İrəvanda mətbuata açıqlama verən Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib ki, “Fransa müdafiəsini təmin edə bilməsi üçün Ermənistana hərbi texnika tədarükünü təmin edəcək gələcək müqavilələrin imzalanmasını təsdiqləyib”.
Hafta.az-ın yazdığına görə, fransalı nazir hərbi texnikanın məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb, lakin qeyd edib ki, Paris bu sahədə “hər iki tərəfin məsuliyyəti ruhunda və heç bir eskalasiya olmadan” hərəkət edəcək.
Nazir Kolonna düşmən xislətinə sadiq qalaraq iddia edib ki, guya Azərbaycanın həm neft gəlirləri hesabına, həm də Türkiyənin dəstəyi ilə daim silahlanır.
Kolonna açıqlamasında ölkəsinin “Ermənistanın suverenliyi və ərazi bütövlüyündən narahat olduğunu”, buna görə də İrəvanla “həmrəylik” nümayiş etdirəcəyini bildirib.
Onların rəsmi görüşündən sonra xarici işlər naziri Kolonna Ermənistanın səhiyyə naziri Anahit Avanesyanla birlikdə Qarabağdan Ermənistana köçmüş ermənilərlə görüşüb.
Kolonna burada verdiyi bəyanatda ölkəsinin Qarabağdan olan qaçqınlar üçün 12,5 milyon avroluq humanitar yardım göstərəcəyini bildirib.