“Azərbaycanın “COP 29” konfransına ev sahibliyi etməsi həm beynəlxalq, həm də regionun maraqları baxımdan mühüm addım olardı. Ümid edirəm ki, Azərbaycan bu mötəbər konfransa ev sahibliyi edəcək.”
Bunu hafa.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib.
Ekspert qeyd edib ki, artıq 30 ilə yaxındır ki, iqlim dəyişikliyinə qarşı beynəlxalq səviyyədə mübarizə məqsədi ilə beynəlxalq platforma formalaşdırılıb. Mütəmadi olaraq bu platforma çərçivəsində ayrı-ayrı dövlətlərdə beynəlxalq tədbirlər, konfranslar keçirilir.
Onun sözlərinə görə, bu gün beynəlxalq qlobal sistemdə ekoloji problemlərə olduqca ciddi bir yanaşma var. Dövlətlər bu istiqamət üzrə yaxından əməkdaşlıq edib, öz siyasətlərini koordinasiya etməyə çalışırlar.
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətləri mütəmadi olaraq tədbirlər keçirir. Bir çox dövlətlər çalışırlar ki, belə bir mötəbər konfransa ev sahibliyi etsinlər. Çünki belə bir tədbirə ev sahibliyi etmək dövlətin nüfuzuna beynəlxalq səviyədə müsbət təsir edir. Bu çərçivədə Azərbaycan və Ermənistan arasında bir-birini dəstəkləməklə bağlı razılaşmanın əldə olunması təqdirəlayiq haldır. Bu razılaşma iki ölkə arasında sülh prosesinə müsbət təsir göstərən məqam kimi qəbul edilir”.