Bu xalqı sizi çoxdan boykot edib, siz kimi baykot edirsiz? - Bəhruz Məhərrəmov

11:20 19.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Elan edilmiş növbədənkənar prezident seçkiləri sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkanıdır. Azərbaycan xalq; hərbi-siyasi qələbələrimizdən doğan yeni reallığa, yalnız cənab İlham Əliyevlə  adlamağı arzulayır və bu mənada Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini müəyyən etməklə ilk növbədə xalqın tələbini, cəmiyyətin təkidli sifarişini yerinə yetirmiş oldu”.

Hafta.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin bugünkü iclasında bildirib.

Deputat qeyd edib ki, bu gün heç bir siyasi qüvvənin İlham Əliyevin namizədliyi qarşısında şansı yoxdur.

“Amma bu prosesdə hər kəsə cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququnu reallaşdırmaq üçün sağlam şərait yaradılıb. Konstruktiv müxalifətin rahat şəkildə seçki marafonuna qatılması bu reallığı bir daha təsdiq edir”.

B.Məhərrəmov bildirib ki, antimilli ünsürlərin bu dəfə də prosesdən kənarda qalması əslində  xəyanətkar, təxribatçı və qorxaq mahiyyətin ifadəsidir.

“5 min adam tapıb partiyalarını qeydiyyatdan keçirə bilməyən bir ovuc ünsür, indi guya seçkiləri “boykot” edir. Bu xalqı sizi çoxdan boykot edib, siz kimi boykot edirsiz?”

Deputat eyni zamanda deyib ki, bu gün Azərbaycanda seçkilərin boykot edilməsi üçün heç bir siyasi-hüquqi şərait və zərurət yoxdur. Boykot cəhdi əslində bu dərnəklərin təxribatçı mahiyyətinin ifadəsidir və yeganə məqsəd də budur ki,  siyasi sabitlik pozaraq  ölkənin daxili məsələlərinə müdaxilə arzusunda olan xarici qüvvələr üçün fürsət yaratsınlar.

“Amma hər kəs başa düşməlidir ki, İlham Əliyevin qurduğu nizamı nə bu gün, nə gələcəkdə heç bir xarici və daxili ünsür zədələyə bilməz.

Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi seçkidir və bundan kənar istənilən cəhd ictimai sabitliyə yönələn təhdiddir və milli maraqlara yönəlik istənilən təhdid Azərbaycan xalqının iradəsi ilə beşiyindəcə boğulacaq.

İndi ənənəvi destruktiv qərb strukturları bu reallığın fərqindədir və Avropa Parlamentinin bir qrup korrupsioner deputatı da başda olmaqla bəzi dairələr beynəlxalq ictimaiyyət adından ölkəmiz əleyhinə saxta bəhanələr altında seçki öncəsi bəyanatlar verməyə başlayıblar.

Beynəlxlaq ictimaiyyətin Azərbaycana real baxışınının göstəricisi  3-5 korrupsioner deputatın, yaxud çürümüş neoimperialistlərin bəyanatları yox, 200-ə yaxın ölkənin yekdil rəyi ilə dünyanın ən mötəbər tədbirlərindən biri olan COP 29-un ev sahibliyini Azərbaycana həvalə etməsidir. Bu cənab İlham Əliyevin də ifadə etdiyi kimi, bizə olan ehtiramın ifadəsidir və bu ehtirama möhtərəm Prezidentin qətiyyəti ilə nail olmuşuq”.