Cinayətdə şübhəli bilinən 78 nəfər saxlanılıb

11:54 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 10-da ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 137, o cümlədən borclu şəxs qismində axtarışda olan 106, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 və dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eləcə də narkotiklərlə əlaqəli 27 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 2,6 ton çəkidə 12 min 812 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 1 qumbara, 12 tüfəng, 11 patron darağı və 343 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər də saxlanılıb.