“Azərbaycanın Tayvanı Çinin ərazisi kimi tanımasını yüksək qiymətləndiririk” – Çin səfiri Qo Min

17:40 04.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Avqustun 2-də ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Çin hökumətinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, Tayvana səfər edib. Bu, vahid Çin prinsipinin və üç Çin - ABŞ birgə bəyannaməsinin müddəalarının ciddi şəkildə pozulması, Çin - ABŞ münasibətlərinin siyasi təməlinə ciddi zərbə vurmaq, Çinin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Bu səfər həm də Tayvan boğazı bölgəsində sülh və sabitliyi pozmaqla yanaşı, separatçı qüvvələrə Tayvanın müstəqilliyi ilə bağlı tamamilə yanlış siqnal göndərir. Çin tərəfi qəti şəkildə buna qarşı çıxır, baş verənləri pisləyir və Amerika hökumətinə kəskin etirazını bildirir”.

Bu sözləri Hafta.az-a şərhində Çinin Azərbaycandakı səfiri xanım Qo Min deyib. Xanım diplomat bildirib ki, dünyada yalnız bir Çin var və Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir. Çin Xalq Respublikası hökuməti BMT-nin 1971-ci il tarixli 2758 saylı qətnaməsində aydın şəkildə müəyyən edildiyi kimi, bütün Çini təmsil edən yeganə qanuni hökumətdir. 1949-cu ildə ÇXR-in yaranmasından indiyədək 181 ölkə onunla beynəlxalq birliyin universal konsensusu və beynəlxalq münasibətlərin fundamental normasını təmsil edən “vahid Çin” prinsipi əsasında diplomatik əlaqələr qurub.

“Tayvan məsələsi Çin - ABŞ münasibətlərində ən mühüm və həssas məsələdir. Bu gün Tayvan boğazında vəziyyət getdikcə daha da gərginləşir və ciddi problemlər var. Əsas səbəb Taypey rejimi və Vaşinqtonun status-kvonu dəyişmək cəhdləridir. Tayvan səlahiyyətliləri, ABŞ-ın dəstəklədiyi qondarma müstəqilliyi əldə etməyə cəhdlə məşğuldur və 1992 Razılaşmasını tanımaqdan imtina edirlər. Onlar “desinfikasiya” kursuna başlayıblar və “salyami taktikası” ilə separatçı planı reallaşdırmağa çalışırlar” deyən xanım səfir qeyd edib ki, Vaşinqton Tayvandan bir alət kimi yararlanaraq, vahid Çin prinsipini davamlı olaraq təhrif edir və zəiflədir, Taypey rejimi ilə rəsmi əlaqələri aktivləşdirir və adadakı separatçı qüvvələrə dəstək verir. Belə bir macəra isə böyük təhlükə yaradır və anlamaq lazımdır ki, odla oynayanlar mütləq özlərini yandıracaqlar. Çin hökumətinin və xalqının Tayvan məsələsində mövqeyi birmənalıdır. Dövlətin suverenliyini və ərazi bütövlüyünü möhkəm şəkildə qorumaq 1,4 milyardlıq Çin xalqının sarsılmaz iradəsidir və vətən torpaqlarının tam birləşdirilməsi bütün çinlilərin ümumi arzusu və müqəddəs borcudur. Tarixin axarını tərsinə çevirmək mümkün olmadığı kimi, xalqın iradəsinə qarşı çıxmaq da qəbuledilməzdir. Heç bir ölkə, heç bir güc və heç kim Çin hökumətinin və xalqının milli suverenliyi, ərazi bütövlüyünü qorumaq, ölkəni birləşdirmək və Çin millətini gəncləşdirmək üçün möhkəm əzmini, sarsılmaz iradəsini və qüdrətli qabiliyyətini sınağa çəkə bilməz. Nensi Pelosinin Çin Tayvanına səfəri ilə əlaqədar rəsmi Pekin, şübhəsiz ki, dövlət suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirləri görəcək, bundan irəli gələn bütün nəticələrə görə məsuliyyət tamamilə ABŞ-ın və separatçı qüvvələrin üzərində olacaq”, - səfir Q.Min deyib.

Diplomat qeyd edib ki, Çin və Azərbaycan tarixən ənənəvi dost ölkələr olaraq sıx əlaqələrinə malikdirlər. Diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ölkələr arasında ikitərəfli münasibətlər suverenliyə və ərazi bütövlüyünə, qarşılıqlı hörmətə əsaslanıb, bərabərlik, qarşılıqlı fayda və dinc yanaşı yaşama zəminində daim inkişaf edir.

“Çin hökuməti Azərbaycan tərəfinin “vahid Çin” prinsipinə sadiq qalmasını və Tayvanı Çin ərazisinin ayrılmaz hissəsi kimi tanımasını yüksək qiymətləndirir. Çin tərəfi Azərbaycanla dostluğu yüksək qiymətləndirir və beynəlxalq münasibətlərin fundamental normasının qorunması, regionda və bütün dünyada sülh və sabitliyin birgə təmin edilməsi üçün Azərbaycan tərəfi ilə birgə səylər göstərməyə hazırdır”, - xanım səfir Q.Min deyib.

Siyasət rubrikasından digər xəbərlər