Məşhurluq əldə edən insanlar az tanınan müğənnilərlə müqayisədə orta hesabla təxminən 5 il daha tez vəfat ediblər. Bu isə göstərir ki, erkən ölüm riskinə həyat tərzi və iş tələblərindən çox, şöhrətin özü təsir göstərir.
Hafta.az xəbər verir ki, "The Guardian" nəşri bu barədə Avropa İttifaqı və ABŞ-dən olan alimlərin araşdırmalarına istinadən məlumat verib.
Tədqiqatın nəticələrinə görə, solo ifaçılar özlərini məşhur musiqi qruplarının vokalçılarından daha pis hiss edirlər. Bu, onların daha həssas olmaları, üzərlərindəki təzyiqin çoxluğu və emosional dəstəyin azlığı ilə əlaqələndirilir.
Tədqiqatlarda iştirak edən Vitten Universitetinin psixologiya və şəxsiyyət diaqnostikası üzrə professoru Mixael Dyufner əldə olunan nəticələrlə bağlı bildirib:
"Bu, narahatlıq doğurur, çünki məşhur musiqiçilərin həqiqətən də vaxtından əvvəl ölüm riski altında olduğunu göstərir".
Hər onillikdə həyatları parlaq, lakin qısa olan ulduzlar olub. 2010-cu illərdə Emi Uaynhaus, Uitni Hyuston, Prins, Corc Maykl və Kit Flint vəfat edən məşhurlar arasındadırlar. Araşdırmalar göstərir ki, ölüm riskinin artması əsasən müğənnilərin məşhurlaşmasından sonra baş verir və bu da şöhrətin erkən ölümün mümkün səbəbi olduğu fikrini gücləndirir. Bununla belə, tədqiqat nəticələri yekun hesab edilmir. Axı qoca yaşlarına qədər yaşayan sənətçilər də az deyil. Ehtimal olunur ki, hər şey məşhurların öz populyarlığına münasibətindən qaynaqlana bilər.