Büdcəyə yenidən baxılması praktikası əsasən yay aylarında həyata keçirilir"
Qlobal enerji bazarlarında müşahidə olunan son bahalaşma fonunda neftin qiyməti yenidən diqqət mərkəzinə çevrilib. Yaxın Şərqdə artan geosiyasi gərginlik, enerji təchizatına dair risklər və bazarlardakı qeyri-müəyyənlik neftin dünya qiymətlərinə təsir göstərən əsas amillər sırasındadır. Belə bir şəraitdə Azərbaycanda da mühüm bir sual aktuallaşır: neftin qiymətinin yüksəlməsi dövlət büdcəsinə yenidən baxılmasına səbəb ola bilərmi?
Qeyd edək ki, Azərbaycan iqtisadiyyatı son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atsa da, enerji gəlirləri hələ də dövlət maliyyəsinin əsas dayaqlarından biri olaraq qalır. Dövlət büdcəsinin mühüm hissəsi Dövlət Neft Fondundan transfertlər hesabına formalaşdığı üçün neft bazarında baş verən dəyişikliklər ölkənin fiskal imkanlarına birbaşa təsir göstərir. Məhz buna görə də neftin büdcədə nəzərdə tutulan qiymətdən daha yüksək səviyyədə ticarət olunması hökumətin maliyyə imkanlarını genişləndirə bilir. Lakin ekspertlər hesab edirlər ki, burada əsas məsələ qiymət artımının özü deyil, onun nə qədər davamlı olmasıdır. Çünki qısamüddətli bahalaşma adətən büdcə siyasətində ciddi dəyişikliklərə səbəb olmur. Əgər yüksək qiymətlər uzun müddət qorunub saxlanılarsa, o zaman ilin ikinci yarısında dövlət büdcəsinə yenidən baxılması məsələsi aktuallaşa bilər.
Əslində, Azərbaycanda büdcəyə il ərzində dəyişiklik edilməsi yeni təcrübə deyil. Son illərdə dövlət gəlirlərinin proqnozları üstələməsi və yeni maliyyə ehtiyaclarının yaranması hallarında büdcənin gəlir və xərc hissələrinə yenidən baxılıb. Bu baxımdan, neft gəlirlərinin artması da hökumət üçün əlavə maliyyə manevr imkanları yarada bilər.
Bəs əlavə vəsaitlər hansı istiqamətlərə yönəldilə bilər?
İlk növbədə sosial sahənin ön plana çıxacağı ehtimal edilir. Son illər hökumətin sosialyönümlü siyasətə üstünlük verməsi nəzərə alınarsa, əlavə gəlirlərin əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması üçün istifadə olunması mümkün görünür. Əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət xərclərinin əsas prioritetlərindən biri olaraq qalır. Digər mühüm istiqamət infrastruktur layihələri ola bilər. Regionların sosial-iqtisadi inkişafı, yol və nəqliyyat layihələri, kommunal infrastrukturun yenilənməsi, su və enerji təminatı sahəsində proqramların maliyyələşdirilməsi əlavə vəsait tələb edən istiqamətlər sırasındadır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri olaraq qalır və əlavə maliyyə resursları bu prosesin sürətlənməsinə imkan verə bilər.
Müdafiə və təhlükəsizlik xərcləri də diqqətdən kənarda qalmır. Regionda davam edən geosiyasi proseslər fonunda bu sahə dövlətin strateji prioritetləri sırasında yer almaqda davam edir. Bu səbəbdən əlavə büdcə imkanlarının bir hissəsinin təhlükəsizlik və müdafiə potensialının gücləndirilməsinə yönəldilməsi də istisna edilmir.
Bununla yanaşı, təhsil, səhiyyə, rəqəmsal transformasiya və innovasiya layihələri də əlavə maliyyələşmə əldə edə biləcək sahələr hesab olunur. Son illərdə insan kapitalının inkişafı ilə bağlı hədəflər hökumətin strateji sənədlərində xüsusi yer tutur və əlavə gəlirlər bu istiqamətdə yeni imkanlar yarada bilər.
Mövzu ilə bağlı Hafta.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycanda dövlət büdcəsinə yenidən baxılması praktikası əsasən ilin ikinci yarısında, yay aylarında həyata keçirilir. Onun sözlərinə görə, büdcə gəlirlərinin icra vəziyyəti, iqtisadi göstəricilərdəki dəyişikliklər və dövlətin prioritet istiqamətləri nəzərə alınaraq həm gəlir, həm də xərc proqnozlarına düzəlişlər edilir.
Ekspert qeyd edib ki, 2020-ci il pandemiya dövrü istisna olmaqla, son illərdə dövlət büdcəsinə edilən dəyişikliklər əsasən artımlarla müşayiət olunub. Bu baxımdan, 2026-cı ilin dövlət büdcəsi göstəricilərinə də yenidən baxılacağı və əlavə dəyişikliklərin ediləcəyi gözlənilir.
E.Əmirovun fikrincə, əlavə maliyyə imkanları yarandığı halda, vəsaitlərin əsas istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq layihələri olacaq. Həmin ərazilərdə infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və iqtisadi fəaliyyətin genişləndirilməsi üçün ayrılan vəsaitlərin artırılması mümkündür.
Bununla yanaşı, sosial sahənin də diqqət mərkəzində olacağı gözlənilir. Ekspert hesab edir ki, pensiya və sosial müavinətlərin indeksləşdirilməsi, əməkhaqlarının artırılması kimi məsələlərə yenidən baxılması ehtimalı var. Onun sözlərinə görə, müdafiə və təhlükəsizlik xərcləri də əlavə vəsaitlərin yönəldilə biləcəyi əsas sahələr sırasındadır. Regionda davam edən geosiyasi proseslər və təhlükəsizlik çağırışları fonunda büdcədə əlavə imkanlar yaranarsa, həmin vəsaitlərin bir hissəsinin müdafiə potensialının gücləndirilməsinə yönəldilməsi real görünür.
Ekspert əlavə edib ki, dövlət investisiya layihələrinin maliyyələşdirilməsinin genişləndirilməsi, strateji infrastruktur layihələrinin icrasının sürətləndirilməsi və iqtisadi aktivliyin dəstəklənməsi məqsədilə də büdcə xərclərində artımlar nəzərdə tutula bilər. Onun fikrincə, bütün bunlar 2026-cı il üzrə büdcə göstəricilərinə yenidən baxılması zamanı əsas müzakirə mövzularından olacaq.