İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın pasportu Qvatemalaya getmək üçün gəldiyi Tehran hava limanında müsadirə edilib və ölkəni tərk etməsinə icazə verilməyib.
Hafta.az-ın yazdığına görə, keçmiş prezidentə yaxınlığı ilə tanınan “dolatebahar.ir” saytının Telegram hesabında paylaşılan xəbərə görə, beynəlxalq su ehtiyatlarının idarə edilməsi simpoziumunda iştirak üçün Qvatemalaya getmək istəyən Əhmədinejad kəşfiyyat qüvvələri tərəfindən bloklanıb.
Sözügedən xəbərdə “özlərini kəşfiyyat və təhlükəsizlik işçisi kimi təqdim edən şəxslər bu gün İmam Xomeyni hava limanına gələrək Əhmədinejadın pasportunu ələ keçirib və İran millətinin qulluqçusunun Qvatemalaya getməsinə mane olublar” deyilir.
İranın “İttilaat” qəzeti təhlükəsizlik rəsmilərinin “beynəlxalq sanksiyalara görə həbs olunma ehtimalı” və Qvatemaladakı “qeyri-sabit təhlükəsizlik və siyasi şərait” səbəbindən Əhmədinejada ölkədən çıxmamağı tövsiyə etdiyini və onun səfərinin ləğv edildiyini yazıb.
ABŞ prezidenti Co Bayden İranın keçmiş prezidenti Əhmədinejadı və İran Kəşfiyyat Nazirliyini sentyabrın 18-də Vaşinqtonla Tehran arasında məhbus mübadiləsi zamanı ABŞ vətəndaşlarının İranda “ədalətsiz” saxlanmasında oynadıqları rola görə sanksiya siyahısına daxil etdiyini açıqlayıb.
Əhmədinejad 2005-2013-cü illərdə iki müddət İran prezidenti olub. ABŞ administrasiyası 2007-ci ildə İranda itkin düşdüyü bildirilən Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş əməkdaşı Robert Levinsona görə o vaxtkı prezident Əhmədinejadı və Kəşfiyyat Nazirliyini günahlandırır.