Azərbaycan Qoşulmama Hərəkatının zirvə toplantısına ev sahibliyi edəcək - Aktual

10:58 16.02.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Qeyd edək ki, ölkəmizin qazandığı nailiyyətlər ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar və reytinq agentlikləri tərəfindən də təqdir edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz dinamik inkişaf etməklə yanaşı,həm də dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edib.

Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin siyasətində diqqəti xüsusi çəkən prioritetlərdir. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Ötən illər ərzində Azərbaycan Avropa Şurası, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında faydalı əməkdaşlıq edir. Son illər həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosial-mədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Bu amilin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, öz üzərinə götürdüyü öhdəlikəri yerinə yetirir, təşkilatdaxili münasibətlərin daha da dərinləşməsinə, əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Həmçinin, Azərbaycanın üzv olduğu və rəhbərlik etdiyi təşkilatların bir sıra mühüm tədbirləri məhz ölkəmizin paytaxtında keçirilir ki, bu da respublikamızın dünyadakı əhəmiyyətindən xəbər verir. Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri olduqca yüksək səviyyədədir.

Məlumat üçün bildirək ki, Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin ən böyük toplantısıdır. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. QH-nın məqsəd beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək. Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. 2011-ci ildə Azərbaycan Respublikası İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunub. Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi edib. Tədbirə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri qatılıb. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib.Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Beləliklə, Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılıb.

Əslində Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın apardığı obyektiv siyasətin bir daha dünyaya açılışı oldu. Azərbaycan bu Hərəkata sədrliyi ilə əlaqədar atdığı addımlarla dövlətimizin dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə, beynəlxalq norma və prinsiplərin ədalətli tətbiqinə verdiyi töhfələri bütün dünyanın diqqətinə çatdırmış oldu. Azərbaycanın bu təşkilata sədrliyi həm də Qoşulmama Hərəkatının daha aktif formada fəaliyyətinə imkan yaratdı. Sözügedən təşkilat COVID-19 pandemiyası dövründə də fəaliyyətinə ara vermədi. Belə ki, 4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və QH-nin hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında video-konfransı təşkil olundu.

Pandemiyanın əmələ gətirdiyi mürəkkəb beynəlxalq şəraitdə və dünya ictimaiyyəti tərəfindən beynəlxalq təşkilatların səmərəliliyi və çoxtərəfli diplomatiyanın gələcəyi sınağa çəkildiyi bir dövrdə Qoşulmama Hərəkatının hazırkı sədri qismində, ölkəmizin çoxtərəfliliyin təşviqi üzrə prioritetinə uyğun olaraq Azərbaycan Prezidenti tərəfindən Hərəkatın koronavirusa qarşı mübarizə üzrə mümkün ən yüksək səviyyədə Təmas Qrupunun yaradılması və COVID-19 qlobal pandemiyasının QH üzv dövlətlərinə təsirinin qiymətləndirilməsi və onların ehtiyaclarının müəyyən olunması təşəbbüsü ilə çıxış etmişdi. Görüşdə QH üzv dövlətlərindən 25 dövlət və hökumət başçısı, 1 vitse-prezident, 1 baş nazirin müavini  və 11 nazir səviyyəsində iştirak olmuşdur. Tədbirə BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesus və Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat qoşularaq çıxışlar etmişdir. Tədbir zamanı həmçinin, BMT-nin Baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətləri dinlənilmişdir.

Görüşün yekunu olaraq QH üzv dövlətləri tərəfindən Bəyannamə qəbul edilmiş və QH-nin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupu təsis edilmişdir. Qrupa QH üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunacağı vahid məlumat bazasının hazırlanması tapşırılmışdır.

Bu görüşün davamı olaraq, Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürmüş və BMT üzv dövlətlərinin əksəriyyətinin dəstəyi ilə BMT Baş Katibi 10 iyul 2020-ci il tarixindən sözügedən sessiyanın çağırıldığını elan etmişdir. Nəticədə, 2020-ci ilin 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə mövzusunda xüsusi sessiyasının yüksək səviyyəli seqmenti təşkil olunmuş və həmin tədbirin açılış hissəsində İlham Əliyev Qoşulmama Hərəkatının sədri və bu xüsusi sessiyanın təşəbbüskarı qismində çıxış etmişdir. Xüsusi sessiyanın ümumi müzakirələrində 37 dövlət və 40 hökumət başçısı, 67 nazir çıxış etmiş və sessiyanın təşəbbüskarı olduğuna görə Azərbaycana və ölkə rəhbərliyinə təşəkkür ifadə etmişlər.

Ölkəmizin QH-yə sədrliyi dövründə gənclərlə iş sahəsinə də xüsusi diqqət ayrılıb. Belə ki, 4-5 oktyabr 2021-ci il tarixlərində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv dövlətləri təmsil edən 100-dən çox gəncin iştirakı ilə QH Gənclər Şəbəkəsinin virtual təsis iclası keçirilib. Şəbəkə vasitəsilə Hərəkata üzv dövlətlərin gənclərinin öz davamlı inkişaflarının təmin edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və həmin çətinliklərin vətəndaşları olduqları ölkələrin hökumətləri tərəfindən birgə şəkildə həlli imkanları ilə bağlı fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Şəbəkəyə rəhbərliyi Azərbaycan Respublikasının Qoşulmama Hərəkatını sədrliyi başa çatana qədər Azərbaycan nümayəndəsi edəcək.

Yeri gəlmişkən, Azərbaycan yaxın vaxtlarda Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində növbəti zirvə toplantısına ev sahibliyi edəcək. Bunu Prezidenti İlham Əliyev bu yaxınlarda Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edən zaman deyib.

Belə ki, Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində sədr dövlət kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb, ölkəmizin yaxın vaxtlarda Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində növbəti zirvə toplantısına ev sahibliyi edəcəyini bildirib.

Dövlət başçısı Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılmasının vacibliyinə toxunub, Azərbaycanın Hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış etdiyini bildirib.

Prezident İlham Əliyev bu məsələ ilə əlaqədar Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılmasının önəminə toxunub. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu il başa çatdığını xatırladaraq, ölkəmizin bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətində olduğunu, Hərəkata sədrlik edəcək dövlətlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasının daha ədalətli yanaşma olacağını qeyd edib.