Rəsmi Bakı bu münaqişəyə qarışmır - Aydın Mirzəzadə

15:57 11.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq münasibətlər sistemində yeni və daha dayanıqlı təhlükəsizlik modelinin formalaşdırılması qarşıdakı dövrün ən mühüm vəzifələrindən biri olaraq qalır"

Yaxın Şərqdə İran-İsrail qarşıdurmasının yenidən kəskinləşməsi, İranın nüvə proqramı ətrafında artan gərginlik və Rusiya–Ukrayna müharibəsinin davam etməsi qlobal təhlükəsizlik gündəmini müəyyənləşdirən əsas amillər sırasındadır. Beynəlxalq münasibətlər sistemində yeni güc balanslarının formalaşdığı, regional və qlobal risklərin artdığı bir şəraitdə Azərbaycanın milli təhlükəsizlik maraqları, xarici siyasət prioritetləri və regional proseslərdəki rolu xüsusi aktuallıq kəsb edir.

Hafta.az-ın müsahibi millət vəkili Aydın Mirzəzadədir.

- İran-İsrail qarşıdurmasının yenidən kəskinləşməsi Cənubi Qafqazın təhlükəsizlik mühitinə və Azərbaycanın milli maraqlarına hansı təsirləri göstərə bilər?

- İran-İsrail münaqişəsinin çox uzun və mürəkkəb tarixi var və təəssüf ki, bu qarşıdurmanın yaxın perspektivdə sona çatacağına dair aydın əlamətlər görünmür. Vaxtaşırı beynəlxalq ictimaiyyət və ayrı-ayrı dövlətlər bu iki ölkə arasında mövcud gərginliyin aradan qaldırılması üçün təşəbbüslərlə çıxış etsələr də, hələlik ciddi nəticələr əldə olunmayıb.

Təəssüf ki, zaman-zaman tərəflərin bir-birinin ərazisinə raket zərbələri endirməsi müasir dövrün ən ciddi təhlükəsizlik problemlərindən biri kimi qalmaqdadır. Düzdür, bu qarşıdurmanın Cənubi Qafqaza və Azərbaycana birbaşa təsiri müşahidə olunmasa da, bütövlükdə dünya ictimaiyyətini narahat edən mühüm məsələlərdən biridir.

Dövlətimizin həm İran, həm də İsraillə yaxşı münasibətləri mövcuddur. Biz istərdik ki, bu iki ölkə arasında mövcud olan gərginlik və qarşıdurma birdəfəlik aradan qalxsın, regionda və dünyada sülh və sabitlik daha da möhkəmlənsin. Ölkəmiz də öz növbəsində sülhə, dialoqa və qarşılıqlı anlaşmaya xidmət edən təşəbbüslərə dəstək verməyə və bu istiqamətdə öz töhfəsini göstərməyə çalışacaq.

- Azərbaycan həm İran, həm İsrail, həm də Qərb ölkələri ilə əməkdaşlıq edən dövlət kimi mövcud geosiyasi şəraitdə hansı diplomatik xətti davam etdirməlidir?

- Rəsmi Bakı bu münaqişənin tərəfi deyil və tərəflər arasında qarşıdurmaya qarışmır. Ölkəmiz hər zaman bu kimi mübahisələrin və münaqişələrin hərbi yollarla deyil, diplomatik vasitələr və dialoq yolu ilə həllinin vacibliyini vurğulayır.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, İran-İsrail qarşıdurması mümkün qədər qısa müddətdə siyasi və diplomatik yollarla həll edilməli, regionda gərginliyin daha da artmasına yol verilməməlidir. Hər iki tərəf də dövlətimizin  sülhə və dialoqa əsaslanan yanaşmasını, eləcə də diplomatik səylərlə münaqişənin həllinə töhfə vermək istəyini görür və bilir.

Təəssüf ki, bu problemin həlli, ilk növbədə, İran və İsrailin öz siyasi iradəsindən və qarşılıqlı addımlarından asılıdır. Beynəlxalq ictimaiyyət və ayrı-ayrı dövlətlər müəyyən vasitəçilik təşəbbüsləri göstərə bilsələr də, davamlı və uzunmüddətli həllin əldə olunması üçün əsas məsuliyyət məhz münaqişə tərəflərinin üzərinə düşür.

- İranın nüvə proqramı ətrafında gərginliyin artması regionda yeni hərbi və siyasi risklər yarada bilərmi? Bu vəziyyət Azərbaycan üçün hansı çağırışları formalaşdırır?

- İranın nüvə proqramı artıq təkcə regionun deyil, bütövlükdə dünyanın əsas problemlərindən birinə çevrilib. Bu məsələ, təxminən, 50 ilə yaxındır ki, beynəlxalq gündəmdə öz aktuallığını qoruyub saxlayır. İran öz nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini və enerji, elm və texnologiya sahələrinin inkişafına yönəldiyini bəyan edir. Qərb ölkələri və ABŞ isə hesab edirlər ki, İran gələcəkdə nüvə silahına malik ola bilər və bu, onun regiondakı proseslərə nüvə dövləti kimi təsir imkanlarını artırar.

Bu səbəbdən tərəflər arasında uzun illərdir aparılan danışıqlar hələ də yekun nəticə verməyib. Təəssüf ki, son dövrlərdə vəziyyət daha da mürəkkəbləşib və proses bəzi hallarda diplomatik müstəvidən çıxaraq hərbi qarşıdurma elementləri ilə müşayiət olunmağa başlayıb.

Ötən ilin iyun ayında İsrailin İran ərazilərinə zərbələr endirməsi, daha sonra İran və İsrail arasında qarşılıqlı hücumların baş verməsi, eləcə də bu ilin mart ayında ABŞ–İsrail koalisiyası ilə İran arasında hərbi gərginliyin artması vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Bütün bunlar beynəlxalq təhlükəsizlik baxımından ciddi narahatlıq doğuran məsələlər olaraq qalır.

Hazırda problemin qısa müddətdə həllinə dair aydın perspektiv görünməsə də, bu məsələ mütləq şəkildə öz həllini tapmalıdır. Problemin davam etməsi qlobal sabitliyə, iqtisadi inkişafa, beynəlxalq ticarət əlaqələrinə və enerji bazarlarına mənfi təsir göstərir. Ən acınacaqlı məqam isə ondan ibarətdir ki, münaqişələrin əsas qurbanları dinc insanlar olur. Normalda iqtisadi inkişaf və quruculuq işlərinə yönəldilə biləcək maliyyə və insan resursları silahlanmaya və hərbi əməliyyatlara sərf edilir.

Azərbaycan isə hər zaman olduğu kimi, bu münaqişənin sülh və dialoq yolu ilə, mümkün qədər tez aradan qaldırılmasının tərəfdarıdır. Ölkəmiz gərginliyin azaldılması, diplomatik danışıqların davam etdirilməsi və qarşıdurmanın daha da dərinləşməsinin qarşısının alınması istiqamətində çağırışlar edir və hesab edir ki, problemlərin yeganə dayanıqlı həlli məhz siyasi-diplomatik müstəvidə mümkündür.

- Rusiya-Ukrayna müharibəsinin uzanması Cənubi Qafqazda qüvvələr nisbətinə və regionun təhlükəsizlik arxitekturasına necə təsir göstərir?

- Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqaza birbaşa və ciddi təsiri müşahidə olunmasa da, region ölkələrinin hər üçünün həm Rusiya, həm də Ukrayna ilə müxtəlif sahələrdə əlaqələri mövcuddur. Bu baxımdan, iki böyük dövlət arasında davam edən müharibə istər-istəməz digər ölkələrlə iqtisadi, ticarət və humanitar münasibətlərə də müəyyən təsirlər göstərir.

Cənubi Qafqaz ölkələri üçün əsas məsələ regionda sabitliyin qorunması və mövcud əməkdaşlıq əlaqələrinin davam etdirilməsidir. Müharibə regionun təhlükəsizlik arxitekturasını birbaşa dəyişdirməsə də, qlobal siyasi və iqtisadi proseslərə təsir göstərən mühüm amillərdən biri olaraq qalır.

- Dünyanın müxtəlif bölgələrində münaqişələrin artdığı bir dövrdə Azərbaycan öz təhlükəsizlik və xarici siyasət strategiyasını hansı istiqamətlər üzrə gücləndirməlidir?

- Dünyanın müxtəlif bölgələrində münaqişələr və qarşıdurmalar davam edir. Belə bir problem altı il bundan əvvəl Azərbaycan üçün də mövcud idi. Ermənistan torpaqlarımızın bir hissəsini, təxminən, 30 il ərzində işğal altında saxlamışdı. Dövlətimizin həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasət regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verir.

Ölkəmizin apardığı siyasət və münaqişənin həlli istiqamətində nümayiş etdirdiyi yanaşma bir çox dövlətlər üçün nümunə ola bilər. Dövlətimiz öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı, regionda uzunmüddətli sülhün bərqərar olması üçün də ardıcıl səylər göstərir.

Bununla belə, hər bir münaqişənin və problemin özünəməxsus xüsusiyyətləri, fərqli səbəbləri və həll yolları var. Ona görə də hər bir məsələyə konkret şərait və reallıqlar nəzərə alınmaqla yanaşmaq lazımdır.

Azərbaycan üzləşdiyi problemi həll etməyə nail olub və bu gün dünyanın müxtəlif bölgələrində davam edən münaqişələrin də sülh yolu ilə aradan qaldırılmasını arzulayır. Rəsmi Bakı hesab edir ki, davamlı sabitlik, inkişaf və əməkdaşlıq yalnız qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və dialoqa əsaslanan yanaşma ilə mümkün ola bilər.

- Hazırkı qlobal proseslər fonunda yeni geosiyasi nizamın formalaşdığını söyləmək mümkündürmü? Bu yeni düzəndə ölkəmizin regional liderlik və vasitəçilik imkanlarını necə qiymətləndirirsiniz?

- İkinci Dünya müharibəsindən sonra formalaşdırılmış beynəlxalq sülh və təhlükəsizlik sistemi artıq əvvəlki effektivliyi ilə fəaliyyət göstərə bilmir. Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr, qarşıdurmalar və beynəlxalq hüquq normalarının pozulması mövcud mexanizmlərin bir sıra hallarda yetərli olmadığını göstərir.

Beynəlxalq hüququn tətbiqi və beynəlxalq təşkilatların qərarlarının icrası ilə bağlı problemlər də bunu təsdiqləyən amillər sırasındadır. Bu baxımdan, qlobal təhlükəsizlik arxitekturasının müasir çağırışlara uyğun şəkildə yenilənməsinə və daha effektiv mexanizmlərin formalaşdırılmasına ehtiyac olduğu barədə fikirlər getdikcə daha çox səsləndirilir.

Təəssüf ki, bu istiqamətdə aparılan müzakirələr və təşəbbüslər hələlik konkret və uzunmüddətli nəticələr verməyib. Ona görə də beynəlxalq münasibətlər sistemində yeni və daha dayanıqlı təhlükəsizlik modelinin formalaşdırılması qarşıdakı dövrün ən mühüm vəzifələrindən biri olaraq qalır.