Bakının hansı ərazisində yaşıllıq daha çoxdur?

18:26 03.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bununla bağlı paytaxt rayonlarının reytinqi müəyyənləşdirilib

Ötən ilin sonunda Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda “Yaşıl guşələr”in yaradılması təşəbbüsünü irəli sürmüşdü. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə ictimai iaşə, ticarət, ofis binaları, müəssisə və digər obyektlərin qarşısında “Yaşıl guşələr” yaratmağı tövsiyə edilib və bununla bağlı müvafiq sərəncam imzalanıb. İri meqapolislərin yaşıllaşdırılması işində uğur qazanmış şəhərlərin təcrübəsi göstərir ki, sahibkarlar, müəssisə rəhbərləri və ayrı-ayrı vətəndaşlar birgə iş prosesində belə təşəbbüslərə qoşulduqda çox yaxşı nəticələr əldə edilə bilər.

“Yaşıl Bakı” Təşəbbüs Qrupundan "Report"a bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin ekoloji təşəbbüsünə çox sayda obyekt sahibləri, müəssisə rəhbərləri səs verdi və qısa vaxt ərzində paytaxtın yaşıllaşdırılması istiqamətində bir sıra işlər həyata keçirilib. Eyni zamanda bu təşəbbüsə bir sıra ictimai təşkilatlar da qoşulublar. Belə ki, “Yaşıl Bakı” Təşəbbüs Qrupu Bakı şəhərinin yeddi mərkəzi rayonunda aparılan monitorinqlərin nəticələrinə əsasən buradakı müxtəlif obyekt və idarələrin qarşısında yaradılmış ən yaxşı və ən pis “Yaşıl guşələr”in reytinqini tərtib edib. Təşəbbüs qrupundan verilən məlumata görə, reytinqə Xətai rayonu liderlik edir, siyahıda sonrakı yerləri Nərimanov və Səbail rayonları tuturlar. "Reytinq siyahısında sonuncu yeri Nəsimi rayonu tutub. Yasamal rayonunda da yaşıllaşdırma işləri qənaətbəxş deyil".

Məlumat üçün vurğulayaq ki, “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları” na görə, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir. Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir. Əhalisinin sayı bir milyondan çox olan şəhərlər çox iri, 250 mindən bir milyonadək olan şəhərlər iri, 100 mindən 250 minədək olan şəhərlər böyük, 50 mindən 100 minədək olan şəhərlər orta və 50 minədək olan şəhərlər kiçik şəhərlər qrupuna aiddir. Qəsəbələr kiçik şəhərlər qrupuna daxildir. Yarımsəhra zonasında ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20-30 faiz azaldıla, çöl və meşə-çöl zonasında isə 10-20 faiz artırıla bilər. Meşələrin əhatəsində, iri çay və su hövzələrinin sahil zonalarında yerləşdirilən orta və kiçik şəhərlərdə, qəsəbə və kənd yaşayış məskənlərində ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20 faizdən çox olmayaraq azaldıla bilər. Bir adama düşən yaşıllıq sahəsi isə iri şəhərlərdə 10, böyük şəhərlərdə 9, orta şəhərlərdə 7, kişik şəhərlərdə 8, qəsəbədə 8, kənddə isə 12 kvadratmetrdir. Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya-mühafizə zonasının eni 100 metrədək olduqda eni 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağının salınması nəzərdə tutulmalıdır.

Bundan başqa, ətraf mühitin mövcud vəziyyəti (atmosferin fon çirklənmə səviyyəsi, ərazinin relyefi, istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və s.) nəzərə alınaraq sanitariya-mühafizə zonasının eni dəyişdirilə bilər. Yaşayış məntəqələrində küçə və prospektlərin layihələn-dirilməsi zamanı bir adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kvadrat metr, orta şəhərlərdə 4 kvadratmetr, digər yaşayış məntəqələrində isə 3 kvadratmetr olmalıdır.

Əhalinin ümumi istifadəsində olan yaşıllıq sahələrindən, sanitariya-mühafizə zonalarının ölçülərindən, təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən asılı olaraq, tingliklərin (şitilliyin) sahəsi bir adam üçün 0,2-0,4 kvadratmetr nəzərdə tutulmalıdır.

Yeri gəlmişkən, hazırda iqtisadi, siyasi, texnoloji və digər səbəblərdən dünya əhalisinin 50 faizdən çoxu şəhərlərdə məskunlaşıb və bu göstəricinin 2050-ci ilə qədər 70 faizə qədər artacağı ehtimal olunur. Bu səbəbdən qabaqcıl dünya ölkələri beynəlxalq təşkilatların da dəstəyi ilə artan şəhərləşmənin yol açacağı ekoloji, demoqrafik və digər problemlərin qarşısını almaq üçün iqtisadi inkişaf və ətraf mühit arasında tarazlığı qoruyan dayanıqlı inkişaf modellərini tətbiq etməyə çalışır.

Beynəlxalq Səhiyyə Təşkilatının bu sahədə qəbul etdiyi normaya əsasən, şəhərlər üçün yaşıllıq sahələri şəhərin ümumi ərazisinin 10 faizdən az hissəsini təşkil edirsə bu aşağı göstərici, 40-60 faiz hissəsini təşkil edərsə yüksək göstərici sayılır. Başqa sözlə, adambaşına yaşıllıq norması şəhərlərdə minimum 9 kvadrat metrdən az olmamalıdır. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının 1992-ci il tarixli Ətraf Mühit və İnkişaf Konfransında qəbul olunan prinsiplər əsasında şəhərlərin ekoloji statusunu müəyyən edən meyarlar üzrə müxtəlif beynəlxalq qiymətləndirmə sistemləri yaradılıb.Fransanın Milli Elmi Tədqiqat Mərkəzinin (CNRS) məlumatına görə isə dünya təcrübəsində adi şəhərdə adambaşına düşən yaşıllıq sahəsi təxminən 25 kvadrat metr olmalıdır, paytaxt şəhərlərdə bu göstərici 15 kvadratmetr ola bilər.

Onu da qeyd edək ki, şəhər və qəsəbələrdə olan yaşıllıqlar bir qayda olaraq meşə fonduna daxil olmayan yaşıllıqlardır. Meşə fonduna daxil olmayan ağac və kol əkililərinin qanunsuz kəsilməsinə görə həm İnzibati Xətalar Məcəlləsində , həm də Cinayət Məcəlləsində inzibati və cinayət məsuliyyəti müəyyən edilib. Belə ki, meşə fonduna daxil olmayan ağac və kolbitkilərinin  qanunsuz kəsilməsi və ya götürülməsinə, məhv edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə uyğun olaraq fiziki şəxslər 2 min manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 25 min manat məbləğində cərimə edilirlər.

Eyni inzibati xəta şəhər və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrinin tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə hər bir ağacın və kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə və götürülməsinə görə, fiziki şəxslər 2.200 manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 35 min manat miqdarında cərimə edilirlər.Qeyd olunan bu inzibati pozuntular şəxsi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar , habelə kənd təsərüffatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət əkililərə şamil edilmir.

Bundan başqa, Cinayət Məcəlləsinin 219-cu maddəsində  qanunsuz ağackəsmə və 260-cı maddəsində meşələr və digər yaşıllıqların məhv edilməsi ilə bağlı cinayət məsuliyyəti müəyyən edilib. Belə ki, 219-cu maddədə meşə fonduna daxil olmayan yaşıllıqlara xeyli miqdarda ( 1000-7000 manat arası ) ziyan vurduqda , təqsirkar şəxslər 2 ilə qədər, külli miqdarda ( 7000 manatdan çox ) ziyan vurduqda isə təqsirkar şəxslər 2 ildən 5 ilə qədər müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Cinayət Məcəlləsinin 219-cu maddəsində göstərilən cinayət məsuliyyəti inzibati xətalarda olduğu kimi şəxslərin xüsusi mülkiyyətində olan həyətyanı bağ sahələrindəki yaşılıqlara, kənd təsərüffatı məhsulları üçün istifadə olunan bitkilərin kəsilməsi götürülməsi hallarına şamil edilmir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən ekoloq İslam Mustafayevin fikrincə, paytaxda yaşıllıqların daha da artırılmasına ehtiyac var: “Etiraf edək kii, bu gün də ölkədə yaşıllıqların qırılması davam edir. Bu, çox pis haldır. Yaşıllıqların artırılması istiqamətində görülən işlər də az deyil. Bu da sağlam həyatla yanaşı, Bakıda atmosfer havasının keyfiyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərinin qumlardan, tozlardan, avtomobillərin zərərli tüstülərindən qorunmaq üçün bu addımı alqışlayıram. Təbii ki, bu cür işlər tək hökumət orqanlarının deyil, yaşıllıqların qorunub-saxlanılması, becərilməsi həm də ümumxalq işinə çevrilməlidir. Çünki sağlamlıq ən ümdə vəzifədir. Lakin bu işə biganə yanaşanlar da az deyil. Məsələn, nisbətən iri sənaye obyektlərinin ərazisində ağac zolağının salınmasına ciddi fikir verilməlidir. Hər kəsə öhdəliklər vermək lazımdır. Müəyyən orqanlar bu işi öz üzərinə götürməlidir. Yaşıllıq sahəsi olan obyektlərin ərazilərini də qorumaq və həmin yaşıl guşəyə mütəmadi şəkildə qulluq etmələri vacibdir. Eyni zamanda insanlar arasında maarifləndirmə işləri gucləndirilməlidir ki, vətəndaşlar hardasa yaşıllıq məhv ediləndə bu işə biganə qalmasınlar”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.