“Böyük Qayıdış” Zəngilandan başlayır

10:40 02.06.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri sürətlə gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair  müəyyənləşdirdiyi 5 milli prioritetin bir bəndi məhz işğaldan azad olunmuş ərazilərə Böyük qayıdış planının reallaşması prosesidir. Bu gün həmin ərazilərdə həyata keçirilən işlər deməyə əsas verir ki, 2022-ci il Azərbaycan tarixinə böyük qayıdış ili kimi düşə bilər. Çünki dövlət başçısının bu yaxınlarda Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində səsləndirdiyi fikirlər onu deməyə əsas veriri ki, “Böyük Qayıdış”a gedən yol uzaq deyil və bu tarixi yola ilk çıxan Ağalı kəndinin sakinləridir.

Qayıdış üçün hər rayondan bir çox kəndlər seçilib

Qeyd edək ki, Ağalı kəndində açılış mərasimində Prezident bir sıra məsələlərə toxunub və bildirib ki, bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil: “Biz iqtisadi cəhətdən müstəqilik. Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərib. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir. Bu haqda Azərbaycan xalqı müntəzəm olaraq məlumatlandırılır. Ancaq insanların qayıdışı üçün şərait olmalıdır. Bax, biz birinci layihəni icra etdik, bunu təqdim etdik, həm Ağalı kəndinin sakinlərinə, həm də bütün Azərbaycana. Bizim gələcək planlarımız da belədir. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, əlbəttə ki, bütün qalan yerləri də bərpa edəcəyik. Əlbəttə, ilk növbədə, böyük şəhərlərin Baş planları təsdiq edilməli idi. Məsələn, Ağdam, Füzuli və Şuşa şəhərlərinin Baş planları təsdiq olunub, dünən isə Zəngilan şəhərlərinin Baş planı təsdiqləndi, artıq işlərə başlanılmışdır. İndi Ağdamda yaşayış binaları inşa edilir, Füzulidə də hazırlıq işləri gedir, Zəngilanda isə gedəcək. Yəni, bu, böyük bir prosesdir və onu da bildirməliyəm ki, biz bu işi dövlət büdcəsi hesabına edirik. Heç bir yerdən heç bir yardım almamışıq, heç bir kredit almamışıq, heç bir ianə, yaxud da ki, bir hədiyyə almamışıq, öz gücümüzə arxalanırıq, necə ki, həmişə belə yaşamışıq, gücümüz qədər nailiyyətlər də əldə etmişik”.

Dövlət başçısı vurğulayıb ki, bu il də investisiya proqramı təsdiq olunub və proqrama əlavələr də ediləcək: “Mən bu gün bunu bəyan etmək istəyirəm. Biz dövlət büdcəsinə əlavələr etməliyik, çünki iqtisadi göstəricilər daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur. Ona görə biz bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər etməliyik ki, vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük həcmdə iş görək. İndi hökumətə tapşırılıb, yəqin yaxın gələcəkdə Milli Məclis bu məsələyə baxacaq ki, biz daha çox vəsait ayıraq. Mən demişəm, iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa edəcəyik. Ancaq hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur. Onu da hamımız bilməliyik ki, minatəmizləmə işi hələ də davam edir və əlbəttə ki, burada hər şey, bütün ərazilər minalardan təmizlənib. Əlbəttə, burada yaşayacaq insanlar bunu nəzərə almalıdırlar ki, ancaq minalardan təmizlənmiş ərazilərə gedə bilərlər”.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə yenidənqirma işlərinin reallaşması üçün dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Birinci rübdə isə həmin vəsaitdən cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə olunub. Baş planlar təsdiq olunandan sonra ancaq praktiki işlərə start veriləcək. Bu prosesdə əsas məsələ isə ərazilərin minalardan tam təmizlənməsidir. Bu məqsədlə də prosesi sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu, dövlət üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan vətəndaşların bölgələrə yerləşdirilməsi qorxuludur. Ərazilər minalardan tam təmizləndikdən sonra əhalinin yerləşdirilməsi prosesinə başlanılacaq.

4 şəhərin Baş Planı təsdiq olunub

Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasında Qarabağın tacı Şuşa şəhərində də quruculuq işləri aparılır. Şəhərin müfəssəl hazırlanan baş planı əsasında tikiləcək yeni yaşayış kompleksinin təməlini qoyulub. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar, abidələrin yerləri də öz əksini tapıb. Baş plan hazırlanarkən şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.

Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.

Şuşada 1 saylı ümumtəhsil məktəbinin də tikintisinə start verilib. Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

İşğaldan azad olunan Füzuli rayonunda da yenidənqurma, tikinti və quruculuq işləri sürətlə davam etdirilir. Bölgədə görülən işlər sırasında, qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilib.

Füzuli Memorial Kompleksi və Füzuli şəhərinin təməli, rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin əsası qoyulub. Bu layihənin beş kəndi birləşdirməsi, ümumilikdə 750 evin tikintisinin nəzərdə tutulub ki, bu da Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olduğunu göstərir. Füzulidə 50 minlik yeni şəhərin yaradılması nəzərdə tutulub. Şəhərdə yeni məhəllələr salınacaq və 4-5 mərtəbələi yaşayış binaların tikintisi aparılacaq. Bir sözlə şəhərə məxsus bütün infrastrukturlar formalaşdırılacaq. Ümumilikdə isə bu gün Ağdam, Füzuli, Şuşa və Zəngilan şəhərlərinin Baş planı təsdiqlənib və həmin planlara uyğun da quruculuq işləri aparılır.

 

Görülən işlər “Böyük Qayıdış”ı sürətləndirir

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov da hesab edir ki, hazırda işğaldan azad olunan ərazilərdə intensiv şəkildə həyata keçirilən bərpa və yenidənqurma işləri gələcəkdə sürətli məskunlaşmaya imkan yaradacaq:

“Deyə bilərəm ki, ərazilərimizin azad olmasından qısa zaman keçməsinə baxmayaraq çox böyük işlər görülüb. İlk növbədə yol-nəqliyyat infrastrukturu genişləndirilib. 700 km-dən artıq yol salınıb, təmir olunub. Əsas şəbəkələr, xüsusən də elektrik şəbəkələri artıq formalaşdırılıb. Digər yardımçı şəbəkələrin formalaşdırılması istiqamətində də işlər gedir. Artıq Zəngilan rayonunda “Ağıllı kənd”in açılışı oldu. İkinci ağıllı kənd Füzulinin Dövlətyarlı kəndində inşa olunacaq. Bu prosesə  yaxın zamanda başlanılacaq. Eyni zamanda Zəngilan, Ağdam rayonlarında da ağıllı kəndlərin inşa edilməsi qərarlaşdırılıb. Ümumiyyətlə bir neçə rayonun baş planı artıq hazırdır və digərləri də hazırlanır. Nəticə etibarilə bu gün azad edilən ərazilərdə infrastrukturun bərpası, yaşayış binalarının, məktəb, xəstəxana binalarının inşası, yollarla yanaşı, içməli su təchizatı və elektrik enerjisi təminatı istiqamətində görülən işlər “Böyük qayıdışı” sürətləndirən infrastruktur layihələrdir. Hesab edirəm ki, həyata keçirilən sürətli yenidənqurma işləri məcburi köçkünlərin daha qısa zamanda öz ata-baba yurdlarına qayıtmasını təmin edəcək”.

Onun sözlərinə görə, bərpa işlərlərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda iqtisadi inkişafa da xüsusi töhfə verəcək, inkişafın yeni lokomotivinə çeviriləcək: "Bu potensialın reallaşması nəticəsində həmin ərazilərimizin ümumi daxili məhsul istehsalının payında da artım müşahidə olunacaq. Gözlənilir ki, bərpa prosesindən sonra həmin bölgələrimizdə məhsul istehsalının formalaşması Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatındakı payının 8 faizədək yüksəlməsinə gətirib çıxaracaq".

Oxunma sayı 329