Ekoloji qanunvericiliyi pozanlar

19:24 03.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ötən il təbiətə ziyan vurulmasına görə 868 nəfər vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib

2020-ci ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 120,7 min hektar olan 10 dövlət təbiət qoruğu, sahəsi 421,4 min hektar olan 10 milli park və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcud olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2019-cu ildə 1486 müəssisədə müvafiq müayinələr aparılmış və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 35,8 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 45,8 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 37,9 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 868 nəfər vəzifəli şəxs və vətəndaşlardan 955 min manat məbləğində cərimə tutulub.

Qeyd edək ki, Azərbaycanda ekoloji vəziyyət, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlar, onların qorunması dövlət üçün prioritet sahələrdəndir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi isə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.

Məlumdur ki, biomüxəlifliyin qorunması bütün canlı varlıqlar üçün bioloji həyatın mühafizəsində mühüm rol oynayir. Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi də indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçünsə iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur.

Azərbaycanda ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədə çatmaq üçün vəzifələrə gəlincə, buraya ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istifadə edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi,eyni və müxtəlif nəsillərin nümayəndələri arasında təminatın ədalətlilik prinsipləri əsasında həyata keçirilməsi,insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin olduğu kimi qorunub saxlanılması daxildir. Ekoloji siyasətin prinsiplərinə gəlincə, qısa müddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla qərarların qəbul edilmə prosesinin həyata keçirilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması, ətraf mühitin mühafizəsi sahəsində qərarlar hazırlanarkən ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin cəlb edilməsinin genişləndirilməsi, ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün aztullantılı, güclü və çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsidir.

Aparılan tədqiqatlar onu göstərir ki, hazırda ölkəmizdə əsas ekoloji problemlər su ehtiyatlarının çirklənməsi, yəni, Xəzər dənizinin sənaye və məişət tullantı suları ilə çirkləndirilməsi, su obyektlərinin, o cümlədən transsərhəd çayların çirkləndirilməsi, tullantı sularının idarə olunması, yəni, təmizləyici qurğularının gücünün formalaşan tullantı sularından az olması, tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılması daxildir. Bundan başqa, atmosfer havasının çirklənməsi, stasionar mənbələrdən çirklənmələr, səyyar mənbələrdən çirklənmələr, torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.), yəni, erroziya və şoranlaşma prosesləri, torpaqların tullantılarla çirkləndirilməsi, torpaq örtüyünün həddindən artıq otarılması da əsas ekoloji problemlərdən sayılır. Eyni zamanda, bərk məişət və sənaye, həmçinin təhlükəli tullantıların tələb olunan səviyyədə utilizasiya olunmaması, tullantıların tam səviyyədə idarə edilməməsi, qeyri-qanuni poliqonların mövcudluğu, biomüxtəlifliyin, o cümlədən flora, fauana və xüsusi ilə balıq ehtiyatlarının seyrəkləşməsi, iqlim dəyişikliklərinin təsiri nəticəsində biomüxtəlifliyin azalması, yaşayış məskənlərinin genişlənməsi ilə bağlı antropogen təsirlər, meşə və yaşıllıq sahələrinin miqyasınının azlığı, meşə ərazilərinin miqyasının qəbul edilmiş normadan azlığı, yaşayış məntəqələri ərazisində yaşıllıqların tələb olunan səviyyədən aşağı olması, hərbi konfliktlər nəticəsində ətraf mühitə dəyən zərərlər və s. əsas ekoloji problemlər arasındadır.

Təbii ki, ölkəmiz müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb və formalaşmağa başlayıb. Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi "Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının ekoloji Konsepsiyası”nı qeyd etmək olar. Konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapıb.

Demək olar ki, hazırda ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. Məsələn, ekoloji vəziyyətin sağlamlaşdırılması Bakı və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair bütün proqramlarda prioritet istiqamətlərdən biri kimi əksini tapır. Həmin proqramlar çərçivəsində Bakı şəhərinin və Abşeron yarımadasındakı yaşayış massivlərinin kanalizasiya şəbəkələri ilə təmin edilməsi, mövcud təmizləyici qurğuların yenidən qurulması və yeni təmizləyici qurğuların tikilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilməkdədir. 2011-ci ildə təsdiq edilən “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramı”nda da ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn layihələr, o cümlədən paytaxt ətrafındakı neft və çirkab suları ilə çirklənmiş göllərin təmizlənməsi, qurudulması məsələləri əksini tapır. Azərbaycanın zəngin neft-qaz ehtiyatlarına malik olması baxımından ölkənin enerjiyə olan tələbatının ödənilməsi problemi mövcud deyil. Lakin ənənəvi enerji mənbələrindən istifadə ətraf mühitin çirklənməsi prosesi ilə müşaiyət olunur, ənənəvi enerji mənbələri olan karbohiderogen ehtiyatları dünyada tükənməz deyil və bunu nəzərə alan ölkə rəhbərliyi alternativ enerji mənbələrindən istifadəni gələcəyə hesablanmış strateji vəzifə kimi müəyyənləşdirib. Çünki Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir.

Digər tərəfdən, ekoloji vəziyyətin yaşıllaşdırılmasına dair qəbul edilmiş Kompleks Tədbirlər Planı bəhrəsini verməkdədir. Təbii ki, yaşıllaşdırma və yeni meşəsalma və bərpa işlərinin ardıcıl, sistemli şəkildə həyata keçirilməsi ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təbiətə qayğısı ilə bağlıdır. Ötən ilin dekabrında ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın təsəbbüsü ilə daha bir nəcib aksiyanın keçirilməsi və respublika ərazisində 650 mindən çox ağacın əkilməsi isə bunun bariz nümunəsidir.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.