Diplomların tanınmasında yenilik gözlənilir - Təhsil

10:30 15.12.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda diplomların tanınmasına dair yeni qanunun qəbulu nəzərdə tutulur. Bu sahədə xeyli yumşalmalar və konseptual baxımdan müəyyən dəyişikliklər olacaq. Qeyd edək ki, bu fikirləri mətbuata açıqlamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova deyib.

Onun sözlərinə görə, quruma diplomların tanınması ilə bağlı edilən müraciətlərin böyük əksəriyyəti Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Rusiya və bəzi Qərb dövlətlərindən olur: “Tanınmada üç əsas məsələ nəzərə alınır. Birincisi, namizəd tələbə təhsil almaq niyyətində olduğu ali təhsil müəssisəsinin həmin ölkədə akkreditasiyasının olub-olmamasına fikir verməlidir. Bəzi hallarda vətəndaşlarda elə bir fikir formalaşır ki, namizədin seçdiyi universitet Fransa və ya İsveçrədədirsə, araşdırma aparmağa ehtiyac yoxdur. Belə yanaşma kökündən yanlışdır. Avropa ölkələrində də akkreditasiyadan keçmədən fəaliyyət göstərən universitetlər var”.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, təkcə bu ilin oktyabr ayında xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı sözügedən quruma 467 müraciət daxil olub. Həmin müraciətin 406-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 61 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Eyni zamanda, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 22, dil üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 19, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Qeyd olunub ki, ölkələr üzrə müraciətlərin sayında Türkiyə Respublikasından 140, Rusiya Federasiyasından 133, Ukraynadan 93, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 13, digər ölkələrdən isə 70 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 55, iqtisadiyyat üzrə 38, tibb üzrə 33, biznesin idarə edilməsi üzrə 28, stomatologiya üzrə 18 nəfər müraciətçi qeydə alınıb.

Mövzu ilə bağlı qəzetimizlə fikirlərini bölüşən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, əksər hallarda xaricdə təhsil xidməti göstərən şirkətlər valideynlərin məlumatsızlığından sui-istifadə edirlər: “Bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distant və ya fərdi qrafik üzrə təhsilə üstünlük verirlər. Xaricidə təhsil xidməti göstərən şirkətlər valideyin və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları təhsilin bu formasına yönəldirlər. Həmin universitetlər, ixtisaslar ölkəmizdə tanınsa da, təhsilalma forması bizim normativ hüquqi aktlara uyğun olmadığından diplomları tanınmır. Şirkətlər valideyn və abituriyentlərə Elm və Təhsil Nazirliyi tərəfindən həmin universitetlərin tanndığını göstərirlər və bu barədə nazirliyin müvafiq idarəsinin rəsmi saytında da məlumat var. Lakin universitetin ölkəmizdə rəsmi tanınması onun təhsilalma formasının da tanınması demək deyil. Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığı olur. Tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsil üçün müraciət edirlər. Sonda isə illərini, zamanlarını boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan diplom əldə edirlər”.

Onun sözlərinə görə, hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır: "Amma bu formada təhsilalmanın özü də diplomun tanınması demək deyil. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə semestr müddətində 90 gün olmalıdırlar. Əgər onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, diplomların tanınması ilə bağlı ünvanlanan müraciətə imtina cavabı verilir. Bundan başqa, hansısa tələbənin xaricdə qiyabi təhsil aldığı ixtisas ölkəmizdə yalnız əyani formada tədris olunursa, bu halda da diplom tanınmır. Diplomun tanınma müddəti isə minumum 6 ay, maksimum 2 il ərzində həyata keçirilir. Siz xaricdə qiyabi təhsil almısınızsa xüsusilədə Türkiyə, Ukrayna və Rusiya ölkələrində diqqət etməlisiniz ki, hər 2 smestr yəni 1 il ərzində ölkədən giriş-çıxış müddətiniz 30 günü keçməsin. Bu prosedur zamanı sizin telefonunuza mütəmadi olaraq bildirişlər gələcək".

Ekspert vurğulayıb ki, diplomuun tanınması proseduruna təqdim edilən sənədlər universitetə göndərildikdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi araşdırma edib ona uyğun olaraq mübət və ya mənfi cavab verir: "Buna əlavə olaraq qeyd etməliyəm ki, əgər sizin agentliyə təqdim etdiyiniz sənədlərlə, təhsil aldığınız ali təhsil müəssisəsinin təqdim etdiyi sənədlər eyni olmazsa, Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomu tanımayacaq. Xarici diplomların Azərbaycanda tanınmasını həyata keçirən Agentlik öz rəsmi saytında bildirir ki, tanınan universitetlərin siyahısı nə Təhsil Nazirliyi, nə də ki TKTA tərəfindən müəyyənləşdirilməmişdir. Yəni, tələbə xarici diplomların tanınması məsələsini düşünərkən universitet və ölkə seçimində sərbəstdir. Universitet və ölkə seçimi sərbəst olsa da, diqqət olunası məqam təhsil alacağınız universitetin öz ölkəsində tanınması ilə bağlıdır. Hər iki qurumun tövsiyə etdiyi ENIC-NARIC bazasından akkreditə olunan, yəni öz ölkəsi tərəfindən rəsmən tanınan universitetlərin siyahısını əldə edə bilərsiniz. Universitetin akkreditə olunması diplomun tanınması demək deyil. Yəni, tələbə, hansısa bir xarici, yaxud ölkəsi tərəfindən tanınan hətta reytinqli universitetdə istənilən ixtisasda təhsil ala bilməz. Tələbə magistratura planlaşdırırsa, o zaman bakalavr ixtisasına uyğun olaraq qanunla müəyyənləşmiş magistatura ixtisaslarından birini seçmək hüququna malikdir. Eyni zamanda, bakalavr ixtisasının qanunla müəyyənləşmiş qaydada düzgün seçilməsi önəmlidir. Çünki tələbə xarici universitetdə bakalavr ya magistratura təhsili alıb, Azərbaycana qayıtdıqdan ona diplom tanınması barədə veriləcək şəhadətnamədə qeyd olunur ki, xaricdə aldığı təhsil Azərbaycanda tədris olunan hansı ixtisasa bərabərdir".

Ekspert həmçinin deyib ki, Elm və Təhsil Nazirliyi və TKTA universitet siyahısını verməsə də, düzgün seçim etmək üçün istinad edilə biləcək müəyyən mənbələr var: "Qeyri-rəsmi olsa da, təhsil qurumlarımız universitetin bir sıra reytinq saytlarında yer almasının tərəfdarıdır. Bu mənbələr Times Higher Education World University Rankings, QS World University Rankings, Academic Ranking of World Universities (Shanghai Ranking) və digərləridir. Dolayısı ilə, tələbə universiteti seçərkən çalışmalıdır ki, həmin universitet heç olmazsa, bu saytlarda olan siyahıda yer alsın. Siyahıda olmazsa, bu o demək deyil ki, diplom tanınmaz. Sadəcə, işi asanlaşdırmaq üçün reytinqə fikir verməkdə fayda var".

Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Elçin Əfəndi isə qeyd edib ki, əgər xaricdə təhsil almış tələbənin diplomu Azərbaycanda tanınmırsa, bunun məsuliyyəti tələbənin üzərinə düşür: “Çünki bəzən təhsil almaq istəyənlər və ya təhsil alanların ümumi araşdırma aparmadan birbaşa xaricə təhsil almağa üz tutduğunun şahidi oluruq. Yəni, onlarda seçdikləri universitetlərin diplomunun tanınıb-tanınmaması ilə bağlı ümumi fikir formalaşmır. Belə olanda onlar ölkəyə qayıtdıqdan sonra diplomları tanınmır.  Diplomun tanınmamasının başlıca səbəbi həmin universitetin ümumi reytinq sıralamasında yer almamasından qaynaqlanır. Eyni zamanda şəxsin iddia etdiyi ixtisas üzrə biliklərinin hansı səviyyədə olması və həmin ölkənin təhsil dilini bilməməsi əsas səbəblərdəndir. Əlavə olaraq iddia etdiyi dövr ərzində onun ölkədən giriş və çıxış tarixləri xarici pasportunda əksini tapırsa, o zaman diplom tanınır. Bu faktlar olmayanda Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplomun tanınmaması barədə qərar verilir. Belə hallarda iddiaçılar diplomlarının tanınması üçün məhkəməyə şikayət edə və iddia qaldıra bilərlər. Məhkəmə də faktları yenidən gözdən keçirib ona uyğun qərar verir.

Hər zaman tələbələrə və onların valideynlərinə tövsiyə edirik ki, bir müddət universitetləri ciddi şəkildə araşdırsınlar, daha sonra qərar qəbul etsinlər. Əks halda onların pulu və zamanı boşa getmiş olacaq”.