“Ötən həftə Yeni Azərbaycan Partiyası ölkə Prezidenti cənab İlham Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürdü. Düşünürük ki, bu açıqlama sadəcə YAP üzvlərinin deyil, eyni zamanda bütün Azərbaycan xalqının istək, arzu və rəyini ifadə edirdi”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Jalə Əliyeva bildirib.
J.Əliyeva qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin simasında özünə böyük bir dayaq və lider qazanıb. Məhz cənab Prezidentin həyata keçirdiyi dönməz iradəli Dəmir Yumruq siyasəti sayəsində Azərbaycan mümkün olmayanları mümkün edib.
“Bu gün Azərbaycana dünya tamamilə başqa bir prizmadan yanaşır. Bu gün Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Azərbaycan əvvəla öz torpaqlarını geri qaytarıb və bu torpaqlarda sülh, əmin-amanlıq yaradaraq üçrəngli bayrağını torpaqlarının başı üzərində dalğalandırıb. Azərbaycan həmin torpaqlarda ağlagəlməz bir sürətlə böyük quruculuq işləri aparır. Bütün ölkə boyu durmadan inkişafa istiqamətlənən nəhəng layihələr həyata keçirilir.
Biz hər bir vətəndaşına insan amili prizmasından yanaşan, beynəlxalq çərçivədə tarazlaşdırılmış siyasət həyata keçirilməsi yönündə geniş fəaliyyətini durmadan davam etdirən, sadəcə siyasət, diplomatiya, ordu quruculuğu sahələrində deyil, eyni zamanda sosial, səhiyyə, mədəniyyət, təhsil, texnologiyalar sahələrində dünyanın aparıcı cinahlarından birinə çevrilən bir ölkənin liderdən danışırıq. Nəhayətdə biz, Azərbaycanı Cənubi Qafqazın ulduzu edən bir liderdən danışırıq. Bütün sadaladığımız və əslində tam olaraq sadalanarsa bir çıxışın həcminə yerləşməyəcək qədər mükəmməl və saysız-hesabsız olan işlərin hər birinin arxasında Prezident İlham Əliyevin imzası və onun Dəmir Yumruq siyasəti dayanır”.
J.Əliyeva eyni zamanda bildirib ki, 7 fevral tarixində keçiriləcək seçki bir daha Azərbaycan xalqının arzusunun, etimadının, iradəsinin nümayişi və təsdiqinə çevriləcək.
“Xalqımız birmənalı olaraq öz liderinə, xilaskar prezidentinə, müzəffər ali baş komandanına, yenilməz sərkərdəsinə səs verəcək. Bu seçki nəticəsində Azərbaycan daha parlaq və daha inkişaflı günlərini yaşayacaq. Azərbaycan cənab Prezidentimizin rəhbərliyi ilə bu günə qədər olduğu kimi, 7 fevraldan sonra da həm Cənubi Qafqazın, həm də dünyanın nüfuzlu ölkəsi olaraq daha da yüksələcək. Seçkilərə ay yarım zaman qalmağına baxmayaraq seçkinin Azərbaycanda baş tutduğunu söyləyə bilərik. Bunu mən tam cəsarətimlə deyirəm. Çünki biz davamlı olaraq seçicilərin içərisindəyik. Seçicilərlə davamlı olaraq keçirdiyimiz görüşlərdə illərdir gəldiyimiz qənaət bundan ibarətdir ki, Azərbaycan xalqının bir seçimi var - və o da İlham Heydər oğlu Əliyevdir”.