Dünyada 735 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir

10:25 13.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2022-ci ildə aclıq təhlükəsi ilə üzləşən insanların orta sayının 735 milyon olduğunu açıqlayıb.

Hafta.az-ın yazdığına görə, hesabat Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (ÜƏP), Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD), BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, Romadakı BMT agentlikləri tərəfindən hazırlanıb. 

Hesabatın təqdimat mərasimində videomesajla çıxış edən BMT-nin baş katibi Antonio Quterreş “Heç kim ac qalmamalıdır” deyərək açıqlama verib.

Hesabata görə, 2019-cu ildən bəri müxtəlif böhranlardan əziyyət çəkən ac insanların sayı 122 milyon nəfər artıb. Bu böhranlara Kovid-19 pandemiyası, Ukraynadakı müharibə və müxtəlif iqlim şokları daxildir. 2022-ci ildə dünyada təxminən 691-783 milyon insanın aclıqla üzləşdiyi və bu rəqəmin orta hesabla 735 milyon olduğu bildirilib.

Dünyada aclıqla üzləşən insanların sayı 2021 və 2022-ci illərdə sabit qalsa da, qida böhranının daha da pisləşdiyi bir çox regionların olduğu bildirilir.

Hesabatda Asiya və Latın Amerikasında aclığın azalma tendensiyası olduğu, lakin Qərbi Asiya, Karib dənizi və Afrikada aclıq nisbətlərinin hələ də artdığı və Afrikanın ən çox təsirlənən bölgə olduğu qeyd edilib. Mövcud tendensiya davam edərsə, 2030 Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində “aclığa son qoymaq” məqsədinə nail olunmayacağı barədə xəbərdarlıq edilib.

Digər tərəfdən, FAO-nun Statistika Bölməsinin direktoru Joze Rosero Moncaya, Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı suala belə cavab verib: "Qara Dəniz Taxıl Təşəbbüsü ərzaq qiymətlərinin aşağı salınmasına və sabit qalmasına kömək edəcək çox yaxşı layihədir. Biz, FAO olaraq bu təşəbbüsün davam etməsini istəyirik”.