Bu gün 30 ilə yaxın müddətdə erməni işğalı altında qalmış, vəhşicəsinə dağıdılmış, talan edilmiş torpaqlarımızda sürətlə geniş quruculuq işləri gedir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti və himayəsi ilə dağıdılmış şəhərlərimiz və kəndlərimiz yenidən bərpa olunur. Təbii ki, bu, çox böyük zəhmət və maddiyat tələb edən prosesdir. Digər tərəfdən Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı Azərbaycan ərazisinə bir milyondan çox mina basdırıb.
Prezidenti İlham Əliyev Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında çıxışı zamanı qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Eyni zamanda, beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Hazırda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi həyata keçirilir. Təbii ki, dövlətimiz qüdrətlidir, vətəndaşlarımız normal həyat, rifah üçün hər şeylə təmin olunacaqlar. Ancaq bir məsələ var ki, bütün bu vəhşilikləri törətmiş, insanlarımızı qətl etmiş Ermənistan ölkəmizə vurduğu iqtisadi zərəri nə vaxt ödəyəcək?
Yeri gəlmişkən, Ermənistanın Azərbaycana vurduğu ziyanın ilkin məbləği məlumdur. Belə ki, Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə yaydığı məlumata əsasən, 1988-ci ildən indiyədək Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş cinayətlərin vurduğu ziyanın məbləği açıqlanıb. Rəsmi məlumatda bildirilib ki, Azərbaycan ərazilərinin (Qarabağ və Şərqi Zəngəzurun) Ermənistan tərəfindən işğalı nəticəsində 16,2 milyard manat məbləğində ziyan dəyib.
Dəyən ziyan Qarabağda və Şərqi Zəngəzurda faydalı qazıntı yataqlarından qanunsuz istifadə, eləcə də ekoloji terror nəticəsində qeydə alınıb. Bundan əlavə, brifinqdə diqqətə çatdırılıb ki, 6 şirkət işğal olunmuş ərazilərdə qanunsuz təsərrüfat fəaliyyəti həyata keçirərək Azərbaycana 306,8 milyon manat məbləğində ziyan vurub. Həmçinin qeyd olunub ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən 19 nəfər axtarışa verilib, habelə işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə bağlı 166 hüquqi şəxs barəsində 35 ölkəyə hüquqi müraciətlər göndərilib.
Maraqlıdır, beynəlxalq hüquq bu məsələ ilə bağlı Azərbaycana hansı imkanlar tanıyır? Ermənistanın Azərbaycana vurduğu ziyanı ona ödətdirmək mümkün olacaqmı? Bunun üçün Azərbaycan tərəfi hansı mexanizmdən istifadə etməlidir?
Məlumat üçün xatırladaq ki, reparasiya ilk dəfə Birinci Dünya Müharibəsi nəticəsində təyin olunub. Belə ki, 1919-cu ildə Almaniyanın və müttəfiqlərinin məsuliyyətini qeyd edən Versal Sülh Müqaviləsi bağlanıb və 269 milyard qızıl marka - təxminən, 100 min ton qızılın ekvivalentində təzminat miqdarı təyin olunub.
İkinci Dünya müharibəsində də Almaniya və müttəfiqlərinin üzərinə reparasiya yükü qoyulub. Bu qərar 1945-ci ildə Yalta Konfransında qəbul olunub. Nəticədə Almaniyadan SSRİ-yə təxminən 400 min dəmir yolu vaqonu yük, 2885 fabrik avadanlıqları, 96 elektrik stansiyası avadanlıqları, 340 min maşın, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş heyvan, 2,3 milyon ton taxıl, bir milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün göndərilib. Bundan başqa, Humboldt Universitetinin astronomik rəsədxanasından teleskoplar, Berlin metro vaqonları və kruiz laynerləri və digər texnoloji avadanlıqlar reparasiya məhsulu olaraq SSRİ-yə ödənildi. Almaniya tərəfindən digər ölkələrə də reparasiya ödənişi mərhələlərlə həyata keçirilib.
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib: “Ümumiyyətlə, dünya praktikasında müharibələrdən sonra təzminatın ödənilməsi ilə bağlı təcrübələr mövcuddur. Məsələn, Polşa İkinci Dünya müharibəsində Almaniyanın bu ölkəyə vurduğu zərərə görə təzminat tələbini rəsmiləşdirib. Dəymiş zərərin həcmi 1,3 trilyon avro olaraq müəyyən edilib. Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə də təzminatının ödənilməsinin tələb edilməsinə gəldikdə qeyd etmək istərdim ki, Polşanın müraciətindən əvvəl də dünya təcrübəsində oxşar nümunələr olub. Eyni zamanda, Körfəz Müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub”.
Millət vəkili vurğulayıb ki, Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: “Bu əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyandan ibarətdir. Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu du həmin ölkənin müharibədənəvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur.
Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək, işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququna malikdir. Təzminatın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə qərarı çıxarılandan və ya beynəlxalq qətnamələr qəbul olunduqdan sonra hətta kasıb ölkələr belə o vəsaiti tam və ya qismən ödəyiblər. Beynəlxalq hüquq məhz bunu tələb edir”.
Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Ermənistan bu təzminatı ödəməlidir və ödəyəcək: “Hesab edirəm ki, bu qədər vəsaitin hesablanması müvafiq araşdırmalardan sonra müəyyənləşib. Burada söhbət hələ ki, Azərbaycana dəyən ilkin maddi ziyandan gedir. Düşünürəm ki, Azərbaycan zamanla bütün məqsədlərinə nail olduğu kimi bu məqsədinə və hədəfinə də mütləq nail olacaq. Ermənistan bu təzminatı ödəməlidir və ödəyəcək. Bunun üçün Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edib və beynəlxalq məhkəmələr də bu məsələdə fəal rol oynayacaqlar. Eyni zamanda, Azərbaycan bu məsələdə Ermənistana təzyiqləri artıracaq. Hesab eidirəm ki, Ermənistan mütləq bu zərərin və ziyanın qarşılığını ödəməlidir. Bunun üçün Azərbaycanın kifayət qədər imkanları var. Azərbaycanın bu istiqamətdə doğru addımları atır və hər zaman da atacaq. Bu məsələdə hesab edirəm ki, gələcəkdə vətəndaşlarımız da aktiv olmalıdırlar. Biz Ermənistandan mütləq bunun hesabatını istəməliyik və Azərbaycana vurulan ziyanı da mütləq alacağıq”.
Mövzu ilə bağlı hafta.az-a danışan millət vəkili Müşfiq Cəfərov bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərində ermənilər ağılasığmaz əməllər törədiblər: “Ermənilər işğal altındakı ərazilərimizdə kütləvi olaraq mədəni irsimizi məhv edib, yaşayış yerlərimizi talayıblar. Bu gün Qarabağda quruculluq işləriylə yanaşı maddi ziyanda hesablanır. Lakin elə mədəniyyət nümunələri məhv edilib ki, onların dəyərinin hesablanması mümkün deyil. Ermənistan Azərbaycanın yalnız 20 faiz torpağını işğal etməyib, həmçinin, bu ərazilərdə olan milli mədəniyyət abidələrini məhv edib.
Qeyd edək ki, işğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşnalığı, tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına, 1992-ci Avropa Konvensiyasına, UNESCO-nun 1972-ci il Konvesiyasına ziddir. Ermənistanın Qarabağı işğal etməklə dövlətimizə vurduğu maddi ziyan tam şəkildə hesablamaq mümkün olmasa da, ilkin bir rəqəm əldə olunub. Dünya tarixinə nəzər salsaq görərik ki, baş vermis bəzi müharibələrdən sonra kompensasiya, reparasiya və digər təzminat növləri ilə bağlı müxtəlif təcrübələr olub.
Misal olaraq deyə bilərəm ki, İraq-Küveyt arasında olan Körfəz müharibəsi bitəndən sonra tərəflərin bir birinə vurduğu ziyanın ödənilməsi üçün BMT tərəfindən komissiya yaradılmışdır.Həmçinin İkinci dünya müharibəsindən sonrakı dövrdə də fərqli təzminat nümunələri olub.
Bu gün Azərbaycan və Ermənistan arasında da belə bir beynəlxalq kommissiya yaradıla bilər. Lakin bizim ilk olaraq görməli olduğumuz iş bundan ibarətdir ki, bu ziyanın həcmi və miqyası barədə beynəlxalq birliklərə məlumat ötürmək, həmçinin bu barədə beynəlxalq sənədin qəbul olunmasını təmin etməkdir. Bundan sonra artıq digər məsələlər barədə razılıq əldə oluna bilər”.