biznesin, cəmiyyətin, siyasətin və dövlət idarəçiliyinin nələrə nail ola biləcəyini təsirli şəkildə gördük" deyib.

Dünya miqyasında təhdidlərə dair dəyişən qavrayışa işarə edən Pistorius, Avropanın yenidən real və maddi hərbi təhdidlərlə üzləşəcəyi təqdirdə müdafiəyə sürətli və birgə investisiyaların qaçılmaz olacağını qeyd edib.

Pistorius bildirib ki, "Əgər bunun baş verəcəyini biliriksə və buna hazırlaşmalıyıqsa və amerikalıları da öz tərəfimizdə saxlamaq istəyiriksə, Almaniya və Avropa təhlükəsizlik siyasəti baxımından daha müstəqil olmalıdırlar".

Avropanın yalnız xarici inkişaflara və ABŞ-ın bəyanatlarına reaksiya verməklə kifayətlənməməli olduğunu vurğulayan Pistorius, Avropa ölkələrinin öz güclü tərəflərinə diqqət yetirməli, daha böyük suverenlik və müstəqillik qazanmalı olduqlarını qeyd edib.