Fələstin Dövləti İsrailin “A” planını pisləyir

11:10 02.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fələstin Dövləti İsrailin terrorçu məskunlaşmaçı milisləri və təşkilatları, o cümlədən “Məskunlaşma Təsərrüfatları İttifaqı” adlandırılan qurum tərəfindən həyata keçirilən və İsrail işğal hökumətinin nazirləri tərəfindən dəstəklənən təhlükəli məskunlaşma planını ən sərt ifadələrlə pisləyir.

Hafta.az yazır ki, bu barədə Fələstinin Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara əsasən, bu plan işğal altında olan İordan çayının Qərb sahilində “A” kateqoriyasına aid edilən ərazilər daxilində təxminən 100 məntəqədə məskunlaşma ocaqlarının yaradılmasını və möhkəmləndirilməsini hədəfləyir. Bu plan beynəlxalq hüququn və imzalanmış sazişlərin kobud şəkildə pozulmasıdır, işğal olunmuş Fələstin torpaqlarında zor gücünə yeni müstəmləkəçilik reallıqları yaratmağa, təhlükəsizlik və sabitliyin əsaslarını sarsıtmağa, iki dövlətli həllin həyata keçirilməsi imkanlarını məhv etməyə yönəlmiş sistemli müharibə cinayəti səviyyəsinə çatır.

Fələstin Dövləti bir daha vurğulayır ki, İsrailin, Şərqi Qüds də daxil olmaqla, işğal olunmuş Fələstin torpaqlarının heç bir hissəsi üzərində suverenliyi yoxdur. İsrail işğalı və müstəmləkəçi məskunlaşmanın bütün formaları beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə və beynəlxalq konsensusa əsasən qeyri-qanuni və etibarsızdır. Həmçinin vurğulanır ki, İsrailin qeyri-qanuni işğalının və müstəmləkəçi məskunlaşma sisteminin davam etməsi Fələstin xalqının əzablarının əsas səbəbi və regionda təhlükəsizlik, sülh və sabitliyin təmin olunmasının başlıca maneəsidir. İsrailin məsuliyyətdən və cavabdehlikdən yayınmasının davam etməsi onu pozuntu və cinayətlərini davam etdirməyə təşviq edir.

Fələstin Dövləti beynəlxalq ictimaiyyəti, Birləşmiş Millətlər Təşkilatını, o cümlədən Təhlükəsizlik Şurasını müstəmləkəçi məskunlaşmanı dayandırmaq üçün praktiki, təxirəsalınmaz və çəkindirici tədbirlər görməyə çağırır. O, işğalçı dövlət olan İsrailin beynəlxalq hüquqa və beynəlxalq legitimlik qərarlarına əməl etməyə, Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi tövsiyə xarakterli rəyi icra etməyə, bütün müstəmləkəçilik planlarından geri çəkilməyə və imzalanmış sazişlərə riayət etməyə məcbur edilməsini tələb edir. Bu tədbirlər İsrail işğalına son qoyulmasını və paytaxtı Şərqi Qüds olmaqla, 4 iyun 1967-ci il sərhədləri daxilində müstəqil və suveren Fələstin Dövlətinin yaradılmasını təmin etməlidir.