“Çin və Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq xalqlarımıza fayda verəcək” – Hərbi attaşe Vanq Lei

19:15 29.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakıda Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 95-ci ildönümü qeyd olunub.

Hafta.az-ın yazdığına görə, öncə Azərbaycanın və Çinin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Çinin Azərbaycandakı Səfirliyinin hərbi attaşesi, polkovnik Vanq Lei Çin ordusunun yaranmasından, onun möhkəmləndirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışıb. Bildirib ki, Çin ordusu dünyada sülhün qorunmasına böyük töhfələr verib. Çin xalqı daim sülhsevərliyi ilə tanınıb, eyni zamanda özünümüdafiə qabiliyyətini ildən-ilə daha da inkişaf etdirib. Çin Silahlı Qüvvələri öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, dünyada sülhün möhkəmlənməsi üçün əməli tədbirlər görür.

“Ötən 95 il ərzində Çin Kommunist Partiyasının uzaqgörən rəhbərliyi altında Çin Azadlıq Ordusu milli varolma, milli müstəqillik, xalqların azadlığı, regional sabitlik və dünyada sülhün bərqərar olması üçün qəhrəmancasına mübarizə apararaq milli suverenliyin mühafizəsi, təhlükəsizliyin təminatında və dünyada sabitliyin qorunmasında mühim rol oynayıb. Çin xalqı daima sülhsüvərliyi ilə tanınıb. Çin dövləti dinc inkişaf yoluna sadiqdir və həmişə aktiv müdafiəyə əsaslanan milli müdafiə siyasəti yürüdüb” deyən attaşe qeyd edib ki, ölkəsinin heç vaxt genişlənmə, təsir dairəsini artırmaq, hegemonluq etmək kimi niyyətləri olmayıb. Onun sözlərinə görə, yeni dövrdə Çinin milli müdafiəsini təqdir edən də məhz bu xüsussiyyətlərdir.

Cənab Vanq Lei bildirib ki, Çin öz Silahlı Qüvvələrini müasirləşdirmək və gücləndirmək yönümündə durmadan uğurlara imza atmaqdadır. “Ölkəmiz hər zaman öz müdafiəsini təmin edəcək, milli maraqlarını maksimum qoruyacaq və həm də bu yolda hər cür risk və çətinləklərlə üzləşməyə hazırdır. Çin böyük bir ölkə olaraq bəşəriyyət üçün ümumi gələcəyi olan icma konsepsiyasını vicdanla həyata keçirir” deyən diplomat qeyd edib ki, ölkəsi həmçinin, beynəlxalq vəzifələrini səmərəli şəkildə yerinə yetirir.

Attaşe qeyd edib ki, Çin yeni dövrdə beynəlxalq əməkdaşlığı hərtərəfli inkişaf etdirməklə yanaşı, bütün dünya qurumları ilə qarşılıqlı etimadı gücləndirməyə davam edir. Bildirib ki, Çin ordusu BMT-nin sülhməramlı əməliyyatlarında aktiv iştirak edir, BMT Təhlükəsizlik Şurasına daimi üzv ölkələr arasında ən böyük qoşun yerləşdirən dövlət olmaqla yanaşı, beynəlxalq dəniz müşaiyyətində, təbii fəlakətlrin nəticələrinin aradan qaldırılmasında, koronavirus epidemiyası ilə mübarizə və humanitar yardımların çatdırılmasında iştirak edir, dünyada sülhü qorumaq üçün əməli tədbirləri həyata keçirir.   

Azərbaycan - Çin münasibətlərinə toxunan cənab Vanq Lei qeyd edib ki, iki ölkə arasında əlaqələrin tarixi çox qədimdir. Onun sözlərinə görə, xalqlarımız hələ 2 min il öncə Böyük İpək Yolu vasitəsilə ticarət əlaqələri saxlayıblar.

Diplomat qeyd edib ki, Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. İki ölkə arasında 30 illik diplomatik münasibətlər Azərbaycan və Çin liderləri tərəfindən daha da inkişaf etdirilir, iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlıq daha da genişlənir.

“Ölkələrimiz arasında beynəlxalq və regional əməkdaşlıq getdikcə daha da inkişaf edir. Biz əminik ki, cənab sədr Si Tsinpin və prezident İlham Əliyevin güclü rəhbərlikləri altında iki ölkə Silahlı Qüvvələrinin birgə səyləri ilə hər iki tərəf dialoq, strateji məsləhətləşmələr və praktik əməkdaşlıqda daha səmərəli nəticələr əldə edəcək. Əminik ki, münasibətlərimiz mütləq yeni mərhələyə qədəm qoyacaq. Çin və Azərbaycan Silahlı Qüvvələri arasında dostluq və əməkdaşlığı daha da dərinləşdirmək hər iki dövlətin maraqlarına tam uyğundur və şübhəsiz ki, xalqlarımıza fayda verəcək” deyən hərbi attaşe çıxışının sonunda bir atalar sözünü xatırladıb: Həyatda heç bir şey, hətta dağlar və okeanlar belə ortaq məqsəd və baxışları olan insanları ayıra bilməz...

Daha sonra tədbir səmimi və mehriban ab-havada davam edib. Qonaqlar Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 95-ci ildönümü münasibətilə təbriklərini bildirib, həmçinin Çinin beynəlxalq sülhməramlılıq, dəniz müşayiəti, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, yeni koronavirus epidemiyası ilə mübarizə və humanitar yardım sahəsində göstərdiyi fəal səylərə öz heyranlıqlarını bildirib, Çinin milli müdafiə və hərbi quruculuq sahəsinə yeni və daha böyük nailiyyətlər arzulayıblar.

Tədbirdə “Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 95-ci ildönümü” adlı fotosərgi təşkil olunub və qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Siyasət rubrikasından digər xəbərlər