Azyaşlıların erkən nikah kabusu - Problem

10:40 22.12.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar, xüsusən bölgələrdə erkən nikah hadisələrinə tez-tez rast gəlirik. Məsələn, bir neçə gün öncə Ucar rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub. Toy şənliyi dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib. Belə ki, kənd sakini 16 yaşlı qız (yetkinlik yaşna çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib. Artıq aidiyyəti qurumlar məsələ ilə bağlı araşdırmaya başlayıblar.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi göstəricilərə  əsasən təkcə ötən il 20 yaşadək analar tərəfindən doğulan uşaqların ümumi sayı 9 476 nəfər olub. Onlardan 84 nəfəri 16 yaşa qədər olan analar, 341 nəfəri 16 yaşlı analar (ümumilikdə 425 nəfər), 1 225 nəfəri 17 yaşlı olan analar, 2 972 nəfəri 18 yaşlı analar, 4854 nəfəri 19 yaşlı analar tərfindən doğulanlardır.

Əslində bu problem təkcə ölkəmiz üçün xarakterik deyil. Məsələn, araşdırmalara görə, dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. Hazırda erkən nikahlar daha çox Asiya və Afrika ölkələrində geniş yayılıb. Cənubi Asiyada demək olar ki, qızların yarısı, Afrikada - Saxaradan cənuba gənc qızların üçdə bir hissəsindən çoxu 18 yaşına çatmamış nikaha daxil olurlar. Erkən nikahların ən yüksək göstəricilərinə görə Nigeriya – 75 faiz,  Çad və Mərkəzi Afrika Respublikası – 68 faiz,  Banqladeş – 66 faiz, Qvineya – 63 faiz, Mozambik – 56 faiz, Mali – 55 faiz; Burkina-Faso və Cənubi Sudan – 52 faiz,  Malavi – 50 faiz, Hindistan – 47 faizlə fərqlənirlər. Bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. Məsələn, son illər Böyük Britaniyada 2,6 faiz, Avstraliyada 1,8 faiz, İsveçrədə 1,6 faiz, Fransada 0,8 faiz, Danimarkada 0,6 faiz  erkən nikah faktı baş verib. Qonşu Türkiyədə də erkən nikah aktual problem olaraq qalmaqdadır. Statistikaya görə, Türkiyədə 18 yaşa qədər olan 180 mindən çox qız nikaha girir.

Azərbaycanda isə erkən nikahların qarşısının alınması üçün müxtəlif təkliflər irəli sürülür. Bu yaxınlarda Milli Məclisində çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da bu istiqamətdə daha sərt tədbirlərin görülməsinin vacibliyini önə çəkib. O təklif edib ki, nikah yaşı ilə bağlı imtiyazlar ləğv edilsin və bununla bağlı komitə sədri millət vəkillərindən dəstək də istəyib: “Qanunvericiliyə görə həm oğlan, həm də qızlar üçün nikah yaşı 18-dir. 18 yaşı tamam olmayanda yerli icra hakimiyyəti orqanlarının icazəsi ilə 17-18 yaş arasında müəyyən səbəblər nəzərə alınaraq nikah bağlamağa icazə verilir. Biz də bilirik ki, qanunvericilikdə həmin səbəblərin nədən ibarət olduğunun dairəsi göstərilmir. Ona görə də burada subyektiv yanaşma var. Bu səbəbdən bəzən neqativ hallar baş verir. 18 yaş yetkinlik yaşı sayılırsa, hansısa güzəştin edilməsindən imtina etməliyik. Dövlət komitəsi bununla bağlı müəyyən təklif hazırlayıb və qanunvericilik təşəbbüsü edib. Deputatlardan da dəstək istəyirəm. Digər dövlət qurumlarında fərqli fikirlər var. Ümumilikdə, istisna aradan qaldırılsa, nikah yaşı yalnız 18 qəbul edilsə, bir sıra neqativ halların qarşısı alınacaq. Bununla da erkən nikah termini dilimizdən çıxacaq".

Xatırladaq ki, Ailə Məcəlləsində 10-cu maddə "Nikahın yaşı" adlanır. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son yaş həddidir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan qanunvericiliyinə görə, yalnız üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının Ailə Məcəlləsində də nikah yaşının 18 olduğunu qeyd edilir. Verilən yaşdan aşağı olan şəxslər nikaha daxil olmağa məcbur edildiyi halda cəza forması Azərbaycan Respublikası Cinayət Məcəlləsilə tənzimlənib. Azyaşlının məcbur nikaha daxil edilməsinə görə bu cinayəti törədən şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Valideynlərin erkən yaşda və ya yetkinlik yaşına çatmış şəxsi ailə qurmağa məcbur etməsi, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Yetkinlik yaşına çatmayan şəxslər valideynləri, yaxud qanuni himəçilərinin məsuliyyətindədir. Heç kəsin uşağın təhsil almaq və azadlıq hüququndan məhrum etmək ixtiyarı yoxdur. Hətta himayəçilər tərəfindən belə halın müşahidə olunması da yolverilməz hesab olunur.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə bildirib ki,əslində uşaq nikahları ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. K. Ağazadə əksər hallarda valideynlərin uşaqları alətə çevirdiyini söyləyir. Həmsöhbətimiz deyir ki, qızların 14-15 yaşdan ərə verilməsi faktları var: "Çox təəssüf ki, cəmiyyət erkən nikah bəlasından xilas ola bilməyib. Bu gün erkən nikahların azaldığını söyləmək olmaz. Sadəcə olaraq bu faktlar az üzə çıxır. Yaxşı ki, sosial şəbəkələr erkən nikah hallarını ictimaiyyələşdirir. Əks halda, bu məsələlərdən insanlar xəbər tutmaz, faktlar gizli saxlanılar. Biz çalışmalıyıq ki, uşaqların erkən nikaha cəlb edilməsində rol oynayan, bunun qarşısını almayan valideynlər də cəzalandırılsın. Cəzasızlıq mühiti olduqca bu hallar təkrarlanacaq. Ona görə də cəzalar daha da sərtləşdirilməlidir".

Məsələyə münasibət açıqlayan "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, daim erkən nikah məsələsi ilə bağlı maarifləndirmə işi aparılır, həmçinin, qanunla bununla bağlı cinayət məsuliyyəti də var: “Lakin qeyd edim ki, cinayət məsuliyyəti yalnız nikaha girən şəxslə bağlıdır. Unutmaq olmaz ki, burada iştirakçılar da var. Məsələn, araşdıranda məlum olur ki, erkən nikahların əksəriyyəti dini nikahla baş tutub. Belə olan halda dindarlar prosesdə iştirak edir və cəzasız qalır - baxmayaraq ki, Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə fətva verib ki, rəsmi nikah sənədi olmasa, dini nikah bağlamaq olmaz. Lakin göründüyü budur ki, bu işi hələ də davam edənlər var. Digər tərəfdən, əlbəttə ki, erkən nikaha valideynlər razılıq verir. Lakin onlar da bu məsələdə məsuliyyətdən kənarda qalırlar. Əgər məsələyə kompleks yanaşılmasa, həll olunmamış qalacaq. Çünki erkən nikahların mənfi təsirləri, cəmiyyətə vurduğu zərərlər barədə illərdir danışılır. Valideynləri övladlarını erkən nigaha məcbur etməkdənsə onlara təhsil verməyə çağırırıq. Maarifləndirmə işləri aparılır. Amma təəssüf ki, hələ də erkən nikah halları mövcuddur".

Onun sözlərinə görə, bəzən erkən nikaha təkcə qızlar deyil, oğlanlar da cəlb edilir: “Əlbəttə, bu zaman yetkinlik yaşına çatmayan oğlan cinayət məsuliyyətinə cəlb olunmur, çünki onun özü erkən nikaha cəlb edilib. 18 yaşa çatmayan şəxslər valideyn himayəsindədir və onların nikaha cəlb edilməsi məhz valideynlərin iradəsi ilə həyata keçirilir. Çox az sayda olur ki, 16-17 yaşda yeniyetmələr bir-birini sevib, qoşulub qaçırlar. Beləliklə, əgər 16-17 yaşda oğlan evlənirsə, deməli, valideynin iradəsi ilə evlənir, burada məcburi nikaha cəlb etdiyi üçün valideynə cəza verilməlidir. Amma bir məsələ də var ki, bəzən məcburi nikah təkcə 16-17 yaşda deyil, 20-22 yaşda da olur. Gənclər bəzən valideynlərinin iradəsinə zidd gedə, eləcə də qanuni yola əl ata bilmirlər. Səbəb də cəmiyyətimizdə övladın valideyndən şikayət etməsinin böyük qınaqla qarşılanmasıdır. Bu da qanunun həyata keçirilməsinə maneçilik törədir. Beləliklə, belə bir halla rastlaşan gənc valideynindən şikayət edəndə cəmiyyət tərəfindən yalnız o qınanılır, qınaq obyektinə çevrilir. Çox az halda kimsə gəncin tərəfində olur. Bu da qanunun icrasına mənfi təsir edir. Nəticə də belə neqativ hallar ortaya çıxmış olur".