Ermənistan Azərbaycana qarşı işğalçı, məkrli siyasətini təkcə Azərbaycan sərhədləri daxilində deyil, həm də dünyada kök salan erməni lobbisi və diasporlarının haqsız informasiya müharibəsi ilə də davam etdirir. Erməni lobbisi Azərbaycan – Ermənistan müharibəsi haqqında həqiqətləri verən, obyektiv məlumat yayan, hətta neytral, balanslı mövqe nümayiş etdirən siyasətçiləri, ictimai fəalları, jurnalistləri hədəfə götürüb. Gəncədə sivil insanların raket hücumuna məruz qalması ilə bağlı reportaj hazırlayan Fransanın “TF-1” telekanalının jurnalistinə edilən hücumlar, eləcə də “New York Times” və digərlərinə qarşı keçirilən erməni etiraz aksiyaları buna sübutdur. Erməni lobbisinin, diasporasının bütün dünyada müstəqil medianı susdurmaq cəhdləri nəyə yönəlikdir və beynəlxalq hüquqla hansı addımlar atılmalıdır?
Bu barədə hafta.az-a açıqlama verən politoloq Elçin Mirzəbəyli bildirir ki, erməni diaspora və lobbisinin həqiqəti boğan çıxışları yeni deyildir. Onun fikrincə, belə təzyiqlərə qarşı, ilk növbədə, həmin ölkələrin qanunları və jurnalistlərin işlədiyi şirkətlərin reaksiya verməsi lazımdır. E.Mirzəbəyli hesab edir ki, bu hal təkcə beynəlxalq hüquq normalarında deyil, eyni zamanda, bütün dövlətlərin konstitusiyalarında söz və fikir azadlıqlarının qorunması kimi qəbul edilir.
“Avropanın aparıcı dövlətlərinin öz vətəndaşları olan jurnalistlərə edilən təzyiqlərə qarşı reaksiya göstərməməsi, insan hüquq və azadlıqlarına gerçək münasibətlərinin göstəricisidir. Bu, sübuta yetirir ki, öz vətəndaşının hüquqlarını müdafiə etməyən hökumətlər heç bir halda beynəlxalq hüquq prinsiplərinin digər ölkələrdə yerinə yetirilməsi ilə bağlı iddia ilə çıxış edə bilməzlər”.
E.Mirzəbəyli bildirir ki, Azərbaycanda belə məqamlara qarşı əksreaksiyalar verilir. Belə ki, Azərbaycanın jurnalist təşkilatları, eyni zamanda, Mətbuat Şurası bununla bağlı ayrı-ayrı beynəlxalq təşkilatlara, beynəlxalq hüquq institutlarına müxtəlif məlumatlar, müraciətlər göndərir və mümkün qədər bu prosesi aktiv şəkildə gündəmdə saxlamağa çalışırlar. Bu müraciətlərə hansı formada reaksiyanın veriləcəyi və nəticənin nədən ibarət olacağını söyləmək isə çox çətindir.
Politoloq bildirir ki, bu prosesdə, eyni zamanda, Türkiyə mediasının, jurnalist təşkilatlarının da fəal şəkildə iştirak etdiyini vurğulamaq lazımdır. Həmçinin faktlarla bağlı beynəlxalq jurnalist təşkilatlarını, insan hüquqlarını müdafiə qurumlarını da reaksiya verməyə çağırıblar:
“Təbii ki, həqiqəti söyləyən jurnalistə edilən etirazlar söz və mətbuat azadlığı kimi fundamental azadlıqların pozulmasına zəmin yaradır. Son nəticədə reaksiya verən tərəf həmin təşkilatlar hüquq və azadlıqarın pozulduğu ölkələrdir. Bu ölkələrin siyasi, məhkəmə hakimiyyətləri məsələyə ciddi reaksiya verməlidirlər. Ən nəhayətdə isə hüquqları pozulan jurnalistlər məhkəməyə müraciət etməidirlər”.