Bu gün məhkəmə, istintaq və təhqiqat orqanları “ictimai nəzarət” adı altında ciddi təzyiq mühitində işləyir.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov bildirib.
“Biz əgər ədalətli, obyektiv hərtərəfli araşdırma arzu ediriksə, cinayət təqibini aparan orqan, ədalət mühakiməsini keçirən məhkəmə birmənalı şəkildə bütün qanunsuz təsirlərdən azad olmalıdır. Amma bu gün hüquq mühafizə orqanları prosessual qanunvericilik çərçivəsində bir addım atmamış artıq antimilli dairələrin muzdlu mediası və sosial media seqmenti öz ssenariləri ilə çıxış etməyə başlayır ki, filankəs hakimiyyətin göstərişi ilə tutuldu, filankəs siyasi məhbusdur, yaxud inanclı məhbusdur. Son qoyulmalıdır bu yersiz ritorikaya. Qərəzli medianın, ayrı-ayrı siyasi qrupların, siyasiləşmiş sosial media vəkillərin cinayət təqibi üzərində ictimai mühakimə qurması, cinayət təqibi orqanları üzərində linç kampaniyası yolverilməzidir. Onsuz da cinayət-prosessual qanunvericiliyi ona yönəlib ki, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın. Biz əgər mövcud qanunvericiliklə, təbliğatla bu mənfi tendensiyanın qarşısını ala bilmiriksə deməli artıq bu sahədə qanunvericiliyin sərtləşdirilməsi labüddür”-deputat bildirib.