Bu gün Azərbaycanda çoxuşaqlı ailələrə nadir hallarda rast gəlinir. Müasir ailələr, adətən, bir və ya iki uşaqla kifayətlənirlər. İndiki halda bu, ölkə üçün demoqrafik problem yaratmasa da, ekspertlər gələcəkdə müəyyən problemlərin ortaya çıxacağı qənaətindədirlər. Qeyd edək ki, Azərbaycanda 6 və daha çox uşağı olan ailələr hazırda çoxuşaqlı ailələr hesab olunur. Prezident İlham Əliyevin 13 yanvar 2023-cü ilil tarixli fərmanı ilə 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği müəyyən edilib. Fərmanda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manat müəyyən edilib.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Bakıda səfərdə olarkən maraqlı təkliflə çıxış edib. O bildirib ki, Azərbaycanda hər ailənin ən azı 5 uşağı olmalıdır: “Türkiyədə əhalinin artımı üçün bir ailədə azı 3 uşaq olmasını deyirdim, Azərbaycanda isə bir ailədə azı 5 uşaq olmalıdır. Bu olduqda, Azərbaycan daha da güclənəcək”.
Prezident İlham Əliyev isə türkiyəli həmkarının təklifinə gülümsəyərək reaksiya verib.
Ərdoğanın 5 uşaq təklifi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi insanlar güc baxımından əhalinin sayının çox olmasının tərəfdarı olduğunu bildirsə də, əksəriyyət indiki durumda çoxuşaqlı ailə modelinə keçidin ailələr üçün ciddi maddi sıxıntı yaradacağı qənaətindədir.
Məlumat üçün bildirək ki, bu gün dünyanın bir sıra ölkələrində ailələri daha çox uşaq dünyaya gətirməyə təşviq edən addımlar atılır. Məsələn, Rusiya, Ukrayna, Fransa, İsveç, Finlandiya, Çexiya kimi ölkələrdə çoxuşaqlı ailələrə təminatlarla bağlı müvafiq qanunlar qəbul olunub, Fransada 1921-ci ildən bəri “Böyük ailə“ adlı dövlət proqramı həyata keçirilir. Uşaqların yaşı 20-dən azdırsa və qeydiyyatdan keçmiş vergi ödəyicisisinizsə, uşaqlı ailə müavinətləri və imtiyazları mövcuddur. Birdəfəlik müavinətlər ilk doğuşdan başlayır və əkiz və ya üçəm uşaq dünyaya gətirsəniz belə, hər uşaq üçün ayrılıqda birdəfəlik 950 avro ödənilir. Əgər övladlığa götürürsünüzsə, bu ödəniş 1900 avroya qədər artır. Ancaq uzunmüddətli uşaq müavinəti yalnız iki uşağınız olarsa verilir. Yəni cəmi bir uşağınız varsa, üç yaşına kimi gəlirdən asılı olaraq 92 və ya 184 avro verilir. Ailə tərkibinizi artırmaq niyyətinə düşsəniz dövlət sizə hər ay uşaqlara görə dəstək göstərəcək.
Almaniya isə Avropada ən çox uşaqpulu ödəyən ölkələrdən biridir. Belə ki, ilk iki uşağa aylıq 219 avro, üçüncü uşağa 225 avro, dördüncü və sonrakı uşağa 250 avro aylıq müavinət verilir. Bəzi şərtlərə əməl edilsə valideynlərə vergidən azad uşaq müavinəti də verilə bilər. 2021-ci ildən etibarən bu müavinət evli cütlük üçün hər uşağa görə birdəfəlik 5,460 avro və ya uşağını tək böyüdən valideyn üçün birdəfəlik 4,095 avro müəyyən edilib. Valideynlərin uşaq baxımı üçün xərclədikləri məbləğ (ildə 4000 avroya qədər) və məktəb xərcləri (ildə 5000 avroya qədər) vergidən çıxılır. Uşaq müavinətinə əlavə olaraq, bəzi valideynlər hələ də valideyni ilə yaşayan 25 yaşınadək hər subay uşaq üçün ayda 205 avroya qədər əlavə uşaq müavinəti ala bilərlər. Almaniya dövləti birdən çox uşağı olanlar üçün “Ailə Təhlükəsizliyi” adlı bank hesabı açır və bütün müavinətləri buraya köçürür. Almaniyada uşaq və gənclər üçün təhsil və səhiyyə xidmətləri də pulsuzdur.
Avstriya dövləti uşaqlara göstərdiyi dəstəyə görə Avropada ikincidir. Bu ölkədə birinci uşağa aylıq 114-165 avro müavinət verilir. Uşaqların sayının artması ilə bir uşağa ödənilən yardımın məbləği də tədricən artır. 2 uşaqlı ailədə hər uşaq üçün ödənilən müavinət ayda 7 avro artırılır. Əgər ailədə 3 uşaq varsa əsas müavinət məbləği hər uşağa görə 17 avro artıq olur, müavinət müvafiq olaraq 4 uşaq üçün 26 avro, 5 uşaq üçün 31 avro, 6 uşaq üçün 35 avro və 7 uşaq üçün 50 avro olaraq artır. Eyni zamanda, ödənilən məbləğ uşaqların yaşına uyğun olaraq zamanla artır. Əgər uşağa 114 avro ödənilirsə, 3 yaşından 121 avro, 10 yaşından sonra 141 avro, 19 yaşından sonra isə 165 avro ödənilir. Əlil doğulan və ya sonradan əlil olan uşaqlar üçün əlavə 156 avro dövlət dəstəyi verilir.
Qonşu Rusiyada isə hamilə kimi qeydiyyata düşən qadına hamiləliyin 6-cı həftəsindən doğuşadək aylıq 6.350 rubl (140 AZN) pul ödənilir. Doğuşdan sonra uşaq 3 yaşına çatanadək ayda 11.300 rubl (250 AZN), 3-dən 7 yaşına kimi hər ay 8.475 rubl (187 AZN), 16 yaşına kimi isə ayda 5.650 rubl (125 AZN) uşaqpulu ödənilir. Bundan əlavə doğulan hər vətəndaşı üçün dövlət 450. 000 rubl (10.000 AZN) dəyərində sertifikat verir, bu məbləği valideyn əmlaka yatıra bilər, ipoteka ilə ev alanda ilkin ödəniş kimi verə bilər. 3-cü uşaq üçün isə torpaq sahəsi və yaxud ev verilir. Uşaqların 1 yaşına kimi əlavə qidası, bezi, meyvə püreləri, südü hər ay dövlət tərəfindən verilir.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu da Türkiyə Prezidentinin təklifini dəstəklədiyini bəyan edib. Onun sözlərinə görə, bu əhalinin sayının artırılması baxımından vacibdir: “Mən son 30 ildir ki, bu məsələ ilə bağlı danışıram. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyevin əhalinin sayı ilə bağlı dialoqunu dinləyəndə çox sevindim. Ərdoğanın belə fikir irəli sürməsi onun çox ağıllı adam olduğunu göstərir. İndiki dövrdə hər bir ölkənin müasir texnikalardan da güclü silahı keyfiyyətli, ağıllı əhalisinin olmasıdır. Məsələn, İkinci Dünya Müharibəsindən sonra Yaponiya nə vəziyyətdə idi. Lakin 20 il müddətində qabaqcıl ölkələr sırasına çıxdı. Yaponlar o zaman savadlı, keyfiyyətli nəsil yetişdirməkdən başqa heç bir imkanlarının olmadıqlarını başa düşdülər. Onların faydalı qazıntıları, təbii resursları yox idi. Yaponiya hökuməti ciddi fəaliyyət proqramı qurdu ki, ölkədə keyfiyyətli əhalinin sayını çoxaltsınlar. Bu dəqiqə əhalinin davranışlarına, çalışqanlığına nəzər yetirdikdə demək olar ki, əksər dünya dövlətləri Yaponiyaya həsəd aparır. Ona görə də Ərdoğan 3 və ya 5 uşaq deyəndə, burada ölkəyə faydalı vətəndaşlardan söhbət gedir. Hər ailədə 3-5 uşaq ola bilər. Ancaq onlar savadsız böyüdülsə, tərbiyəsi lazım olan səviyyədə formalaşmasa, böyüyəndə yarısı xuliqan, yarısı narkaman ola bilər. Əhali keyfiyyətli olanda bəzən yüzlərlə raketin edə bilmədiyi işləri bir nəfər həll edə bilir. Görürük ki, savadlı insanlarımız, kadrlarımız əlində yaxşı mövqe olanda ölkə üçün, xalq üçün nələr edə bilir. Azərbaycan Nizamilər, onlarla alimlər yetişdirən ölkədir".
Sosioloq vurğulayıb ki, o, həmişə ölkədə hər ailənin ən azı 3 uşaq böyütməsini təbliğ edib: “Ailədə bir uşaq olanda o, eqoist böyüyür. Evdə uşaq mühiti olmur. Onun ən yaxın həmsöhbəti nənəsi, babası, atası və anası olur. İki uşaq olanda aralarında münaqişə olur. Ailədə bir və ya iki uşağın olması əhalinin sayının azalmasına da səbəb olur. Xeyli ailə var ki, onların uşağı olmur. Əhalinin sayı azalanda ölkəyə miqrantların gəlməsi zərurəti yaranır. Nəticədə etnik tərkib dəyişir. Ölkənin, xalqın mənəvi dəyərlərində dəyişikliklər baş verir. 3 uşaq olanda evdə onlar üçün yaxşı mühit formalaşır. Həm də ölkədə əhalinin sayı lazımı qədər tənzimlənir. Mən də ailədə azı 3 uşağın olmasının tərəfdarıyam. Təbii ki, hər ailədə azı 3 uşağın olması üçün xüsusi elmi konsepsiyanın işlənib hazırlanmasına ehtiyac var. Açığını desəm, bu gün nə Azərbaycan əhalisi, nə də hökumət qurumları buna hazırdır. Üç uşaq təkcə valideynlərin deyil, dövlətindir. O uşaqlar böyüyüb ordu sıralarında olacaq, Vətən uğrunda vuruşacaq, ölkənin inkişafı üçün çalışacaq. Hesab edirəm ki, ən azı, 3 uşaqlı ailələrin olması üçün şərait yaratmaq dövlətin borcudur. Bütün yük ailənin üzərinə düşməməlidir. Bölgələrin inkişafı ilə bağlı layihələr hazırlayırıq. Bunun nəticəsi olaraq regionlarımız inkişaf edir. Sosial məsələlər və əhalinin inkişafı ilə bağlı belə proqramlara ehtiyac var. Biz yaxın vaxtlarda 3 uşaq modelinə keçməyə hazırlaşmalıyıq. Sonra Ərdoğanın dediyi kimi, 5 uşaq modelinə keçməliyik".
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov isə vurğulayıb ki, əhalinin artımı ÜDM artımı ilə müşahidə edilməyəndə problemlər ortaya çıxır: “ Rəcəb Tayyib Ərdoğan hər Azərbaycan ailəsi üçün 5 uşaq deyib. Bu Azərbaycan xalqı üçün faydalıdır mı? Sayımız 7 milyon olanda Azərbaycanın vahid torpaq fondunda təxminən 4 milyon 600 min hektar kənd təsərrüfatına yararlı torpağımız vardı. Bu gün sayımız 10 milyon olub, torpaq isə artmayıb, həmin torpaqdır. Hələ, zəbt edilib, şəxsi mülkiyyətə çevrilənləri nəzərə alsaq, praktik istifadə üçün azalma var. Su ehtiyatlarımız da bərbaddır, getdikcə azalır. Hər ailədə 1-2 uşağın doğulduğu halda ərzaq tədarükündə ciddi şəkildə idxaldan asılılığımız var. İndi təsəvvür edək ki hər ailədə 5 uşaq doğuldu. İllər sonra bunun yaradacağı təzyiqi təsəvvür etmək belə çətindir. Bir onu deyim ki, əhalinin artımı ÜDM artımı ilə müşahidə edilməyəndə (mütənasiblik sinxronlaşmayanda) Afrikada yavan çörəyə möhtac olan ölkələrin aqibəti yaşanır”.