Dollar 90, avro 98 rublu ötdü: Azərbaycana təsiri olacaqmı?

10:45 05.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rublun ucuzlaşması davam edir. Dünən günün ikinci yarısında Moskva birjasında dolların məzənnəsi 2022-ci il martın 28-dən bəri ilk dəfə olaraq 90 rublu ötüb. Avro da 29 mart 2022-ci ildən bəri ilk dəfə 98 rubldan baha olub.

Hafta.az-ın yazdığına görə, Rusiya Mərkəzi Bankının sədr müavini Kseniya Yudayeva bildirib ki, “xarici ticarət balansının aşağı düşməsi rublun ucuzlaşmasına səbəb olub”. Yudayeva, "Bu il cari əməliyyatlar balansında rüblla müqayisədə xeyli azalma müşahidə edirik. İxrac gəlirlərinin azalması da bunda təsirli olub, xammal satışında qiymətlərin aşağı düşməsi də vəziyyətə təsir edib. Amma burada heç bir risk görmürəm” deyib.

Mütəxəssislər ötən həftə xəbərdarlıq etmişdilər ki, Rusiya idxalının ixracı üstələməsi və cari hesabda kəsir yaratması üçün cəmi 7 milyard rubl (80 milyon dollar) qalıb. Analitikin fikrincə, bu həddi keçərsə, dolların 100 rubl həddini aşacağı qaçılmaz görünür. Analitiklər Rusiyanın ən böyük problemini “idxallara zərər vermədən rublun ucuzlaşmasının qarşısını almaq” kimi xarakterizə ediblr.

"Rusiya rublu son 2 ayda dollara nisbətən 14 faiz ucuzlaşıb. Sanksiyalar rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür. Digər tərəfdən, Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Bu baxımdan, Rusiya pulunun manata nisbətən dəyər itirməsi Azərbaycanın ixrac edilən qeyri-neft məhsullarının rubl ifadəsində bahalaşmasına səbəb olur. Bu isə qeyri-neft ixrac imkanları baxımından arzuolunan deyil".

Bu sözləri isə məsələyə münasibət bildirən millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, tədiyə balansında profsit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin ilk 5 ayında 5,1 faiz möhkəmləndirib.

"Qeyd edək ki, tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Bu aspektdən, ixracatın strukturunun keyfiyyət baxımdan daha da təkmilləşdirilməsi prioritetdir. Rusiya daxil olmaqla, qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Amma Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır", - millət vəkili deyib.