"Azərbaycanda bitkiçilik, heyvandarlıq, meyvəçilik, quşçuluq, balıqçılıq, kartofçuluq, çəltikçilik və emal sahələrinin inkişafı ilə bağlı irəli sürülən təşəbbüslərin təhlili göstərir ki, bu istiqamətlər üzrə nəzərdə tutulan investisiya qoyuluşunun ümumi həcmi təxminən 700 milyon manata yaxın olacaq".
Hafta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə deyib.
Onun sözlərinə görə, Dövlət Proqramı üzrə 13 iqtisadi rayonda 4 565 nəfərin iştirakı ilə müzakirələr keçirilib:
"2026-cı il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə aqrar sahədə mövcud vəziyyət geniş təhlil edilib, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, məhsuldarlığın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib".
O bildirib ki, Prezidentin tapşırığına əsasən, 2026-cı il iyunun 12-dən etibarən ölkənin 13 iqtisadi rayonu üzrə Dövlət Proqramının geniş müzakirələri təşkil olunub:
"Müzakirələrdə mərkəzi icra hakimiyyəti orqanlarından 350 nəfər, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan iri təsərrüfatların, aqroparkların və emal müəssisələrinin rəhbərlərindən 3 608 nəfər, aidiyyəti mərkəzi orqanların yerli qurumlarının rəhbər şəxslərindən isə 607 nəfər iştirak edib. Beləliklə, müzakirələrə ümumilikdə 4565 nəfər cəlb olunub. Müşavirələrdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan iri təsərrüfatların və aqroparkların rəhbərlərindən 51 nəfər çıxış edərək Azərbaycan Prezidentinin çağırışına qoşulduqlarını bildirib və ümumilikdə 72 təşəbbüs irəli sürüblər.