Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq və abadlıq işləri aparır. Hazırda Qarabağ və Şərqi Zərgəzurda “Böyük Qayıdış”la bağlı xeyli sayda infrastruktur layihələri həyata keçirilir. Bu məqsədlə həm 2021-ci, həm də 2022-ci ildə dövlət büdcəsindən Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri üçün 2,2 milyard manat vəsait ayrılıb. Bu ilin ortasında dünya bazarında neftin qiymətinin qalxması ilə Azərbaycanın 2022-ci il dövlət büdcəsinə yenidən baxılaraq sənədə edilən dəyişiklik çərçivəsində Qarabağın yenidən qurulması istiqamətinə yönləndirilən vəsaitin həcmi daha 470 milyon manat artırıldı. Bununla da son iki ildə Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən işlərlə bağlı dövlət büdcəsindən bütövlükdə 5 milyard manata yaxın vəsait ayrıldı.
Bunun nəticəsidir ki, ötən iki il müddətində işğaldan azad edilən ərazilərimizdə xeyli sayda meqalayihələr gerçəkləşdirilib. İlk növbədə infrastrukturun qurulması istiqamətində böyük işlər görülüb, yollar çəkilib, nəhəng tunellər salınıb. Ötən il Füzulidə cəmi 8 aya tikilib istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, eləcə də bu ilin oktyabrında açılışı həyata keçirilən Zəngilan Beynəlxalq Hava Limanı Qarabağ və Şərqi Zəngəzurda qısa zamanda gerçəkləşdirilən vacib layihələr kimi dəyərləndirilməlidir. Bölgənin iqtisadi və logistik imkanlarına müstəsna xidmət göstərəcək daha bir beynəlxalq hava limanının açılışı 2025-ci ildə planlaşdırılan Laçın hava limanının tikintisi də sürətlə aparılır. Ümumiyyətlə, təsdiq olunmuş investisiya planına əsasən, Qarabağ və Şərqi Zəngəzurda ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel tikiləcək, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa olunub. Bu ərazilərdə bir neçə su-elektrik stansiyasının açılışı həyata keçirilib. Artıq bütün şəhərlərin baş planları hazırlanıb və təsdiqlənib.
Təbii ki, zəfərdən sonra Böyük Qayıdışın ilk uğurlu addımları da atılıb və Zəngilanın "ağıllı kənd" konsepsiyası əsasında qurulmuş Ağalı kəndi sakinlərin ixtiyarına verilib. Bu yaxınlarda Ağdamda dövlət başçısının iştirakı ilə 3 kəndin - Xıdırlı, Kəngərli və Sarıcalının təməlləri qoyulub və yaxın iki il ərzində bu kəndlərin sakinləri də geri dönəcəklər. Növbəti ilin sonuna kimi Laçın şəhərinin bərpası nəzərdə tutulub. Şuşada da ilk yaşayış kompleksinin inşasına start verilib və gələn ilin sonunda şəhər ilk sakinlərini qəbul edəcək.
Burada bir məsələ xüsusi vurğulanmalıdır ki, Azərbaycan ötən iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan işləri heç bir təşkilatdan, donordan yardım almadan öz maliyyə gücü sayəsində reallaşdırıb. Təbii ki, Azərbaycan hökuməti üçün gələn il də Qarabağ və Şərqi Zərgəzurun bərpa və yenidənqurulması prioritet olacaq.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard, xərcləri isə 33,3 milyard manat proqnozlaşdırılır. Bu rəqəmlər Azərbaycanın müstəqillik tarixinin ən yüksək büdcə göstəriciləridir. Növbəti il üçün icmal büdcənin gəlirləri 33 milyard 6 milyon manat, xərcləri 37 milyard 949 milyon manat proqnozlaşdırılır.
2023-cü ilin dövlət büdcəsinin layihəsində Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası" ilə qarşıya qoyulmuş vəzifələrin mərhələli şəkildə icrası, əhalinin, şəhid ailələrinin, müharibə veteranlarının sosial müdafiəsi üzrə tədbirlərin daha da gücləndirilməsi, əməyin ödənişi sahəsində islahatların davam etdirilməsi, təhsil, elm, səhiyyə sahələrində islahatların növbəti mərhələsinin həyata keçirilməsi üçün maliyyə resursları nəzərdə tutulur.
Büdcə siyasəti qarşısında duran əsas çağırışlardan biri isə Böyük qayıdışın tərkib hissəsi kimi sözügedən ərazilərdə əhalinin dayanıqlı məskunlaşması üçün ilkin şərtlərin yaradılması, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası, qabaqcıl rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosial və biznes infrastrukturunun yaradılması, ümumi məhsul istehsalında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payının artırılması kimi mühüm tədbirlərin icrası üçün maliyyə təminatının yaradılmasıdır.
İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha geniş həcmlərdə davam etdirilməsi, keçmiş məcburi köçkünlərin öz əzəli yurdlarına mərhələli şəkildə qayıtması və məskunlaşması, bunun üçün sosial-məişət, təhlükəsizlik və məşğulluq şəraitinin yaradılması üzrə tədbirlərin həyata keçirilməsi, həmin ərazilərdə dövlət idarəetmə qurumlarının təşkili və fəaliyyəti ilə bağlı 2023-cü ilin dövlət büdcəsinin layihəsində də müvafiq maliyyə təminatı yaradılıb.
Belə ki, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 330 milyon və ya 12,4 faiz çoxdur.
Dünən parlamentdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov da təsdiqləyib ki, yeni ildə Qarabağ və Şərqi Zərgəzurda aparılan yenidənqurma işlərinin daha da sürətləndirilməsi üçün hökumətin bir sıra planları var: ““Vətən müharibəsində tarixi qələbəmizdən dərhal sonra azad edilmiş ərazilərdə başlayan quruculuq işlərinə cari il üzrə istifadə olunmamış bəzi vəsaitlərin də bu istiqamətə sərf edilməsi ilə toplam 9 milyard manatdan artıq vəsait yönəldilib. 9 milyard 300 milyon vəsait 3 ildə azad edilmiş ərazilərin bərpası üçün xərclənib. Azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqlarda iqtisadi fəaliyyətinin canlandırılması məqsədilə bir sıra qanun layihələri də Milli Məclisə təqdim edilib. Prezidentin azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı sərəncamının həyata keçirilməsi üçün Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə və s. dəyişikliklər hazırlanıb”.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı xərclər Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasının 2030-cu ilədək sosial iqtisadi inkişafa dair Milli Prioritetləri və 2022-2026-cı illərdə Sosial İqtisadi İnkişaf Strategiyasının ehtiva etdiyi məqsədlərin reallaşdırılması vəzifələri çərçivəsində maliyyələşdiriləcək. Müvafiq olaraq 2023-cü ildə Strategiya çərçivəsində qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün ayrılan 5 milyard 244 milyon manat həcmində vəsaitin 60 faizlik hissəsi Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və quruculuq işlərinin görülməsinə yönəldiləcək”.
Hökumət həm də Böyük Qayıdışı sürətləndirmək üçün Dövlət Proqramı da hazırlayıb. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, artıq layihə aidiyyəti üzrə təqdim olunub: “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Dövlət proqramının layihəsi hazırlanaraq hökumətə təqdim edilib. Proqram hazırda baxılmaqdadır. Prezidentin müvafiq sərəncamına uyğun olaraq təkliflər paketi hazırlanıb. Vergi güzəştlərinin tətbiqi, özəl təşəbbüslərin, emal sahəsinin stimullaşdırılması üçün güzəştlərin tətbiqi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin azad edilmiş ərazilərə cəlb edilməsi, azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl tərəfdaşlığının artırılması planlaşdırılır. Yaxın tarixlərdə azad edilmiş ərazilərdə əlavə olaraq 350 iş yeri yaradılacaq. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövrünü əhatə edən strateji dövrə daxil olub. Milli iqtisadiyyatın maliyyə dayanıqlılığının daha da gücləndirilməsi istiqamətində yeni hədəflər gerçəkləşdirmək əzmindəyik. 2022-2026-ci illər sosial-iqtisadi inkişaf modelinin uğurla tətbiq edilməsi üçün təməl şərtlər işə salınacaq”.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən millət vəkili Müşfiq Cəfərov deyib ki, Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir: “Artıq iki ildir işğaldan azad olunmuş Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir. Erməni vandalizminin qurbanı olan və 30 il müddətində viran qoyulan Qarabağ yenidən qurulur.
Ötən iki il ərzində azad edilən ərazilərdə bir sıra layihələr başa çatdırıldı, eyni zamanda yenilərinin təməli qoyuldu. Qısa müddətdə Qarabağda iki beynəlxalq hava limanının təhvil verilməsi ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsindən xəbər verir.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi cəhətdən quruculuğun təmin edilməsi ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilməlidir. Qarabağın ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinə inteqasiyası üçün həmin ərazilərdə kifayət qədər potensial imkanlar mövcuddur. Regionun təbii sərvətlərlə zəngin olması bir sıra istiqamətlərdə, xüsusilə sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün böyük üstünlüklər yaradır.
Düşünürəm ki, bütövlükdə Qarabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur regionuna aid olan Kəlbəcər və Laçın bölgələri turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, yay və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir. Qarabağın azad və innovativ iqtisadiyyat mərkəzinə çevrilməsi üçün dövlətimizdə bütün imkanları mövcuddur. İki il kimi qısa müddətdə Qarabağ öz doğma sakinlərinə qovuşdu və mühüm işlər görüldü”.