Böyük Qayıdış tezləşəcək - aktual

11:10 24.11.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış daha da tezləşəcək. Həmin ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək və s. məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət proqramı" bu istiqamətdə əsas yol xəritəsi sayıla bilər.

Qeyd edək ki, qayıdışla bağlı təsbit olunmuş strateji istiqamətlər üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcəkdir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcəkdir. Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu, Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.

Bu müddət ərzində həm də işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət‒özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaqdır. Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaqdır. İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarət- xidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək. İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaqdır. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, işğaldan azad olunmuş ərazilərə insanların qayıtması, bu yurd yerlərinin abadlaşdırılması, həmin ərazilərdə yenidən həyatın canlandırılması hər bir azarbaycanlının müqəddəs arzusu olub: “Bu gün həmin arzu, istək reallaşır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin çox böyük uzaqgörənliyi, müzəffər ordumuzun gücü və qüdrəti, xalqımızın birliyi nəticəsində 30 ildən sonra həmin torpaqlar işğaldan azad olundu və bu gün öz sakinlərini gözləyir. İlk gündən həmin ərazilərin abadlaşdırılması, bərpa və yenidənqurulması, infrastruktur layihələrinin həyata keçirilməsi ölkə rəhbərinin başlıca vəzifəsi olub və cənab Prezident dəfələrlə xatırladıb ki, biz işğaldan azad olunmuş torpaqlarımızı tez bir zamanda bərpa edəcəyik, həmin torpaqları cənnətə, gülüstana çevirəcəyik. Əlbəttə ki, bu çox böyük səy və maliyyə tutumu tələb edir. Ancaq Azərbaycan iqtisadiyyatı güclüdür, davamlıdır, dayanıqlıdır və bu gün dövlət, dövlət rəhbəri qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün lazım olan bütün tədbirləri görür. Baxın, zəfərdən artıq 2 ilə yaxın vaxt keçir və həmin ərazilərdə bu müddət ərzində çox möhtəşəm işlər görülüb. İki böyük beynəlxalq hava limanı istifadəyə verilib, geniş yollar çəkilib, tunellər qazılıb, həmin ərazilərdə elektrik stansiyaları quraşdırılaraq istifadəyə verilib, yeni su anbarları yaradılır, körpülər salınır, eləcə də bir çox məsələlər, dəmir yolu, nəqliyyat, hava yolu istiqamətində səmərəli işlər həyata keçirilir. Ağdamda, Füzulidə məktəblərin tikilməsi, xəstəxanaların inşa olunması, həmçinin digər ərazilərdə təmir-tikinti işlərinin sürətlə aparılması göstərir ki, tez bir zamanda həmin torpaqlarda həyat canlanacaqdır. Bu gün eyni zamanda, Şuşada da çox möhtəşəm  işlər görülür və son dövrlərdə Şuşada keçirilən bir çox beynəlxalq tədbirlər və həmin tədbirlərdə nəinki ölkə vətəndaşlarının, xarici ölkə rəhbərlərinin, siyasətçilərin, jurnalistlərin iştirakı onu deməyə əsas verir ki, Şuşamız həqiqətən də az bir müddətdə Azərbaycanın mədəniyyət paytaxtı kimi öz gözəlliyini, mədəniyyətini bütün dünyaya göstərir”.

Millət vəkili vurğulayıb ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” Qarabağda görülən işləri daha da sürətləndirəcək: “Əlbəttə ki, bu günlərdə cənab Prezidentin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”ı böyük vəzifələri özündə əks etdirən bir sənəddir. Bu sənədin aydın hədəf və vəzifələri həmin Proqramda əks olunub. Sözsüz ki, əsas vəzifə kimi həmin ərazilərdə təhlükəsizliyin, normal həyatın təmin edilməsi qarşıya məqsəd qoyulub. Aydın məsələdir ki, həmin ərazilər Ermənistan tərəfindən işğal dövründə minalanıb və torpaqlarımıza 1 milyondan çox mina basdırılıb. Təbii ki, torpaqlar minadan təmizlənmədən orada yaşamaq, həyatı yenidən bərpa etmək təhlükəlidir. Ona görə də sözügedən Proqramda ilk olaraq ərazilərin təhlükəsizliyinin təmin edilməsi əsas hədəf kimi qoyulub. Sonrakı mərhələdə isə orada müasir qəsəbələrin salınması, yaşayış binalarının tikilməsi önəmli bir məqsəd kimi sənəddə öz əksini tapmışdır. Bundan sonra həmin ərazilərə mərhələli və davamlı şəkildə əhalinin köçürülməsi nəzərdə tutulur. Eyni zamanda, iqtisadiyyatın inkişafı ilə əlaqədar tədbirlərin görülməsi, həmin zonalarda bir çox emal müəssisələrinin istifadəyə verilməsi, aqrar sahənin inkişaf etdirilməsi, turizmin inkişafı, ekoloji tarazlığın təmin olunması başlıca məsələlərdəndir. Yəni, bu Proqram olduqca genişhəcmlidir və bununla dövlət həmin ərazilərdə həyata keçiriləcək layihələrlə bağlı qarşıya yeni vəzifələr qoymuş olub. Bu istiqamətdə işlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulmuşdur. Məsələn, gələn ilin büdcə sənədində bu istiqamətə 3 milyard manata yaxın vəsait nəzərdə tutulur. Əvvəlki illərdə də azad olunmuş ərazilərə büdcədə vəsait ayrılıb və həmin vəsaitlər yenidənqurma işlərinə sərf edilib. Bu da göstərir ki, gələn il və növbəti illərdə də Qayıdış Proqramı uğurla yerinə yetiriləcək”.

Oxunma sayı 3981