İşğaldan azad edilmiş ərazilərdə mövcud olan kütləvi məzarlıqların açılması həm Azərbaycanın daxili qanunvericiliyi, həm də beynəlxalq hüquq normalarına görə cinayət əməli sayılır.
Bu fikirləri hafta.az-a beynəlxalq hüquq eksperti Səyyad Məcidov deyib:
"Beynəlxalq hüquqda əsasən 4 növ ağır cinayət fərqləndirilir – hərbi təcavüz cinayəti, müharibə cinayətləri, insanlıq əleyhinə cinayət, soyqırım cinayətləri.
Ermənistanın Azərbaycana hərbi təcavüzü dövründə bu sadaladığım bütün cinayətlərin hər biri törədilib. Qəbirlərlə bağlı təhqiramiz hərəkətlərin müharibə dövründə edilməsi həm də Cenevrə konversiyaların kobud şəkildə pozulması deməkdir. İşğal müddətində düşmən tərəf heç bir mədəniyyət abidəsinə, məzarlıqlara, ekosistemə zərər vurmamalıdır. Əks halda məsuliyyət daşıyır".
Ekspert onu da bildirdi ki, hazırda ermənilərin Xocalıda törədə biləcəyi hər hansı qeyri hüquqi hərəkətlər də gələcəkdə cinayət məsuliyyəti daşıya bilər:
"Bu gün döyüş şəraiti deyil, hərbi əməliyyatlar getmir və hazırda Xocalı düşmən tapdağı altındadır. Belə bir vaxtda orada ermənilərin hər hansı qeyri hüquqi hərəkət beynəlxalq hüquqda insanlıq əleyhinə cinayət hesab olunur. Bütün hallarda ermənilər indiyədək törətdikləri əməllərə görə məsuliyyət daşıyırlar".