Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində ermənilərin törətdikləri terror, kütləvi qırğınların qurbanı olub. Belə ki, erməni silahlı birləşmələri 30 ilə yaxın işğal altında saxladıqları Qarabağın şəhər və kəndlərində, eləcə də digər bölgələrdə onlarca qırğınlar, terror hadisələri törətmişlər. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Terrorçu ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, şəhər və kəndlərimizi xarabalığa çevirmişlər. XX əsrin Xocalı faciəsi isə bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan soyqırımı aktıdır. Bu, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Ermənilər 44 günlük Vətən müharibəsi dövründə də öz terrorçu əməllərindən əl çəkmədilər və müharibə zonasından kənar əraziləri hədəf seçməklə çoxlu sayda mülki əhalinin həyatını itirməsinə səbəb oldular. 2020-ci il Vətən müharibəsi dövründə oktyabr ayında Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən ayrı-ayrı zamanlarda bombalandı. İlk hücum oktyabrın 4-də baş verdi, nəticədə bir mülki şəxs şəhid oldu, 30-dan çox mülki şəxs ağır və yüngül dərəcəli bədən xəsarəti aldı. Bu raket hücumu Dağlıq Qarabağ bölgəsindən, müharibə zonasından kənarda edilən ilk ciddi hücum idi. Oktyabrın 5-də ikinci, oktyabrın 8-də isə Gəncəyə üçüncü raket hücumu baş verdi. Aralarında uşaq da olmaqla 27 nəfər insan həyatını itirdi, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, çoxlu sayda insanın evi yerlə-yeksan oldu.
2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak oldu, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.
Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları və etnik təmizləmə kimi cinayətlər faktlarla öz təsdiqini tapsa da, bu günə kimi rəsmi İrəvan sözügedən məsələ ilə bağlı hər hansı bir addım atmaqda maraqlı kimi görünmür.
Ümumiyyətlə isə Ermənistanın təkcə 1988-ci ildən bugünədək azərbaycanlılara qarşı törətdiyi terror hadisələri nəticəsində 1105 nəfər həlak olub, 1180-dən çox adam yaralanıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərovun sözlərinə görə, 1988-ci ilin fevral ayından etibarən Ermənistan SSR-nin Azərbaycan SSR-yə, 1991-ci ildə müstəqilliyin bərpasından sonra isə Ermənistanın Azərbaycana ərazi iddiaları və hərbi müdaxiləsi nəticəsində son 34 il ərzində Azərbaycan dövlətinə, xalqına və vətəndaşlarına qarşı çoxsaylı sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilib: "Bu cinayətlərin hər biri prokurorluq orqanları tərəfindən araşdırılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, sübutlar toplanılıb, cinayət törətmiş şəxslərin bir qismi müəyyən edilməklə məhkəmə məsuliyyətinə verilib, barələrində ədalətli məhkəmə hökmləri çıxarılıb. Eyni zamanda cinayət törətmiş bir sıra şəxslər barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında qərarlar qəbul edilməklə onların beynəlxalq axtarışa verilməsi təmin edilmiş, həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində ardıcıl işlərin görülməsi davam etdirilir. Erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayət hadisələri bir neçə istiqamətdə təsnifatlaşdırıla bilər ki, burada da kütləvi insan tələfatları ilə nəticələnən terror hadisələri xüsusi qeyd edilməlidir".
İ.Səfərov söyləyib ki, 1988-94-cü illərdə azərbaycanlı mülki əhali hədəf alınmaqla törədilən 38 terror hücumu zamanı 10 sərnişin avtobusu, 11 minik avtomobili, 1 minik avtomobili karvanı, 2 yük avtomobili, 6 sərnişin qatarı, 2 metro qatarı, 2 helikopter, 1 təyyarə və 1 dəniz bərəsində törədilən partlayışlarda 1105 nəfər həlak olub, 1180-dən çox adam yaralanıb: “Həmin terror hücumlarından biri zamanı 20.11.1991-ci il tarixdə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycana məxsus Mİ-8 markalı hərbi helikopterin vurulması nəticədə Azərbaycanın Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olmaqla ümumilikdə 22 nəfər qətlə yetirilib. Hətta 18 mart 1994-cü il tarixdə Xankəndi şəhəri yaxınlığında Azərbaycana məxsus olduğunu güman edildiyi üçün İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarənin vurulması ilə 34 diplomat və ailə üzvləri həlak olub”.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, Ermənistan siyasi-hərbi rəhbərliyinin 1990-cı illərdən bugünədək Azərbaycan ərazisində və azərbaycanlılara qarşı törətdikləri cinayətkar əməllər barədə bütün sənədlər məhkəmə predmetidir: “Ermənistanın siyasi-hərbi rəhbərliyi 1990-cı illərdən başlayaraq, Qarabağ müharibəsinin aktiv fazası olan 1991-93-cü illər ərzində, həmçinin atəşkəs dövründə, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın mülki əhalisi, mülki obyektlərinə qarşı cinayətlər törədib. Bütün işğal müddəti ərzində həm Ermənistan rəhbərliyi, həm də Qarabağdakı qondarma, separatçı rejim işğal altındakı ərazilərdə təbiətə qarşı soyqırım həyata keçirib, Azərbaycanın təbii ehtiyatlarını, milli-mədəniyyət nümunələrini, tarixi abidələrini məhv ediblər. Bütün bunlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət materialları toplanıb. Baş Prokurorluq bu barədə dəfələrlə bəyanat verib. Bütün bunlar Ermənistan siyasi və hərbi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün real faktlar, sübutlardır və hamısı da məhkəmə predmetidir. Bu sənədlər həm Azərbaycan daxilində cinayətkarların mühakimə olunması, həm də beynəlxalq məhkəməyə çəkilmələri üçün yetərlidir”.
Ə.Nuriyev vurğulayıb ki, Vətən müharibəsi dövründə Ermənistanın Gəncədə, Bərdədə mülki vətəndaşları hədəf alması, yaşayış binalarını bombalaması insanlıq əlehinə, bəşəriyyətə qarşı olan qatı cinayətdir və Cenevrə Konvensiyasında qəbul olunmaz əməl sayılır: “Cenevrə Konvensiyası mühribə dövründə, hətta müharibə zonasında yerləşən mülki obyektlərə və mükli vətəndaşlara hər hansı bir ziyanın vurulmasını qadağan edir. Cenevrə Konvensiyasi eləcə də uzaq məsafəyə vuran raketlərdən istifadə edilməsini qəbul etmir və bunu insanlıq əleyhinə cinayətlər siyahısına daxil edib. Lakin Gəncə müharibə zonasından çox uzaqda olsa da, bu şəhərdən hər hansı bir formada müharibə ərazisinə hər hansı bir silahdan istifadə edilməsə də, Ermənistan tərəfindən raket hədəfinə alındı. Azərbaycan Respublikası Prokurorluğu həmin cinayətə dair cinayət işi qaldırıb. Dünya gördü ki, erməni faşistləri bu terroru Ermənistanın siyasi və hərbi rəhbərliyinin qərarı ilə həyata keçirib. Erməni cinayətkarları Gəncədən sonra Bərdəyə də qadağan olunmuş uzaqmənzilli raketlər atdılar. Tərtər bombalandı. Bu, kütləvi insan tələfatına gətirib çıxardı. Azərbaycan tərəfi Ermənistanın bu cinayətləri ilə bağlı müvafiq sənədlər, hesabtlar hazırlayıb dünya ictimaiyyətinə təqdim edib. Bununla bağlı Beynəlxalq Məhkəməyə də müraciət olunub. Lakin dünyanın nüfuzlu dairələri hələ ki, cinayətkarı məhkəməyə çəkməklə bağlı qəti addımlar atmır. Sadəcə təəssüflərini bildirməklə kifayətlənirlər. Halbuki, bu bəşəriyyətə qarşı edilmiş cinayətdir”.
Hüquqşünas qeyd edib ki, Azərbaycan vətəndaşları özləri də beynəlxalq məhkəməyə müraciət edə bilər: “Azərbaycan vətəndaşları fərdi qaydada beynəlxalq məhkəməyə müraciət etməli və Ermənistan dövlətindən kompensasiya tələb etməlidirlər. Çünki insanların beynəlxalq konvensiyalarla təsbit edilmiş hüquqları pozulub. İnsanların həyatına, mülkiyyət hüquqlarına təcavüz edilib. Hətta hesab edirəm ki, Ermənistanın cinayətləri ilə bağlı BMT-də müvafiq tribunal yaradılmalıdır, separatçı rejiminn rəhbərləri bəşəriyyətə qarşı törətdikləri cinayətə görə BMT tribunalı qarşısında cavab verməlidirlər”.