Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində onlayn növbə sisteminin növbəti inkişaf mərhələsi üzrə proqram təminatının yenilənməsi həyata keçirilir. Yenilik çərçivəsində onlayn növbə ilə qeydiyyatdan keçən vətəndaşların qeydiyyat masasına yaxınlaşmadan birbaşa həkim qəbuluna yönləndirilməsi nəzərdə tutulur.
Bu barədə Hafta.az-a sorğusuna cavab olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib. Bildirilib ki, bu funksionallığın cari ilin sonunadək tibb müəssisələrində mərhələli şəkildə tətbiqi planlaşdırılır. Əsas məqsəd qəbul prosesini maksimum dərəcədə optimallaşdırmaq, əlavə prosedurları azaltmaq və vətəndaşların gözləmə müddətini qısaltmaqdır.
“Vətəndaşlar üçün daha rahat və operativ xidmət modelinin formalaşdırılması TƏBİB-in prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə rəqəmsal həllərin tətbiqi ardıcıl şəkildə genişləndirilir, xidmət proseslərinin səmərəliləşdirilməsi və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində işlər davam etdirilir”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, onlayn növbə sistemi artıq beş tibb müəssisəsində - Yeni Klinika, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Nizami Tibb Mərkəzi və Xətai Tibb Mərkəzində tətbiq olunub.