Bundan sonra “Laçın dəhlizi” sözü istifadə olunmayacaq - Ekspert

12:40 10.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Laçın istiqamətində cərəyan edən proseslər regionda yeni mərhələnin başlanmasına start verib. Azərbaycan hərbi gücü Laçında bir sıra yüksəkliklərə nəzarəti ələ keçirməklə məlum mövqeyə sahib olub. Laçında mövcud hərbi üstünlük nə ilə bağlıdır?

Bu istiqamətdə hafta.az-a açıqlama verən hərbi ekspert Ülvi Qədir bildirib ki, sərhədboyu düşmənin yerləşdiyi ərazilərə nəzarət etmək, irəliyə getmək üçün çox önəmlidir.

“Azərbaycan Ordusunun “Qisas” əməliyyatında strateji yüksəklikləri ələ keçirməsi gözəl taktiki gedişdir. Bununla da Azərbaycan Ağdərə, Xocavənd, Əsgəran və sülhməramlıların dairəsində olan digər ərazilərə birbaşa nəzarət edə biləcək.

Bundansonrakı zamanda da bizim belə əməliyyatlarımız olacaq. 10 Noyabr Bəyanatından sonra, bir çox adam ruhdan düşdü ki, artıq rus hərbçiləri Qarabağa gəlibsə, nəzarəti tam əlimizə ala bilmərik. Müharibə birtər-bitməz Fərruxu, sonra müəyyən başqa yüksəklikləri məhz Rusiya sülhməramlılarının orada olduğu zaman nəzarətə götürdük. Deməli, Azərbaycanı öz hədəflərindən heç nə yayındıra bilməyəcək”.

Ü.Qədir bildirir ki, “Laçın dəhlizi” illərdən bəri həm Azərbaycan, həm dünya mediasında ən çox səslənən ifadə olsa da, onun da dilimizdən çıxmasına sayılı günlər qalıb.

“Yeni bir yol da çəkilib. Azərbaycan tərəfi yolu təhvil verməyə hazırdır, Ermənistan tərəfi isə vaxtı uzatmaq istəyir.

Avqustun 25-dək ərazi boşaldılmalıdır. Millətçidüşüncəli ermənilər Laçına dəstək şüarları ilə  aksiyalar keçirirlər. Bunun heç bir əhəmiyyəti yoxdur. Təbii ki,  ermənilər də oradan çıxacaq və əraziyə Azərbaycan birbaşa nəzarət edəcək. Bundan sonra “Laçın dəhlizi” sözü istifadə olunmayacaq”.

Ü.Qədir hesab edir ki, müharibədənsonrakı dövrdə üç rayonumuz döyüşsüz boşaldılan zaman paralel olaraq Azərbaycan əsgərlərinin də ora yerləşdirilməsi baş vermədiyi üçün düşmən tərəfi bizim meşə təsərrüfatımıza, evlərimizə böyük ziyanlar vurdu. Ermənilərin eyni hərəkətləri bu gün də təkrarlana bilər.

“Laçın boşaldılandan sonra heç kəs zəmanət verə bilməz ki, ermənilər meşələri, evləri yandırmayacaq, orada minalar basdırılmayacaq”.

Erməni təxribatlarının məhz sülhməramlıların nəzarəti altında olan ərazilərdə baş verdiyini deyən Ü.Qədir düşmənin rusların Qarabağda öz vəzifələrini düzgün icra etmədiyinə görə bu addımları atdığını vurğulayır.

Onun sözlərinə görə, 1992-1993-cü illərdə Kəlbəcərdə Zod yolu və Laçın dəhlizi ermənilərin əraziyə daxil olması, hərbi təxribatlar üçün əlverişli idi.  44 günük müharibədə hər iki yol düşməndən təmizlənib. Faktiki olaraq hazırda “Laçın dəhlizi” dediyimiz ərazinin Rusiya sülhməramlılarının nəzarətində olmasına baxmayaraq, Zabux kəndindən ermənilərin köçməsi bir çox mühüm mətləbdən xəbər verir.

“Ermənilər ötən yaxın tarixdə SSRİ-nin dağılması ilə ölkədə yaranan hərc-mərclikdən istifadə edərək, torpaqlarımızı işğal etdilər. Ermənistan tərəfi Azərbaycan Ordusu ilə Rusiya sülhməramlılarını qarşı-qarşı qoymaq istəyir. Azərbaycan bu istiqamətdə öz siyasətini düzgün qurub və düşünmürəm ki, düşmənin niyyətləri yerinə yetsin. Ordumuz hər gün yenilənir, inkişaf edir. Ermənilər nə qədər revanşist iddialarla çıxış etsələr də, ordusu heç nəyə qadir deyil. Ermənilər Azərbaycan ərazilərində müharibə aparmaq gücündə deyil”.

Oxunma sayı 321
Siyasət rubrikasından digər xəbərlər