Cinayət cəzasız qalmır - GÜNDƏM

12:34 05.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycana qarşı ağır cinayətlər törətmiş, soyqırımlar, etnik təmizləmə, separatizm kimi ağır əməllərdə iştirakı olan xunta rəhbərləri ardıcıl olaraq həbs edilir, Azərbaycanın ədalət məhkəməsinə təhvil verilir. Bu siyahıda onlarca əli dinc azərbaycanlının qanına batmış erməni cinayətkarlarının rəhbərlərinin adlarını görmək mümkündür. İndi bir sual yaranır: yerli məhkəmələrdə çıxarılacaq hökmlərlə ədalətin bərpası kifayətdirmi? Axı saxlanılar şəxslər beynəlxalq səviyyədə qəbul edilmiş dəyərləri, konvensiyaları pozan qatı cinayətkarlardır. Onların beynəlxalq ədalət məhkəməsinə təhvil verilməsi nə dərəcədə realdır?

Bu istiqamətdə «Həftə içi»nə müsahibə verən Milli Məclisin deputatı Sevil Mikayılova,  “Haqq-hesab zamanıdır”, – deyir:

 “Otuzillik münaqişə tarixində Ermənistanın revanşist qüvvələri Azərbaycana qarşı beynəlxalq səviyyəli cinayət əməlləri, soyqırımlar törədiblər. Azərbaycanlılara qarşı həm Ermənistan ərazisində, həm Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılıb. Bir milyondan çox insanımızın öz doğma yurdundan qovulması, insan hüquqlarının pozulması, əmlakının talan edilməsi, maddi-mədəniyyət abidələrimizin dağıdılması artıq beynəlxalq konvensiyaların pozulmasını təsdiq edir.  30 il müddətində Ermənistanın o vaxtkı hakimiyyətləri, eyni zamanda Azərbaycan ərazisində mövcud olan qeyri-qanuni separatçı rejim tərəfindən xalqımıza divan tutulub”.

Deputat qeyd edir ki, erməni separatçılar haqq-ədalətin öz yerini tutacağını və bir gün ədalət məhkəməsi qarşısında cavab verəcəklərini gözləmirdilər.  Ona görə də daha azğın, bəşər tarixində görünməyən qeyri-insani cinayət əməllərini törədiblər. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməllərinin bədəli olacaq və onu törədənlər cavab verəcəklər. O gün gəlib-çatıb, haqq-ədalət yerini tutub. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlar azad olunub,  separatçı rejimin ağ bayrağı qaldırılıb.  İndi də məhkəmədə haqq-hesab zamanıdır”.

S.Mikayılova təbii olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq, ədalət məhkəməsinə müraciət edərək, cinayətkarların beynəlxalq tribunal qarşısında cavab verməsini istədiyini bəyan edib. Onun sözlərinə görə, ermənilərin törətdiyi cinayətlər faşist Almaniyasının törətdiyi cinayətlərindən zəif deyil, əksinə,  daha ağırdır:

“Həm Xocalı soyqırımı, həm də Azərbaycan ərazisində törədilmiş digər erməni cinayətləri ilə bağlı bütün sübutlar yaradılan dövlət komissiyaları tərəfindən kodlaşdırılıb. Cinayətin şahidləri var. Bu gün Xocalı qatili Vaqif Xaçatryana qarşı aparılan cinayət işindən danışırıq. Baş Prokurorluq bununla bağlı 60-a yaxın şahid ifadəsini dinləyib. Biz canlı şahidlərdən, sübut üçün məhkəməyə təqdim olunacaq digər əşyayi-dəlillərdən  danışırıq ki, onlar kifayət qədərdir. Ona görə də belə insanların beynəlxalq hüquq qarşısında cavab verməsi üçün beynəlxalq məhkəmələrə müraciət ediləcək”.

S.Mikayılova Azərbaycanın özünün belə bir məhkəmə quraraq, dünyanın diqqətini ona yönəltməsini mümkün hesab edib. Eyni zamanda bildirib ki, erməni cinayətlərinin miqyasını, erməni vəhşiliyini bütün dünyaya göstərmək üçün məhz beynəlxalq məhkəmələrin qurulması zəruridir: 

“Onlar beynəlxalq məhkəmələr qarşısında cavab verəcək qədər qatı cinayətkarlardır. Biz onsuz da Azərbaycan ərazisində cinayətlər törətmiş, Azərbaycan Konstitusiyasını pozmuş şəxsləri Azərbaycan qanunlarına uyğun olaraq mühakiməsini təmin edəcəyik. Biz erməni cinayətlərinin beynəlxalq aləmdə tanınmasını təmin etməliyik”.

Deputat erməni vandallarının əsl simasının dünyaya göstərilməsi üçün informasiya mübarizəsinin gücləndirilməsini zəruri sayıb. Onun sözlərinə görə, ermənilərin informasiya təxribatları, erməni cinayətlərinin dünya miqyasında təqdimatı baxımından bu sahədə imkanların daha da genişləndirilməsi təkif olunur. Azərbaycan münaqişənin ilk illərində qarşılaşdığı informasiya blokadasını çoxdan yarıb: “İlk vaxtlar beynəlxalq səviyyədə Ermənistana uduzmağımızın bir səbəbi də o idi ki, onlar buna uzun illər hazırlaşmışdılar. Erməni diasporu bu gün olduğu kimi o zaman da güclü idi. Əvvəla, müasir texnologiyaların inkişafı bu blokadanı yarmağa imkan yaratdı. Digər tərəfdən, bu gün Azərbaycanın gücü 90-cı illərin səviyyəsində deyil. Mən, xüsusilə Azərbaycan Prezidentinin çox fəal xarici siyasət apardığını qeyd etmək istəyirəm. Prezident elə bir beynəlxalq səviyyəli tədbir, format olmayıb ki, orada Qarabağ məsələsini qaldırmasın”.

Deputat qeyd edir ki, informasiya cəbhəsini yarmaq üçün Azərbaycanın kifayət qədər resursu var. Onun sözlərinə görə, bu işlər beynəlxalq platformalarda diplomatlarımız, Azərbaycan parlamentinin deputatları tərəfindən uğurla aparılır.

Qulu Məhərrəmli, siyasi ekspert:

- Azərbaycanın Qarabağ üzərində öz suverenliyini bərpa etməsi və mümkün olan bütün vasitələrdən istifadə edərək xunta rejimini darmadağın edib, rəhbərlərini həbs etməsi ciddi beynəlxalq hadisədir və dövlətlər tarixində ən parlaq, yaddaqalan səhifələrdən biridir.  Bugünkü dünyada aqressiv millətçilik, separatizm, etnoseparatizm hərəkatı geniş yayılıb. Avropanın özündə, Asiya ölkələrində etnik qrupların ölkə daxilində mərkəzi hakimiyyətə tabe olmaması və bu prosesdə beynəlxalq hüquqda “millətlərin öz müqəddəratını təyin etməsi” kimi maddəyə istinad etməsi ciddi problemlər yaradır.

Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, beynəlxalq ictimaiyyətin əleyhimizə olduğu bir şəraitdə dövlətimiz məsələni çox uğurla həll edə bildi. Bu, digər separatçı hərəkatlara bir mesajdır. Bu, bir daha dünyaya bəyan elədi ki, etnoseparatizmin heç bir perspektivi yoxdur, dövlət müstəqilliyi, istənilən dövlətin suverenliyi, onun ərazi bütövlüyü, öz ərazisi üzərində hakimiyyətin bərpa olunması əsas faktorlardan biridir. Bütün dövlətlərin müstəqilliyi suveren hüquqları buna söykənir. 

Bu prosesdə Azərbaycanın güclü diplomatik vasitələrdən istifadə etməsi, tarixi şəraiti düzgün dəyərləndirməsi, addımlarını düzgün seçməsi çox ciddi  rol oynadı. Bundan sonra da mürəkkəb proseslər gedəcək. Ermənilər bir müddət yenə də "insan haqları, qaçqın-köçkün" bayatılarını çalacaqlar. Amma nə olursa, olsun Qarabağda yaşayan ermənilərin müstəqillik mənasında heç bir siyasi gələcəyi yoxdur.  Azərbaycan Ordusu, diplomatiyası, müstəqil Azərbaycan dövləti bu məsələyə son qoydu.

Əli Mustafa, hüquqşünas:

- 30 il müddətində Azərbaycanın Qarabağ ərazisində məskən salan və orada “boz zona” yaratmağa çalışan erməni separatçı rejiminin rəhbərlərinin həbsi dünyanı ciddi faktlar qarşısında qoyacaq. Bu həbslər, Azərbaycan ərazilərinin uzun müddət işğal altında qalması və orada formalaşan separatçı rejimin dövlətin qanunlarına qarşı çıxaraq, ölkə ərazisində terror yuvası yaratması, bütövlükdə regionda revanşizmin genişlənməsi gerçəkliyini təqdim edəcək. Separatçı rejimin rəhbərlərinin həbsi və onların mühakiməsi zamanı ortaya çıxan dəlillər, sübutlar dünya ictimaiyyətinə çatdırılmaqla erməni vandallığının əsl simasının təqdimatı baxımından da əhəmiyyətli olacaq.

Separatçıların həbsi onu göstərdi ki, sərhədlərimiz və təhlükəsizliyimiz  etibarlı qorunur. Digər tərəfdən Azərbaycan dövləti müstəqil siyasət yeridir, xarici təsirlərə qarşı qətiyyətli iradə sərgiləyə bilir və cinayətkarların həbsini həyata keçirir. Bir daha göründü ki, Azərbaycan hüquq-mühafizə orqanları peşəkar işləyir və cinayətkarları tapıb ortaya çıxarır. Eləcə də Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti Qarabağa nəzarət edir.

İnformasiya siyasəti Azərbaycan dövlətçiliyinin ayaq üstə qalmasının bir nömrəli şərtlərindən biridir. Azərbaycan milli maraqlarına xidmət edən informasiyaların dünya çapına çatdırılması üçün ciddi işlərə, peşəkar menecer fəaliyyətinə ehtiyac var. Biz dünyanı Azərbaycan həqiqətlərinə inandırmalıyıq. Dünya cinayətkarların həbsinin səbəblərini bir daha öyrənməlidir. Bu həbslər, bu gün baş verən çox ciddi hadisələrdir. 30 il ərzində cinayətkarlar əl-qollarını sallayıb ərazilərimizdə gəziblər. Heç bir cəza almayıblar. Nəhayət ədalət zəfər çalır. Azərbaycan əraziyə nəzarəti təmin edəndən sonra ilahi ədalət Azərbaycanda öz yerini tutur. Qanunların bu bölgədə işləməsini təmin edir. Cinayətkarların tutulması da qanunların aliliyinin təminatı kimi təqdim olunmalı, başa düşülməlidir. Azərbaycan xalqına qarşı erməni faşizmi tərəfindən böyük soyqırımlar törədilib. Erməni faşizminin cəzalanma dönəmi gəlib. Biz bütövlükdə cəmiyyət olaraq bu işdə dövlətə dəstək verməli, vətəndaş mövqeyimizlə yanında olmalıyıq”.

Siyasət rubrikasından digər xəbərlər