Şüalanma şübhəsi olduqda bunları edin!

15:25 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əhalinin radiasiyadan mühafizəsinin təmin edilməsi və mümkün radioloji risklərin vaxtında aşkar olunması məqsədilə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Radiasiya gigiyenası bölməsinə daxil olan müraciətlər operativ qaydada araşdırılır. Bu prosesin əsas məqsədi mümkün radioloji təhlükələrin vaxtında müəyyən edilməsi və əhalinin radiasiya təhlükəsizliyinin təmin olunmasıdır.

Hafta.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Radiasiya gigiyenası bölməsinin müdiri İlham Qarayev deyib.

Onun sözlərinə görə, vətəndaşlardan, müəssisələrdən və ya dövlət qurumlarından daxil olan radiasiya ilə bağlı müraciətlər – məsələn, yaşayış binasının yaxınlığında və ya zirzəmisində şüalanma şübhəsi, ərazi və torpaq sahələrində radiasiyanın mövcudluğu ehtimalı və digər oxşar hallar xüsusi prosedur əsasında araşdırılır.

"Daxil olan hər bir müraciət ilk növbədə qeydiyyata alınır. Daha sonra müraciətçi ilə əlaqə saxlanılaraq hadisə barədə ətraflı məlumat toplanır və bölmənin mütəxəssisləri tərəfindən ilkin qiymətləndirmə aparılır. Müraciətin mahiyyəti və ehtimal olunan şüalanma mənbəyi barədə zəruri məlumatlar əldə edildikdən sonra münasib vaxt müəyyən olunaraq hadisə yerində baxış və radioloji monitorinq həyata keçirilir. Zərurət yarandıqda instrumental ölçmələr aparılır, torpaq, su və ya hava nümunələri götürülərək laborator müayinələrə təqdim edilir. Nümunələr mərkəzin akkreditasiyadan keçmiş radioloji laboratoriyasında spektrometrik və radiometrik üsullarla analiz olunur, radionuklidlərin tərkibi müəyyən edilir",- deyə bölmə müdiri bildirib.

İlham Qarayev vurğulayıb ki, araşdırma yekunlaşdıqdan sonra müraciət edən şəxsə laborator müayinələrin nəticələrini əks etdirən protokol və mütəxəssis rəyi təqdim olunur:

"Bu proses tam şəffaf şəkildə və dövlət tərəfindən təsdiq edilmiş metodikalar əsasında həyata keçirilir. Görülən işlər yalnız daxil olan müraciətlərin araşdırılması ilə məhdudlaşmır. Eyni zamanda, ətraf mühitdə radioloji vəziyyətin davamlı monitorinqinə, mümkün radioaktiv çirklənmə hallarının vaxtında aşkarlanmasına və əhalinin radiasiya təhlükəsizliyinin təmin olunmasına xidmət edir".