Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron İxtisaslaşmış Sosial Xidmət Mərkəzinin xidmətlərindən yararlanan uşaqların valideynləri üçün təlimlər təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, “Joy Uşaq İnkişaf Mərkəzi”nin təşəbbüsü ilə keçirilən ikigünlük təlimlərdə mərkəzin əməkdaşları və əlilliyi olan uşaqların valideynləri iştirak ediblər.
İştirakçılara uşaqların fərdi inkişaf xüsusiyyətləri, sosial adaptasiya prosesləri, ailə və mütəxəssis əməkdaşlığının əhəmiyyəti, eləcə də inklüziv yanaşmalar barədə ətraflı məlumat verilib. Sessiyalarda nəzəri biliklərlə yanaşı, praktik nümunələr təqdim olunub, interaktiv müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Təlimin məqsədi əlilliyi olan uşaqlarla çalışan mütəxəssislərin və valideynlərin bilik və bacarıqlarını artırmaq, uşaqların sosial inteqrasiyasına dəstəyi gücləndirmək, həmçinin müasir reabilitasiya yanaşmaları və effektiv ünsiyyət metodları barədə məlumatlılığı artırmaq olub.