Futbol üzrə dünya çempionatı start götürür

09:30 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatı bu gün start götürəcək.

Hafta.az xəbər verir ki, mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında baş tutacaq. Paytaxt Mexiko şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.

İlk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək dünya çempionatı üçün ümumilikdə 1248 futbolçu sifariş edilib. Kabo-Verde, Kurasao, İordaniya və Özbəkistan milliləri dünyanın ən böyük futbol turnirində debüt edəcəklər.

Mundial ərzində 104 oyun reallaşacaq ki, bunların 78-nə ABŞ ev sahibliyi edəcək.

Azərbaycanlı futbol azarkeşlərinin çıxışını maraqla gözlədiyi yığmalardan biri 24 il sonra yenidən dünya çempionatına vəsiqə qazanan Türkiyə millisidir. D qrupunda yer alan “ay-ulduzlular” ilk görüşünü iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da Avstraliyaya qarşı keçirəcək.

A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Çexiya;

B qrupu: Kanada, Qətər, İsveçrə, Bosniya və Herseqovina;

C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya;

D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə;

E qrupu: Almaniya, Kurasao, Kot d`İvuar, Ekvador;

F qrupu: Niderland, Yaponiya, İsveç, Tunis;

G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya;

H qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay;

I qrupu: Fransa, Seneqal, Norveç, İraq;

J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya

K qrupu: Portuqaliya, Konqo Demokratik Respublikası, Özbəkistan, Kolumbiya;

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Mundialın son qalibi 2022-ci ildə Qətərdə keçirilən turnirdə kuboku başı üzərinə qaldıran Argentina millisidir.