Bu gündən rayonlara gedən sərnişinlərdən COVID-19 əleyhinə vaksinin birinci dozasının vurulması tələbi qüvvəyə minir. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.
Hafta.az-ın əməkdaşı yeni qərarla bağlı yaranmış vəziyyətlə tanış olmaq üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə üz tutdu.
Qarşılaşdığımız ilkin mənzərə isə belə oldu. Kompleksin iri ticarət mərkəzi olan girişində dayanmış nəzarətçilər vətəndaşlardan koronavirus əleyhinə peyvəndin hər iki dozasının olunduğunu göstərən sənəd tələb edirdilər. İş orasındadır ki, nəzarətçilər vaksin sənədinin olub-olmadığını yoxlamaq üçün şəxsiyyət vəsiqəsinə qane olmayıb, Covid pasportunun özünü, yaxud şəklini görməsələr girişə icazə vermirdilər. Doğrusu bu proses bizə bir qədər qaranlıq qaldı. Axı şəxsiyyət vəsiqəsi ilə hər iki dozanın vurulduğunu sistemdə yoxlamaq olur.
Amma, nəzarətçilər yekdilliklə bildirdilər ki, şəxsiyyət vəsiqəsi ilə yoxlanış zamanı vaksinin yalnız birinci dozası sistemdə görünür. İkinci dozanı görmək üçünsə mütləq şəkildə covid pasportunu təqdim etmək lazımdır. Sənədlərimizi təqdim edib, içəri daxil olduq. Bu dəfə də, Avtovağzal Kompleksinin 3-cü mərtəbəsindəki nəzarətçilər bizdən vaksinin hər iki dozasının olduğu sənədi soruşdular. Görünən odur ki, nəzarətçilər şəxsiyyət vəsiqəsi ilə vaksin pasportunu yoxlaya bilən avadanlıqla təchiz edilməyiblər. Hər bir halda əziyyət çəkən vətəndaşlar olur.
Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ilə əlaqə saxladıq.
Nuridə xanım avtovağzal daxilində yalnız birinci doza vaksinin tələb olunduğunu, sərnişindaşıma zamanı gələn ayın 1-ə qədər ikinci dozaya zərurət olmadığını bildirdi. Qurum rəsmisi yaranmış vəziyyətlə bağlı işçilərə xəbərdarlıq ediləcəyini də vurğuladı.
Girişlərdəki narazı sərnişinlərdən sonra, eyni dərddən gileylənən rayonlara sərnişindaşıma xidməti göstərən sürücülərlə həmsöhbət olduq. Marşurut xətti Gəncə-Bakı olan müsahibimiz deyir ki, yeni qaydadan sonra sərnişinlərin sayı 60 faizə qədər azalıb:
“Əvvəllər bu saatlarda avtovağzalda adam sıxlığı olurdu. Dünənə qədər yarım saata avtobusda azı 20 nəfər adam var idisə, indi cəmi 2 nəfər sərnişin var”.
Bir digər sürücü isə bu gün qarşılaşdığı mənzərəni bizimlə bölüşdü:
“Elə indicə bölgələrdən birinə getmək istəyən hamilə qadını vaksin olunmadığı üçün içəri buraxmırdılar. Qadın da deyir ki, “Bunlar məni 10 manat bahasına taksi ilə getməyə məcbur edirlər”. Bu da bizim müştərilərimizin azalmasına səbəb olur. Şəhərdaxili sərnişindaşımada Covid pasportu tələb olunmur, bir bizdə istəyirlər. Axı insanların çarəsizliyindən istifadə edib onları vaksinasiyaya məcbur etmək heç düzgün deyil”.
Bəhsikeçən hamilə qadınla da ayaqüstü söhbət apardıq. Qadın deyir, “hamilə qadınlara nə vaxtdan vaksin vurulur?”
“Mən Rusiyada yaşayıram, 3 aydır ki, Azərbaycana gəlmişəm. Vaksin sənədim olmadığına görə də boğaza yığılmışam. Hər yerdə saxlayırlar ki, “bura girmək olmaz”. Rusiyada testlə ölkədən çıxışıma icazə verdilər. Burada isə avtovağzala girəndə qoymurlar ki, “sən peyvənd olunmamısan”. Mən də dedim “gəl apar məni “uzi”yə, onda görərsən hamiləyəm ya yox”.
Bölgələrə sərnişindaşıma xidməti göstərən başqa bir sürücünün də ürəyi dolu idi. Adının açıqlanmasını istəməyən şəxs deyir ki, avtovağzala ciddi nəzarət edirlər. Vaksin sənədi olmayana bilet satılmır, biz də qalmışıq müştərisiz. Bəs bu nəzarət qanunsuz olaraq sərnişindaşıyan mikroavtobuslara niyə şamil edilmir?
“İndi həmin sürücülərin üzü gülür. Biz də qalmışıq sərnişinsiz. Onlar vətəndaşları vaskin pasportu oldu-olmadı daşıyırlar. Hətta qurulan bütün postlardan da rahatlıqla keçirdirlər”.
Narazı sürücünün şikayətinin izi ilə, vağzaldan ayrıldıq. Bu dəfə də rayonlara qanunsuz işləyən mikroavtobusların işi ilə maraqlandıq. Bilet qiymətindən 2-3 manat baha aparan bu sürücülər deyirlər ki, “Narahatlığa heç bir əsas yoxdur. Vaksin pasportu olmasa belə sizi mənzilbaşına problemsiz çatdırırıq. Puluna minnət...”
Son olaraq isə ağılımızı qurdalayan bir məqama da rəsmi aydınlıq gətirdik. Bu da şəxsiyyət vəsiqəsi ilə vaksinlə bağlı məlumatı yoxlayan zaman sistemdə yalnız birinci doza vaksin haqqında məlumat görünməsidir.
Hansı ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi daxilində xidmət göstərən bütün nəzarətçilər israrla bizi buna inandırmağa çalışırdı. Əlaqə saxladığımız rəsmi qurumdan – İcbari Tibbi Sığorta Agentliyindən deyildi ki, şəxsiyyət vəsiqəsi ilə yoxlanış zamanı sistemdə hər iki doza haqqında məlumat görünür.
Belə, getdik və şahid olduq ki, yeni qaydaların tətbiq edildiyi ilk gün, Bakı Beynəlxalq Avtovağzal Kompleksində xaoslu mühit meydana gəlib.