Belçikanın Sen-Joss-ten-Nod kommunasında yerli sosial mənzil agentliyi ilə bağlı genişmiqyaslı korrupsiya qalmaqalı üzə çıxıb.
Hafta.az xəbər verir ki, aparılan audit nəticəsində məlum olub ki, agentliyin əməkdaşları 20 ildən artıq müddətdə sosial mənzillərin bölüşdürülməsi qaydalarını sistematik şəkildə pozaraq mənzilləri qohumlarına və tanışlarına verib, həmçinin sənədlərin saxtalaşdırılmasında iştirak ediblər.
İstintaq materiallarına əsasən, 2000-ci ildə yaradılan və təxminən 230 daşınmaz əmlak obyektini idarə edən agentlik ötən ilin sonunda müflis olduqdan sonra fəaliyyətini dayandırıb. Bundan sonra Brüssel regional hakimiyyəti tərəfindən başladılan maliyyə yoxlaması sosial mənzil bölgüsündə çoxsaylı qanun pozuntularını üzə çıxarıb.
Audit çərçivəsində araşdırılan 181 işdən 94-də saxtakarlıq faktı təsdiqlənib, 44 iş isə şübhəli hesab olunub. Beləliklə, yoxlanılan sənədlərin 86 faizində müxtəlif pozuntular aşkar edilib.
Auditorlar, həmçinin agentlik əməkdaşlarının saxta sənədlərin hazırlanmasında və mənzil alanların seçilməsi prosesinə müdaxilədə fəal rol oynadıqlarını müəyyən ediblər. Audit materialları hüquqi qiymət verilməsi üçün Brüssel Prokurorluğuna təqdim olunub. Regional hakimiyyət orqanları isə iş üzrə mülki tərəf qismində çıxış edirlər.
Qalmaqal bələdiyyədə mövcud olan digər maliyyə problemləri fonunda baş verir. Daha əvvəl Brüssel paytaxt regionunun hakimiyyət orqanları milyonlarla avroluq büdcə kəsiri və idarəetmə ilə bağlı narahatlıqlar səbəbindən Sen-Joss-ten-Nod kommunasının maliyyə fəaliyyətinə gücləndirilmiş nəzarət tətbiq etmişdilər.
Müşahidəçilərin fikrincə, bu hadisə bir sıra Qərbi Avropa ölkələrində korrupsiya risklərinin artması və dövlət vəsaitlərinin xərclənməsinə nəzarətin yetərli olmaması ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Sosial mənzil təminatı, bələdiyyə maliyyəsi və büdcə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı qalmaqallar son illər həm məhkəmə araşdırmalarının, həm də siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib./“Brussels Times”/