Dərmanlar ucuzlaşacaq? - Aktual

14:19 13.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 “Dərman vasitələri haqqında” qanunda dəyişikliklər olacaq. Qeyd edək ki, artıq bununla bağlı layihə Milli Məclisdə ilk oxunuşdan keçib. Qanun ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemi qurulmasını nəzərdə tutur, bir çox anlayış, o cümlədən dərman vasitəsinin dövlət qeydiyyatı, resept anlayışları yeni redaksiyada verilir.

Sənədə əsasən, Azərbaycanda dövlət reyestrinə daxil edilməyən dərmanların satışına qadağa qoyulacaq. Eyni zamanda, dərman vasitələrinin dövlət reyestri aparılacaq. Bundan başqa, dövlət qeydiyyatı tələb olunmayan dərman vasitələrinin siyahısı hazırlanacaq. Bununla bağlı "Dərman vasitələri haqqında" qanuna yeni bəndlər əlavə edilir.

Yeni bəndə əsasən, aşağıdakı dərman vasitələrinin dövlət qeydiyyatı tələb olunmayacaq:

- dövlət qeydiyyatından keçmiş dərman vasitələri əsasında resept üzrə aptek təşkilatlarında hazırlanan dərman vasitələri;

- Müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) bu Qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmasına yol verilmir;

- Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələri bu Qanunun 6.8-ci maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınır.

- Azərbaycanda dövlət qeydiyyatına alınan dərman və tibb vasitələri, habelə dərman maddələri dövlət reyestrinə təkrarlanmayan nömrə ilə daxil edilir.

- “Lisenziyalar və icazələr haqqında” qanunun və bu qanunun tələbləri nəzərə alınmaqla dərman və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Tibb vasitələrinin risk dərəcəsindən asılı olaraq təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

- Dərman və tibb vasitələrinin, habelə dərman maddələrinin dövlət qeydiyyatı haqqında vəsiqə 5 (beş) il müddətində qüvvədə olur.

- Dövlət qeydiyyatının qüvvədə olduğu müddət ərzində ölkə daxilində dövriyyəyə buraxılmış dərman vasitələrinin dövlət qeydiyyatının qüvvədəolma müddəti bitdikdən sonra onun son istifadə tarixi bitənədək satışına və istifadəsinə yol verilir.

- Dərman vasitələrinin ekspertizası əsasında qablaşdırılması Azərbaycan, türk, rus, ingilis, alman, ispan, italyan, fransız və macar dillərində olan, dərman vasitələrinin sadələşdirilmiş ekspertizası əsasında isə beynəlxalq patentləşdirilməmiş adı və əmtəə nişanı adı latın və ya kiril əlifbasında olmaq şərtilə qablaşdırılması hər hansı dildə olan dərman vasitələri dövlət qeydiyyatına alınaraq dövlət reyestrinə daxil edilir və həmin dildə olan qablaşdırma ilə idxalına, satışına və istifadəsinə yol verilir.

Qanunun 2023-cü il noyabrın 1-dən qismən, 2024-cü il yanvarın 1-dən tam qüvvəyə minməsi planlaşdırılır.

Bəs, görəsən, bu dəyişiklik bazara necə təsir göstərəcək?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı ekspert Xalid Kərimli deyib ki, mövcud qanuna nəzərdə tutulan dəyişikliklər ucuzlaşmaya səbəb ola bilər:

"Bu, xüsusən dərman vasitələrinin dövlət qeydiyyatının sadələşdirilməsi səbəbindən dərman bazarında rəqabətin güclənməsi nəticəsində baş verə bilər. Nəzərə almaq lazımdır ki, rəqabət güclü olan bazarlarda idxalçılar və ya sahibkarlar məhsulları daha ucuz təklif edirlər. Eyni zamanda qiymətlərin təyin olunmasında dövlətin nəzarət mexanizminin tətbiqi də müəyyən qədər ucuzlaşmaya gətirib çıxaracaq. Məlun olduğu kimi, ölkəmizdə Tarif Şurasının qiymətini tənzimlədiyi 14 min adda dərman var. Yəni satış məntəqəsindən asılı olmayaraq, həmin dərmanlar respublikanın istənilən aptekində eyni qiymətə satılmalıdır. Lakin məsələ həmin dərman vasitələri ilə tamamlanmır. Sahibkarlar digər dərmanlara istədikləri qiyməti tətbiq edə bilirlər. Ölkə üzrə aptek sayının çox olmasına baxmayaraq, dərman sahəsinin spesifikliyi bazarda qiymət müxtəlifliyinə səbəb olur”.

Ekspert vurğulayıb ki, dərman bazarının xüsusilə bir neçə iri idxalçıdan asılı olması da qiymətlərin bahalaşmasına ciddi təsir göstərir: "Çünki rəqabət mühiti zəifdir. Lakin yeni qanun ilə qiymət siyasəti müəyyən ediləcək, həmçinin bazara daxil olan təsdiq olunmamış dərmanlara nəzarət mexanizmi də işə düşəcək. Bütün bunlar onu deməyə əsas verir ki, dəyişikliklərdən sonra ölkədə dərman vasitələrinin ucuzlaşması müşahidə edilə bilər. Lakin bu həm də yeni qanunun effektiv tətbiqindən asılıdır. İstənilən halda, "Dərman vasitələri haqqında" qanuna edilən dəyişikliklər vətəndaşların xeyrinədir və bu bazara müsbət təsir göstərə bilər".

Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov isə qeyd edib ki, dərman vasitələrinin qiymətlərinin yüksək olması Milli Məclisdə dəfələrlə müzakirə olunub və bununla bağlı təkliflər verilib: “"Dərman vasitələri haqqında" qanuna 4 yeni maddənin əlavə olunması, eyni zamanda 11 maddə üzrə 86 dəyişikliyin aparılması təklif olunub. Nəzərdə tutulan dəyişikliklərdə Avropanın və digər aparıcı ölkələrin meyarlarına, dünya praktikasına istinad edilib”.

Millət vəkili vurğulayıb ki, Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətləri müəyyən edilən zaman qiymətlərin bəlli bir mexanizmə görə tənzimlənməsi həyata keçirilməlidir: "Bütövlükdə qiymətlərin ucuzlaşmasının ən optimal yolu yerli istehsalın təşkil olunmasıdır. Yerli istehsalın təşkil edilməsi birmənalı şəkildə qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər. Bu, dərman bazarında qiymətlərin strateji baxımdan uzunmüddətli dövrdə aşağı həddə saxlanmasının ən uyğun yoludur. Məsələn, qardaş Türkiyədə yerli istehsalın genişləndirilməsi dolayısı ilə qiymətlərin optimallaşmasına gətirib çıxarıb. Nəticədə Türkiyə dərman idxal edən ölkədən ixracatçıya çevrilib. Qardaş ölkənin bu sahədəki təcrübəsini nəzərə almaqla, Azərbaycanda da türk şirkətləri ilə birgə dərman istehsalının təşkil edilməsi məqsədəuyğundur".